SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

Tarix:

11-02-2023, 15:33

/ 339 dəfə oxundu.
Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

 
Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir.
Ümumilikdə faciə baş verdiyi andan etibarən indiyə qədər FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Bundan əlavə 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdə də hazırda zəlzələdən ən çox əziyyət çəkən Kahramanmaraşda yaralılara yardım göstərilməsində iştirak edir. Eləcə də Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan ilk xüsusi təyyarə 9 fevral tarixində Qaziantepə çatıb.
Azərbaycanın ayrı-ayrı nazirlikləri, idarə və müəssisələri, dövlət qurumları, eləcə də özəl şirkətlər Türkiyəyə dəstək məqsədilə səfərbər olublar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə olan bütün yanacaqdoldurma məntəqələri xilasetm işlərində iştirak edən nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin etmək üçün fəaliyyətə başlayıb. 
Odur ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Azərbaycanın ilk olaraq Türkiyənin yanında olması təbiidir. Bir sözlə, bu gün ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı sadəcə kəlam deyil, gerçəklikdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə də iki qardaş dövlət həmişə bir-birinin yanındadır.
 
Aysel Mənsimova  - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