İlham Əliyev Azərbaycan gənclərini təbrik etdi
Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.
Təbrikdə deyilir:
"Sizi 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayıram.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən müddətdə apardığımız işlər gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunması üçün lazımi şərait yaradılmasını sürətləndirmiş, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynamışdır.
Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.
Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?