SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » DƏRYAZ-20

DƏRYAZ-20

Tarix:

6-03-2023, 14:09

/ 466 dəfə oxundu.
DƏRYAZ-20

Tərəqqipərvər kütləvi informasiya vasitəsi olan “Dəryaz” satira və yumor qəzetinin gözləriniz önündə olan bu sayı dərgimizin 20 yaşına həsr olunub. 2003-cü ilin noyabr ayında rəsmi qeydiyyata alınan “Dəryaz” qəzetinin ilk sayı 2004-cü ilin fevral ayında işıq üzü görüb. Kollektivi saf əqidəli, sağlam düşüncəli ziyalılardan, peşəkar, həqiqətpərəst jurnalistlərdən, iti müşahidə qabiliyyətli yumoristlərdən, istedadlı karikaturaçı rəssamlardan formalaşan “Dəryaz” elə ilk nəşrlərindən oxucuların qəlbinə yol tapa bilib, öz səviyyəsinə, oxunaqlığına, səhifələrində cəmiyyətin aktual problemlərinə yer verdiyinə görə dövrünün analoji dərgiləri olan məşhur “Molla Nəsrəddin”, “Kirpi” jurnalları ilə müqayisə müstəvisinə gəlib. “Dəryaz” eyni zamanda qardaş Türkiyədə nəşr olunan eyni profilli “Tırpan” satira jurnalı ilə əməkdaşlıq münasibətləri qurub, qarşıllıqlı əlaqələrini inkişaf etdirib.

Qəzetin işgüzar və həm də təşəbbüskar kollektivinin təşkilatçılığı ilə ayrı-ayrı illərdə respublikamızın paytaxtı Bakıda, Sumqayıtda, Kürdəmirdə və digər şəhər və rayonlarda müxtəlif yazı və rəsm müsabiqələri, sərgilər təşkil olunub, qaliblər bir neçə nominasiyalar üzrə qəzetin özünün daxili imkanları və sosial tərəfdaşların köməkliyi ilə mükafatlandırılıblar. Bu sıradan Xalq rəssamı Arif Hüseynovun və qəzetin kollektivinin birgə təşkilatçılığı ilə İçərişəhərdə “Qala” Rəsm Qalereyasında, Beynəlxalq Əlaqələr Mərkəzində keçirilən müsabiqə və karikatura sərgiləri xüsusilə yaddaqalan olmuşlar. Görkəmli incəsənət xadimləri Arif Quliyevin, Yaşar Nurinin, İlham Namik Kamalın, Ramiz Əzizbəylinin fəxri qonaq kimi iştirakı həmin tədbirlərə xüsusi rəng qatmışdır.
Fəaliyyəti dövründə zaman- zaman tənqidə dözümsüz yanaşan məmurların təpkisinə,təzyiqinə məruz qalsa da, haqqa-ədalətə söykənərək, oxucularınin mənəvi dəstəyindən güc alaraq duruş gətirməyi bacarmış, cəmiyyətin  alaq otlarına qarşı mübarizəsini davam etdirməkdədir.
 Ənənələrə sadiq, qədirbilən kol1ektivimiz yaradıcılıq müstəvisində görkəmli satirik- şair, rəhmətlik Baba Pünhanın yenilməz ruhunu yaşatmaqdadır. Haqq-ədalət aşiqini yaxşı tanıyan, böyük ustadın əsrarəngiz və eyni zamanda narahat iç dünyasına yaxından bələd olan bədii redaktorumuz, tanınmış rəssam, mərhum Hafiz Nəsiroğlunun çəkdiyi “Baba Pünhan” portreti dərdimizin loqosunda mötəbərcə yer alır və bu “Dəryaz”ın atributlarından biridir.
  Dövrün tələblərinə uyğun yaradılmış “Dəryaz” qəzetinin internet səhifəsi olan “Dəryaz.az” saytı da elektron nəşrlər arasında layiqli yerini tutmuşdur. Görüşünüzə gəldiyimiz xüsusi buraxılış bir növ hesabat xarakterlidir və məqsədimiz “Dəryaz” qəzetinin əvvəlki saylarında dərc olunmuş bir sıra seçmə karikatura rəsmlərinə bir daha işıq salmaqla daim oxucularımızın xatirələrini təzələməkdir. İnanırıq ki, “Dəryaz”ın tiyəsini itiləməklə cəmiyyətin alaq otlarına qarşı mübarizə işimizə bundan sonra da dəstək verəcəksiniz.                  
Habil Tağıyev

Şərhlər

XƏBƏR LENTİ