SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir

Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir

Tarix:

5-02-2023, 20:59

/ 432 dəfə oxundu.
Enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir

 
Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirdi. Həmçinin, bu tədbir bir daha təsdiq etdi ki, Azərbaycan bu gün enerji böhranı ilə üzləşmiş ölkələr  üçün xilaskara çevrilib. Tədbirdə çıxış edən dövlət başçımız Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bunun sübutudur.
Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında bildirmişdir: “Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır”.
Ötən il Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Memorandum gələcək əməkdaşlıq planları üçün yol xəritəsidir. Memoranduma əsasən, ölkəmiz Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artıracaq. Dövlət başçımız çıxışında bu mövzuya da toxunmuşdur : “Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlayacağıq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır;”
Azərbaycan milli maraqları rəhbər tutaraq bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıqda maraqlı olduğunu bir daha nümayiş etdirdi. Bu mənada Azərbaycan Prezidentinin Avropada son təmasları, xüsusən Bolqarıstan, Rumıniya və Macarıstana səfərləri, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının davamı kimi Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının Bakıdakı iclasları proseslərin Azərbaycanın iradəsi və arzusu daxilində inkişaf etdiyini göstərir.
 
Aysel Mənsimova - politoloq 
 

Şərhlər

XƏBƏR LENTİ