SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Şamil Heydərov: Qarabağın azad olması Ulu Öndər Heydər Əliyevin ruhunu şad etdi

Şamil Heydərov: Qarabağın azad olması Ulu Öndər Heydər Əliyevin ruhunu şad etdi

Tarix:

26-09-2022, 16:18

/ 467 dəfə oxundu.
Şamil Heydərov: Qarabağın azad olması Ulu Öndər Heydər Əliyevin ruhunu şad etdi

Sovetlərin dağılmasından sonra Azərbaycandakı siyasi rəhbərliyinin yarıtmazlığından, ölkədəki siyasi anarxiyadan, hərc-mərclikdən istifadə edən Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının iyirmi faizini işğal etdi. İşğal zamanı erməni qəsbkarları tərəfindən saysız-hesabsız günahsız insanlar qətlə yetirilib, ata-baba yurdlarından didərgin salınanların sayı isə durmadan artırdı. Siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoydu. Vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Belə bir zamanda ölkəninin nicat tapması, işğaldan və daxili parçalanmadan qorunması üçün xalqın şəxsiyyət və milli liderə ehtiyacı əsas şərt idi. Beləliklə, vətənin ən ağır günündə xalq Azərbaycanın xilasını yalnız Heydər Əliyevin simasında gördü. Elə o zamandan da sözün həqiqi mənasında, ölkəmizin taleyində çox böyük dönüş anı oldu. Hələ Azərbaycanın dövlət kimi parçalanmaq mərhələsində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlmiş mərhum prezident Ulu öndər Heydər Əliyev öz çıxışlarında daim Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbrlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu deyir, həm də düşmənə xəbərdarlıq edirdi ki, Azərbaycan həmişə 90-cı illərdə olduğu kimi zəif olmayacaq, Azərbaycan güclənəcək və öz torpaqlarını geri alacaq. Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra atəşkəs imzalandı, enerji layihələrinin əsası qoyuldu, Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün zəmin yarandı. Məhz bu dövrdə "müvəqqəti atəşkəs rejiminin" yaradılması ilə Ermənistanın işğalçılıq siyasəti dayandırılmış, ölkədə daxili sabitliyə nail olunmuş, dövlətçiliyimiz möhkəmləndirilmiş, hərbi sənayemiz qurulmuş, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar keçirilmiş, qlobal layihələrə imza atılmış, respublikamız tədricən dünya birliyinin sıralarında yer almış və sayılıb-seçilməyə, söz sahibi olmağa başlamışdı.

Azərbaycanın sərhədlərinin daim atəş altında saxlanılması, dinc əhalinin, mülki obyektlərin və yaşayış tikintilərinin hədəfə götürülməsinin tədricən adi hal alması Azərbaycan xalqının hərbi əhvali-ruhiyyəsini gücləndirir və hakimiyyət orqanlarından ciddi tədbirlərin görülməsi tələb edilirdi.
Uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Və bu Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bir daha göstərdi.
Bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq.
Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynadığından bu amil də daim hörmət və ehtiramla yada salınmalı, anılmalı, xatırlanmalıdır. Ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü Orduya yardım fonduna keçirən ağsaqqal, malından keçən iş adamları, sadə insanlar, əsgərə pulsuz siqaret verən satıcı, şəhidin portretini pul almadan ailəsinə çatdıran taksi sürücüsü, yardım kompaniyaları təşkil edən, şəxsi vəsaiti hesabına bazarlıq edərək əsgərlərin görüşünə gedən ayrı-ayrı şəxslər, firmalar, şirkətlər, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verənlər də minnətdarlıq hissi ilə xatırlanmalıdır. Bu mənada Xalqımız, Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusu ən yüksək titullara, ən yüksək təriflərə, ən yüksək təriflərə layiqdir.

Qarabağın açılmayan düyünü olan işğal prosesi rəşadətli Ordumuz və Müzəffər Ali Baş Komandan tərəfindən çözülüb. Çünki Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdi ki, işğal faktı ilə barışmayacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatıb. Xalqımız, ordumuz və Ali Baş Komandanımızın birliyi sayəsində biz tam qalibik!”.

Şamil Heydərov
“Çin Karqo” şirkətinin rəhbəri

Şərhlər

XƏBƏR LENTİ