SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

Tarix:

26-09-2022, 13:23

/ 379 dəfə oxundu.
Əli Həsənovun yeri göründüyü QURULTAYIN TAYSIZLIĞI... - Replika

 
Mənə bir vicdansız mətbuat verin, yeri üzünü məhvərindən oynadım - Rokfeller riqqətə gələrək əminliklə ifadə edirdi. Lenin isə haqqı söyləyərək qeyd edirdi ki, harada kapitalist varsa, orada mətbuatı satın almaq azadlığı mövcuddur. ... Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin 8-ci qurultayı da bu fəsildən yuxarıdakı aforizmlərlə çulğalaşır. Çünki mətbuatın bu "vicdanı" ilə ondan istənilən fiquru düzəltmək olar, onunla ictimai rəydə hər cür plastilin yaratmaq mümkündür və Rokfellerin dediyi kimi, yeri məhvərindən silkələyə bilərsiniz. Hakimiyyət nəhayət ki, dünyada 4-cü hakimiyyət kimi qəbul edilmiş mətbuatı tam ram edərək sözəbaxan, idarəolunan bir icmaya çevirə bildi. Bu, iqtidarın uzun illər gəldiyi yolun nəticəsi idi - sistem özünə oxşayan bir mətbuat formalaşdırdı. Halal olsun, qalib gəldiniz, təbriklər?! Və sistem mətbuatda hamını bir-birinə düşmən elədi, üz-göz elədi, jurnalistləri bir-birinin yanında gözükölgəli etdi, ən sonda isə onun idarə edilməsi ilə bağlı bütün səlahiyyətlərə sahibləndi. Yəni ölkədə tək-tük yarımazad qalmış sahələrdən biri media idisə, onu da təyinatlı bir icra strukturuna çevirdilər. Kəsəsi, sizin özünüzə sədr seçmək ixtiyarınız belə qalmayıb, onu da biz təyin edirik və başınızı aşağı salıb qulluq edin! Ona görə də Mətbuat Şurasının sədrlik və İdarə Heyətinə keçirilən "seçki" teatr tamaşası idi. Ona görə ki ən azı bu sətirlərin müəllifi - Anaxeber.info rəhbəri olan mən Azər Talıbov da, bir çox həmkarlar da nəticələri qabaqcadan bilirdik. Hər kəs bilirdi ki, sədr Rəşad Məcid olacaq, idarə heyəti üzvləri təxmini kimlər olacaq. O zaman bu şouya, gurultusuz qurultay səhnəciyinə nə ehtiyac var idi? Madam ki, yeni sədrin kimliyini, keçmiş sədrin isə "Xalq" qəzetinə baş redaktor gedəcəyini media camiəsi bilirdisə, ora toplaşıb kimi seçirdilər? Yuxarıdan gələn təyinatı təsdiqləmək üçün toplaşmışdılar? Bir sözlə, türklər demiş - bir çuval ənciri bərbad etdilər. Yəni onlara verilən rolu da düzgün oynaya bilmədilər. Heç olmasa imitasiya xatirinə Rəşad Məcidə bir alternativ namizəd olaydı, qurultayda sədrlik uğrunda guya gərgin rəqabət getdiyi görüntüsü yaradılaydı, bunu da bacarmırsınız? O dərəcə primitivləşmə və monotonlaşma gedib ki, ssenari belə düşünmürlər, yığışın, sədri təsdiq edin, dağılışın! Beləliklə, azad seçki, azad media haqda danışanların öz sədrini seçmək azadlığı belə əllərindən alınmış oldu. Hətta azmış kimi, öz ayıbına kor olmaq əvəzinə, bəziləri idarə heyətinə üzv seçildiyi üçün dəm-dəstgahla paylaşım edir, bunu bayram olaraq sırıyır, bəziləri nəticələri qurultayda səsvermənin "gərgin nəticələri" kimi dəyərləndirməyə çalışdı. Kimi aldadırsınız, cənablar? Barı susmaq olardı, o zaman daha abırlı görünmək mümkün idi. Üstəlik, Mətbuat Şurası onsuz da reputasiyası çoxdan zədələnmiş, imici aşağı, hər hansı təsir mexanizmi olmayan ictimai təşkilatdır və dünənə qədər prezidentin keçmiş köməkçisi Əli Həsənovun boyunduruğunda idi, onun otur - dur əmrinə biət edirdi. Ona görə həmkarlardan biri bizim köhnə mahnılarımızın birindən sitat gətirməklə çox istedadlır replika vermişdi - bircə sən yoxsan əzizim... Və Əli Həsənova eyham vurmuşdu, yəni o qurultayda yerin göründü, bir sən yox idin... Başqa bir həmkarın da replikası maraqlıydı - ölmüş Mətbuat Şurasının dəfn mərasimində fatihəsi verildi, Allah 525 dəfə rəhmət eləsin! Bundan əlavə, qurultayın səhəri Niyaz Niftiyevin idarə heyətindən çıxmaq müraciəti, yerinə Yeganə Hacıyevanın qəbul olunması üzə çıxdı. Çox müəmmalı idi. Jurnalist Azər Rəşidoğlu isə hər şeyi olduğu kimi yazdı - məndəki siyahıda Niyaz yox idi, Yeganə xanım var idi: "Dünən yazmışdım ki, 1 istisna və səhvim oldu. Dünən Niyazın adı çıxdı. Niyaz ona səs verənlərə təşəkkür elədi, 1 gün sonra istefa verdi və Yeganə xanım onu əvəzlədi... PA-nın siyahısı tam təsdiq olundu. Jurnalistlər, mən bu oyunları çox görmüşəm və odur ki, MŞ-nın heç bir tədbirində iştirak etməmişəm. Amma bu dəfə 1 nəfər qurultay nümayəndəsinin cəsarəti çatmadı ki, qurultayda buna etiraz eləsin. Mən utandım mətbuatın bu gününə". Fərid Şahbazlı da narazılıq edənlərdən oldu: "Mətbuat Şurasında nə baş verir? Mətbuat Şurasının dünən seçilmiş yeni üzvü Niyaz Niftiyev bu gün müraciət edərək işlərinin çoxluğu səbəbindən üzvlükdən imtina edib. Niyaz Niftiyev İdarə Heyəti üzvlüyünə jurnalistlər kvotasından seçilmişdir. Onun yerinə İdarə Heyəti üzvlüyünə ictimaiyyət nümayəndələri kvotasından namizəd olan Yeganə Hacıyeva daxil edilib. Səsvermə və ondan sonra səslərin hesablanması kvotalar üzrə ayrı-ayrı aparıldığı halda, bu əvəzetmə hansı məntiqə və qaydaya əsaslanır?! Mətbuat Şurasının yeni rəhbərliyi əgər ictimaiyyət nümayəndələri kvotasından seçilmiş Əflatun Amaşovu "Xalq" qəzetinə baş redaktor təyin edildiyi üçün ictimaiyyət adamı saymırsa, bu doğru deyil, oyun qaydalarının oyunun ortasında dəyişməkdir. Çünki Əflatun Amaşov Şuranın qurultayından qabaq "Xalq" qəzetinə baş redaktor təyin edilmişdi və bu mətbuatda dərc olunmuşdur. Adı siyahıda ictimaiyyət nümayəndə kateqoriyasında idi və jurnalistlər ona bu istiqamətdən səs vermişdi". Xülasə, jurnalistlərin qurultayını yuxarılar keçirdi, aşağılar icra etdi və Rəşidoğlu kimi mətbuatın bu gününə mən də utandım. Öz ixtiyarını çoxdan əlindən vermiş mətbuat xalqa ümid yeri və həqiqət beşiyi ola bilməz. Qəzanız mübarək!
Azər Tallıbov
Anaxeber.info

Şərhlər

XƏBƏR LENTİ