SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dializ xəstələri imdad diləyir - Auditin yoxlaması nəticə verəcəkmi?

Dializ xəstələri imdad diləyir - Auditin yoxlaması nəticə verəcəkmi?

Tarix:

1-11-2022, 11:32

/ 1 287 dəfə oxundu.
Dializ xəstələri imdad diləyir - Auditin yoxlaması nəticə verəcəkmi?

 
Bu günlərdə Hesablama Palatası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) apardığı audit yoxlamasının nəticələrini açıqlayıb. Məlumatda bildirilir ki, audit yoxlaması zamanı bəzi tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsinin fəaliyyətə başlamadığı, əhaliyə digər rayonlarda xidmət göstərildiyi üzə çıxıb. Fəaliyyətin düzgün koordinasiya edilməməsi səbəbindən ölkə üzrə hemodializ şöbələrindəki dializ aparatlarının 10%-i istismar müddətini başa vurub.
Həmçinin qeyd edilib ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.
Ümumilikdə, hemodializ şöbələrinə 2019-2021-ci illərdə verilmiş 49 ədəd hemodializ aparatı müxtəlif səbəblərdən istifadəyə verilə bilməyib. Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub.
İxtisaslı kadrların hazırlanması ilə bağlı tədbirlərin qurumlar arasında uzlaşdırılmaması kadrların sayının tələb olunan saydan az olması, eləcə də nefrologiya ixtisası üzrə rezidentura təhsilini bitirən mütəxəssislərin təyinatları zamanı hemodializ şöbələrindəki kadr çatışmazlığının nəzərə alınmaması bir sıra hemodializ şöbələrinin fəaliyyətsiz qalması və 01.01.2022-ci il tarixə hemodializ şöbələrində həkim-nefroloq ştatlarının 29,1%-nin vakant olması ilə nəticələnib. Qeyd edək ki, audit 01.01.2016-cı il tarixindən 31.12.2021-ci il tarixinədək olan dövrü əhatə edib və 09.03.2022-ci il tarixindən 01.06.2022-ci il tarixinədək aparılıb.
Sputnik Azərbaycan hemodializ şöbələrinin fəaliyyətində qeydə alınan nöqsanların hansı səbəbdən baş verdiyini, dializdən asılı olan, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin səhhətinə bunun təsirini araşdırıb.
Sabirabad rayon sakini Rəmzi Ağayev deyir ki, Sabirabadda dializ şöbəsi olsa da nə həkim var, nədəki dərmanlar. Bəxtiyar İmaməliyev adlı Goranboy sakini isə bildirir ki, Goranboyda yeni mərkəzi xəstəxanada müasir dializ aparatları olsa da istifadə olunmur. Onun sözlərinə görə, xəstəxanaya 100 metr məsafədə olan boyrək xəstəsi dializ üçün Yevlax səhərinə getməli olur. Vüqar Əhmədov adlı sakin isə bildirir ki, Şəmkir rayonunda xəstəxananın dizaliz şöbəsində 11 aparat olsa da dializ almaq üçün xəstələr Tovuza gedirlər.
Neftçala rayon sakini, 34 yaşlı Ramil Nəcəfov da dializ xəstəsidir. Ona həftədə üç dəfə dializ köçürülür. Xəstə bildirir ki, müalicənin effekt verməsi üçün ən azı gərək ayda iki dəfə özəl klinikada dializ alır. Onun sözlərinə görə, dövlət tibb müəssisəsində aldığı dializlə, özəl tibb müəssisəsində aparılan müalicənin arasında böyük keyfiyyət fərqi var.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) böyrəklərin xroniki xəstəliyi ilə bağlı həyata keçirilən fəaliyyətin Hesablama Palatası tərəfindən aprılan audit nəticələri ilə bağlı Sputnik Azərbaycan-a bildirilib ki, auditin əhatə etdiyi dövr ərzində - yəni, 1 yanvar 2016-cı il tarixindən 31 dekabr 2021-ci ilədək - "2016-2020-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətinə aid olmayıb. Sözügedən Tədbirlər Proqramının icrası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2022-ci ilin fevral ayından həvalə olunub: " Aidiyyəti qurumlar tərəfindən müvafiq komissiyanın formalaşdırılmadığı məsələsinə gəldikdə isə qeyd edək ki, TƏBİB-in Müşahidə Şurasının Qərarı ilə "Hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin müalicəsinin təşkili üzrə komissiya" yaradılıb və fəaliyyətdədir. Əvvəlki dövləri əhatə edən çatışmazlıqların aradan qaldırılması üzrə hazırda TƏBİB tərəfindən ardıcıl tədbirlər həyata keçirilir".
