SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Artıq 2 ildir ki, Qubadlı azaddır

Artıq 2 ildir ki, Qubadlı azaddır

Tarix:

22-10-2022, 16:35

/ 458 dəfə oxundu.
Artıq 2 ildir ki, Qubadlı azaddır

 
25 oktyabr 2020-ci il azərbaycanlının uzun illər həsrətini çəkdiyi daha bir yurd yerinin - Qubadlının işğaldan azad olunduğu gün kimi tariximizə yazıldı. Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsində daha bir qələbə gününün sevincini yaşadı. 30 ilə yaxın bir zamanda öz ata–baba yurdlarından didərgin düşən, min-bir mərhumiyyətlə üzləşən, vətən həsrəti, yurd həsrəti ilə yaşayan Qubadlı sakinləri, bütövlükdə xalqımız Ali Baş Komandanın qətiyyətli siyasətinin, yorulmaz fəaliyyətinin  növbəti uğurlu  məntiqi nəticəsinə şahidlik etdi. 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatına cavab olaraq  Ali baş Komandanın əmri ilə əks hücüm əməliyyatına başlayan ordumuz bir-birinin ardınca uğurlu döyüş əməliyyatları həyata keçirərək işğal altında olan ərazilərimizi kənd-kənd, rayon-rayon azad edərək düşməni geri çəkilməyə məcbur edirdilər.
31  avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan qədim Azərbaycan torpağı olan Qubadlı rayonu münbit torpaqları, zəngin təbiəti, qədim tarixi və mədəni abidələri ilə yanaşı faydalı qazıntıları ilə də məhşur idi. Belə ki, rayonun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğal dövründə mənfur düşmən yaşayış məntəqələri, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət ocaqları ilə yanaşı, təbii sərvətlərimizi, faydalı qazıntılarımızı da talan etmişdi.
20 oktyabr  2020–ci il tarixində Zəngilan rayonu işğaldan azad olunandan sonra ordumuz  Ermənstan Respublikası ilə 120 km sərhəddi olan Qubadlı rayonunu azad etmək üçün hərəkətə keçdi. Düşmənin  hərbi birləşmələri  güclü istehkamlar qurmalarına, strateji yüksəkliklərdə yerləşmələrinə baxmayaraq, ordumuz inamla döyüşlərə girdi. Qubadlını daha az itki ilə tez bir zamanda düşmən tapdağından azad etmək üçün Azərbaycan Ordusu xüsusi peşəkarlıq və fədakarlıq  göstərərək ilk növbədə şəhər ətrafındakı hakim yüksəklikləri, ətraf kəndlərin düşməndən azad etdi. Oktyabrn 25–də isə ordumuz Qubadlı şəhərini düşməndən azad etdi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 15189 hərbi  qulluqçüsü Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 26 noyabr 2020-ci ildə  təsiss edilmiş  “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər. 23 dekabr 2020-ci ildə müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 27 ildən sonra qədim Azərbaycan torpağı olan Qubadlımızda üçrəngli bayrağımızı ucaltdı. Qubadlının işğaldan azad olunması  ordumuzun döyüş əzminin, gücünün göstəricisi idi. Bu qələbə xalqımızı illərlə həsrətində olduğu Böyük Qələbəyə daha da yaxınlaşdırdı.
 
Könül Əfəndiyeva – YAP üzvü

Şərhlər

XƏBƏR LENTİ