SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Müttəfiqlik xarakterli əlaqələr

Müttəfiqlik xarakterli əlaqələr

Tarix:

19-03-2023, 12:30

/ 334 dəfə oxundu.
Müttəfiqlik xarakterli əlaqələr

 
Bu il mart ayının 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir çox dünya ölkələrinində maraqla izlənildi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Ankara Sammitinin məqsədi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir. Eyni zamanda, ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Cümhuriyyəti ilk dəfə sözügedən Zirvə görüşündə iştirak edib ki, bu da böyük əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Avropadan uzaq Şərqə qədər təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması da simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Bu, sadəcə, ad dəyişməsi deyil, həm də inkişaf vektorunun yenilənməsidir.
Türk İnvestisiya Fondunun yaradılması məsələsi Zirvə görüşündə yüksək dəyərləndirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən toplantıdan sonra keçirdiyi mətbuat konfransında bu Fondun təsis müqaviləsinin imzalanmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Fondun Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirəcəyinə əminliyini diqqətə çatdıraraq, bərabər sərmayə töhfəsi və Türk dünyasında bərabər səs hüququ əsasında yaradılacaq bu quruma İstanbulun ev sahibliyi edəcəyini söyləyib.
Qeyd edilməlidir ki, Türk İnvestisiya Fondunun ilkin kapitalının 450 milyon dollar təşkil edəcəyi gözlənilir. Bir il ərzində isə bu rəqəmin bir milyard dollara çatdırılması planlaşdırılır. Fondun büdcəsinin isə dövlət vəsaitləri və maliyyə təşkilatlarının vəsaitləri hesabına formalaşacağı nəzərdə tutulur.
Prezident İlham Əliyev sammitdə işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, bu prosesdə dost, qardaş ölkələrin fəal iştirakından məmnunluğunu ifadə edərək deyib: “Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur”.
Dövlətimizin başçısı çıxışında işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də minnətdarlığını bildirib.
 
Metin Hüseynov 
Siyasi şəhrçi
 
 

Şərhlər

XƏBƏR LENTİ