Akademik Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Hemodializ laboratoriyasının müdiri,Səhiyyə Nazirliyinin Hemodializ Komissiyasının sədri İlham Həmidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, auditi həyata keçirənlər tibb işçisi olmadığından, onların verdikləri rəydə bir qədər çatışmazlıqlar var:
"Hemodializ Mərkəzinə gəlib görsünlər ki, xəstələr necə dializ alır, bundan sonra rəy versinlər. Xəstələrin dializə qoşulmasına həkimlər qərar verir. Hər həftə analiz götürülür, ona uyğun olaraq xəstənin həftədə neçə dəfə dializə qoşulmasına qərar verilir. Bu, həkimin göstərişinə əsasən təyin olunur. Əgər xəstənin vəziyyəti yaxşılaşıbsa, kreatinin miqdarı aşağı düşübsə ona həftədə iki dəfə, yaxud da on gündən bir də dializ qoşula bilər. Bu Mərkəzin həkiminin qərarı ilə tənzimlənir. Buna ixtisasca hüquqşünas olan auditor rəy verə bilməz!".
İ. Həmidov deyir ki, auditi aparan şəxslər mütəxəssislərlə məsləhətləşmə aparmayıb.
Komissiyada xəstələrin dializə qoşulmaq üçün uzun müddət növbə gözləməsinə gəlincə, İ. Həmidov bunu belə əsaslandırdı: " Bütün rayonlar Bakıya axışıb. Paytaxtda əhali sayı artdıqca, dializə müraciət edənlərin də sayı artır. Belə halda onların növbə gözləməsi normaldır. Auditi aparan şəxslər heç xəstələrlə belə söhbət aparmayıblar. Onların dializ təminatından razı olub-olmadıqlarını öyrənməyiblər".
İ. Həmidov söyləyir ki, respublikada pis-yaxşı dializ aparatları xəstələrə xidmət edib. O, bildirib ki, hazırda Bakıda 9, regionlarda isə 45 hemodializ mərkəzi fəaliyyət göstərir. 3500-dən çox xəstə pulsuz dializ alır. Komissiya sədri əlavə edib ki, bir xəstənin il ərzində müalicəsi 20 min manata başa gəlir. Xəstələr həftədə iki-üç dəfə dializ aparatına qoşularaq müalicə alırlar: "Hemodializ mərkəzinin nefroloqu xəstələrə müalicə proqramı seçir. Həmin müalicə proqramına əsasən, xəstələr həftədə iki, üç dəfə dializ aparatına qoşulurlar".
İ.Həmidov bildirib ki, xroniki böyrək çatışmazlığı xəstəliyi hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır: "Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəliklər, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb olur".
Həmsöhbətimiz deyir ki, böyrək çatışmazlığından əziyyət çəkənlərin çoxu orqan transplantasiya etdirmək istəyir. Bəzi xəstələr isə yaxınlarda uyğun donor tapa bilmirlər: "Hazırda Azərbaycanda ancaq yaxın qohumlardan orqan donorluq qəbul edilir".
Hemodializ şöbələrində aşkarlanan nöqsanların böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin ölüm statistikasına təsirinə gəlincə, İ. Həmidov bildirdi ki, dünyada böyrək çatışmazlığı olan xəstələrin10-12 faizi dünyasını dəyişir. O, Azərbaycanda son illər bu xəstələrin ölüm sayında artım olduğunu bildirdi. Həmsöhbətimiz deyir ki, bu heç də auditin aşkarladığı nöqsanlar səbəbindən deyil, başqa amillərlə bağlıdır: "Əvvəllər dializə qoşulan xəstələrə yaş və xəstəlik həddi ilə bağlı məhdudiyyəti qoyulurdu. İndi isə diabet, xərçəng xəstələri də dializə qoşulur. Bu da ölüm statistikasını artırır".
İ. Həmidov hazırda dializ mərkəzlərində həkim çatışmazlığı olduğunu təsdiqləyir. Deyir ki, bunun səbəbi ixtisaslı həkimlərin regionlarda işləməyə maraq göstərməməsidir.
Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası PHŞ-in direktoru, Azərbaycan Nefroloqlar Cəmiyyəti İctimai Birliyinin sədri, Fariz Babayev isə Sputnik Azərbaycan-a açıqlamasında audit yoxlamaları zamanı aşkarlanmış nöqsanlara münasibət bildirib:
"Regionlarda dializ şöbələrinin yaradılması planda olub. Bunun üçün aparatlar alınsa da işə başlanılmayıb. Auditin bu barədə üzə çıxardığı nöqsanlar haqlıdır. Amma bunun müalicə həkimlərinə heç bir dəxli yoxdur. Çünki, xəstələrin müalicəsi davam etdirilib. Biz də istəyərik ki, belə şöbələr yaradılsın. Sadəcə olaraq bu şöbələrin yaradılmasını əngəlləyən amillər olub. Pandemiya dövründə bu işlər təxirə salınıb. Bundan sonra isə səlahiyyətlərin bir qurumdan başqa quruma verilməsi ilə bağlı işlərə başlanılıb. Bu səbəblərdən dən də alınan aparatlar işə salınmayıb".
