SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanın xarici siyasətinin prioritetləri regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır

Azərbaycanın xarici siyasətinin prioritetləri regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır

Tarix:

21-09-2022, 13:10

/ 406 dəfə oxundu.
Azərbaycanın xarici siyasətinin prioritetləri regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır

 
Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni əməkdaşlıq formatlarının yaradılması və birgə səylərin göstərilməsi xüsusi yer tutur. Bu baxımdan, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri böyük əhəmiyyət kəsb edir. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Göründüyü kimi, Azərbaycanın xarici siyasətinin prioritetləri onun həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev fəxri qonaq qismində qatıldığı Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində də bu məsələyə xüsusi diqqət yönəldib. Belə ki, 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
 Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə gedən Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlərə, müzakirə olunan məsələlərə diqqət yetirdikdə türkdilli dövlətlərlə əməkdaşlığın prioritetliyi özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putin ilə görüşlərində iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin hazırkı səviyyəsini müzakirə edərək münasibətlərin yeni istiqamətlər üzrə inkişafı üçün geniş imkanların mövcudluğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələlərini xüsusi qeyd etdi.
Prezident İlham Əliyevin Sammitdə dərin məzmunlu çıxışı əlverişli coğrafi məkanda yerləşən, zəngin təbii resurslara malik olan Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının təqdimatında da əhəmiyyətli rol oynadı. Diqqəti daha çox tarixi Zəfərimizdən sonrakı dövrdə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara yönəldən dövlətimizin başçısı bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.
Səmərqənd Sammiti Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dəyişməz olduğunu dünyaya bir daha nümayiş etdirib.  Ölkəmizin bu mövqeyi Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Səmərqənd Bəyannaməsində qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb.  
 
 
Tufan Məmmədov – iqtisadçı ekspert

Şərhlər

XƏBƏR LENTİ