SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə çıxır

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə çıxır

Tarix:

26-10-2022, 09:30

/ 388 dəfə oxundu.
Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə çıxır

 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri, səfər zamanı müzakirə olunan məsələlər və əldə olunmuş razılaşmalar iki ölkənin münasibətlərində yeni mərhələdir. Eyni zamanda, artıq strateji tərəfdaşlığın həqiqətən də müttəfiqliyə çevrilməsinin əlamətləri aşkar şəkildə ortadadır. Bu gün Gürcüstanla Azərbaycanın arasında çoxşaxəli və dərinləşməkdə olan dinamik xarakterli əməkdaşlıq var. Xüsusilə də Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında çox önəmli bir mövqedə yerləşməsi, eləcə də Gürcüstanın da bölgədə əlverişli coğrafi mövqeyə malik olması Azərbaycanı və Gürcüstanı bir-birinə təbii şəkildə müttəfiq edib. Azərbaycan Prezidentinin də çox haqlı olaraq dediyi kimi bu gün dünyanın ehtiyacları xüsusilə də enerji daşıyıcılarına olan ehtiyaclar Azərbaycan və Gürcüstanın arasında müttəfiqliyin təbii olaraq dərinləşdirilməsini tələb edib və yeni əməkdaşlıq istiqamətlərini qaçılmaz bir səviyyəyə çıxardır.
Bu səfərdə Azərbaycan, Ermənistan, Gürcüstan formatında yeni bir əməkdaşlıq ideyası irəli sürülib. Əvvəllər də belə təkliflər olub, lakin müxtəlif səbəblərdən o reallaşmayıb. Belə şəraitdə Azərbaycan çox haqlı və çevik bir şəkildə yeni ideya ortaya qoydu ki, bu da Azərbaycan, Ermənistan, Gürcüstan əməkdaşlıq formatıdır. Əgər bu formatın verdiyi imkanlara Azərbaycan qədər Ermənistan da həssas yanaşa bilsə, həm bölgəmizdə sülhün bərqərar olma prosesi tezləşər, həm də həqiqətən Mərkəzi Asiya ilə Avropanın arasında çox önəmli rol oynayan Azərbaycan-Gürcüstan körpüsü daha real nəticələr verməyə başlayar.
Səfər zamanı Azərbaycanın enerji daşıyıcılarının dünyanın indiki tələbatının artımı şəraitində yeni səviyyələrdə ixracın reallaşması və bu ixrac reallaşmasında Azərbaycan-Gürcüstan əməkdaşlığının yeni perspektivləri müəyyən olundu. Qeyd olundu ki, Azərbaycanın indiyə qədər Gürcüstanla yaxşı münasibətlərdə olması və işgüzar əməkdaşlıq qurması hər iki ölkənin nəqliyyat infrastrukturlarının geniş şəkildə əlaqələndirilməsinə və istifadəsinə imkan verib. Ancaq buna baxmayaraq dünyanın indiki enerjiyə olan tələbatlarının artması, Rusiya enerjisinin Avropada bazarlarının demək olar ki, sıfıra yenməsi Azərbaycan enerji daşıyıcılarının qərbə çatdırılmasında Gürcüstanın rolunu önəmli dərəcədə artırır. Bu əməkdaşlıq Gürcüstanın özü üçün də olduqca vacibdir və bu gün Azərbaycan-Ermənistan, Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin Azərbaycan qədər Gürcüstanın özü üçün də böyük önəmi var. Ona görə ki, Gürcüstan da qərb inteqrasiyasına meyllidir, qərbin siyasi inteqrasiya layihələrində fəal iştirak etmək istəyir, eyni zamanda qərbin enerji sisteminin bir parçası olmağa can atır ki, bunu da Azərbaycanın köməyi olmadan həyata keçirmək praktik şəkildə mümkünsüzdür.
Azərbaycanın Xəzər dənizindəki infrastrukturlardan eləcə də neft-qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə məsələsində Gürcüstanla əməkdaşlıqda yeni perspektivlərin açılması da bu səfər zamanı geniş şəkildə vurğulandı.
Azərbaycan-Gürcüstan əməkdaşlığı indiki şəraitdə əhəmiyyətli bir mərhələyə çıxır və Rusiyanın müəyyən hakimiyyət strukturlarından Azərbaycanın mənafelərinə qarşı atılan addımlar bu əməkdaşlığı müəyyən qədər gücləndirməklə bərabər eyni zamanda Azərbaycan-Gürcüstan əməkdaşlığının müəyyən sınaq və imtahan altına da soxur. Bu təhlükənin sonunun isə necə olacağını isə yaşayıb görəcəyik.
 
 
Metin Hüseynov - politoloq

Şərhlər

XƏBƏR LENTİ