Amma F. Babayev bunun xəstələrin müalicəsinə də mənfi təsir etmədiyini söyləyir. Onun sözlərinə görə, bu müddət ərzində heç bir xəstə müalicədən kənarda qalmayıb.
F. Babayev deyir ki, ərazi üzrə hemodializ mərkəzlərinin açılması vacibdir. Amma hansısa ərazidə bu mərkəz olmadığından heç bir xəstə dializdən kənar qalmayıb. Onlar yaxın mərkəzlərdə müalicə olunublar: "Bir dializ aparatı altı xəstəyə xidmət edə bilər. Audit ümumi respublika üzrə xəstələrin sayını aparatların sayına bölərək belə nəticə çıxardıb. Hazırda təxminən 735-ə yaxın dializ aparatı, 3600 ə yaxın xəstə var. Amma bu aparatların arasında işləməyəni də var. Bunu bu cür hesablamaq düzgün deyil".
Həmsöhbətimiz deyir ki, bəzi rayonlarda hemodializ şöbələri gec işə düşsə də, həmin ərazidəki xəstələr müalicə olunub: "Şəmkirdə mərkəzin gec işə düşməsi səbəbindən xəstələr Qazaxda və digər yaxın rayonlarda müalicələrini davam etdiriblər. Dünyada da hər şəhərdə bir hemodializ mərkəzi yoxdur. Düzdür, normativlərə görə, dializ xəstənin yaşadığı yerdən 80-100 metr məsafədə olmaldıır. Bu qədər məsafəyə qədər xəstə gedib müalicə alıb gələ bilər. Azərbaycanda bu rəqəm çox aşağıdır. 30-45 km arasındadır".
F. Babayev bildirdi kİ, hemodializ şöbəsini açmaq üçün kadr təminatı da həyata keçirilməldir. Onun sözlərinə görə, hələ də hemodializ şöbələrində kadr çatışmazlığı var: "Bunun səbəbi isə həkimlərin işləmək üçün regionlara getməməsidir. Ona görə də, o vaxt nazirlik bu problemi həll etmək üçün ərazidə yaşayan terapevt və reanimatoloqları təkmilləşdirmə kurslarına göndərirdi ki, onlar dializdən asılı xəstələrin müalicəsində iştirak edə bilsinlər".
Xəstəxana rəhbərinin fikrincə, əsas odur ki, xəstələr dializdən kənar qalmasınlar, özəl mərkəzlərə üz tutmasınlar: "Kəmiyyət çox olan yerdə keyfiyyətdə problemlər ola bilər. Birdən-birə üç mindən çox xəstənin dövlət xəstəxanalarına yönəlməsi nəticəsində müalicənin keyfiyyətində problemlərin yaranması təbiidir. Mən bunu auditi aparan şəxslərə də bildirmişəm".
Azərbaycanda son illər böyrək çatışmazlığından əziyyət çəkən xəstələr arasında dializdən asılı olanların sayının artmasına gəlincə, F. Babayev müəyyən qədər bunda xəstələrin özünün də günahı olduğunu söyləyir. Bildirir ki, bəzi xəstələr dializə qoşulmaq istəmirlər:
"Bəzi həkimlər özlərini reklam edərək xəstələri aldadır ki, müalicə ilə onların sağalması mümkündür, dializə qoşulmalarına ehtiyac yoxdur. Bu zaman problem ciddiləşir. Əslində kreatin 400-500 həddində olanda xəstələrə dializ müalicəsinə başlanılmalıdır. Bəzi xəstələr deyirlər ki, həftədə üç dəfə dializ almaq onlara əziyyətlidir. Ona görə dializdən qaçırlar. Müəyyən orqanlarda fəsadlar başlayanda ölüm riski artır. Azərbaycanda dörd-beş il öncə bu xəstələr arasında ölüm göstəricisi 17 faizə düşsə də, hazırda bu rəqəm 20 faizə yaxındır. Dünyada da illik ölüm faizi 17-25 faizdir".
F. Babayev deyir ki, Azərbaycanda dializdən xilas olmaq üçün insanlar böyrəkköçürməyə müraciət etsələr də, onların heç də hamısına müsbət cavab verilmir. Həmsöhbətimizin sözlərinə görə, özlərinə donor tapan xəstələr böyrək transplantasiyası üçün növbəyə dayanır. Onların arasında yoxlanılmış xəstələrin sayı 100-120 arasındadır. Amma F. Babayev onların əməliyyat öncəsi yenidən yoxlanılacağını söylədi.
Xəstəxana rəhbəri bildirdi ki, yaxın gələcəkdə beyin ölümü keçirmiş şəxslərin meyidlərindən də donor kimi istifadə ediləcək ki, bu da böyrək donoru axtaranlara transplantasiya üçün imkan yaradacaq. //sputnik.az//

Şərhlər

XƏBƏR LENTİ