SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Litva və Azərbaycan strateji tərəfdaşlardırlar

Litva və Azərbaycan strateji tərəfdaşlardırlar

Tarix:

24-05-2023, 13:00

/ 328 dəfə oxundu.
Litva və Azərbaycan strateji tərəfdaşlardırlar

 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 21-də Litvaya rəsmi səfəri hər iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi işlərində mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində prezidentlərin məhdud və geniş tərkibdə görüşlərinin keçirilməsi, əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanması  iki ölkənin münasibətlərinin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.
Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir.  Hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşıb. 
Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb. Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb.  
Onu da qeyd edək ki, Litva Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə fəal töhfə verən ölkələrdən biridir. Ölkəmizlə qurum, həmçinin üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Litva Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında mühüm rol oynayır.  Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki,  ötən il Prezident Gitanas  Nauseda Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu sənəd uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.
Səfər çərçivəsində, həmçinin  Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparıldı. Hazırkı dövrün əsas çağırışlarından biri bərpa olunan enerji mənbələrinə  investisiyaların yatırılmasıdır. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın bu sahədə mövcud imkanları barədə  geniş məlumat verir.
Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq. Onu da qeyd edək ki, Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir. 2007-2022-ci illərdə Litva Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edib və onlardan 17-də qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.
İki ölkənin iqtisadi münasibətlərinə gəldikdə isə  2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon dollar olub. Azərbaycanda xüsusilə nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində Litva investisiyalı 20 kommersiya qurumu fəaliyyət göstərir. Ümumilikdə Azərbaycandan Litvaya 36 milyon  dollar məbləğində sərmayə qoyulub.
Göründüyü kimi, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, investisiya yatıran ölkə kimi nüfuz qazanıb. Bu mühüm amil də ölkəmizin iqtisadi imkanlarının genişliyini təsdiqləyir. Azərbaycan və Litva prezidentlərinin keçirilən görüşündə, mətbuata bəyanatlarında da bu məsələlər diqqətdə oldu. 
Səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişafında yeni bir mərhələyə yol açır. Belə ki, Prezident İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimində bir sıra əhəmiyyətli sənədlər imzalandı və hər bir sənəd ikitərəfli münasibətlərdə yeni bir səhifədir.
 
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
 
 

Şərhlər

XƏBƏR LENTİ