SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İDDİA: İnam Kərimov KTN sistemindən uzaqlaşdırılır - Başqa bir sahəyə nazir gətirilir...

İDDİA: İnam Kərimov KTN sistemindən uzaqlaşdırılır - Başqa bir sahəyə nazir gətirilir...

Tarix:

12-09-2022, 13:59

/ 447 dəfə oxundu.
İDDİA: İnam Kərimov KTN sistemindən uzaqlaşdırılır - Başqa bir sahəyə nazir gətirilir...

 
Prezident İlham Əliyevin Azərbaycana gətirdiyi ASAN Xidmət modelinin ilk icraçı rəhbəri, islahatçı imici ilə bir sıra mühüm işlərə imza atan İnam Kərimov bu ilin sonlarına qədər kənd təsərrüfatı naziri postu ilə vidalaşacaq.

Kənd təsərrüfatı sektorunda böyük islahatlara və şəffaflıq mühitinin yaranmasına imza atan İnam Kərimovu bu dəfə islahatlara daha çox möhtacı olan bir sahəyə nazir təyin edəcəklər. 

Bu barədə "Yeni Müsavat"ın müxbirinə mötəbər mənbələrdən məlumat daxil olub.

Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1-ci sədri, Azərbaycanın 5-ci Kənd təsərrüfatı naziri Prezident İlham Əliyevin islahat desantlarındandır. Ona göstərdiyi uğurlu xidmət səbəbindən yüksək etimad vardır. ASAN Xidmətdəki tarixi və uğurlu fəaliyyətinin ardınca kənd təsərrüfatı sektorundakı bərbad vəziyyəti düzəltməsi, bu sahəni dirçəltməsi bu etimadı daha da yüksəldib.

Bizim qənaətimizə görə, Prezident İlham Əliyevin vizionu bütün sahələr üzrə ASAN Xidmət modelinə uyğunlaşıb. O, bütün sahələri, o cümlədən və əsasən də yüksək icra qurumlarını islah etmək və ASAN-laşdırmaq istəyir. Bu istiqamətdə artıq xeyli iş də görülüb. Belə sahələrdən biri də məhkəmə-hüquq sistemidir. Ölkədə islahatlara və yenidən qurulmasına ən böyük ehtiyac olan sahə də məhz məhkəmə-hüquq sistemidir. Qaynağımız iddia edir ki, artıq bu sistemin də islahata cəlb olunması, şəffaflaşdırılması və korrupsiyadan arındırılmasının zamanı gəlib. Az müddət sonra bunu bütün ölkə biləcək.

Məsələnin maraqlı tərəfi də budur ki, "islahat desantı" İnam Kərimov ixtisasca məhz hüquqşünasdır. Bu dəfə o, baza ixtisası üzrə nazir olacaq.

İnam Kərimov:

- 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.

- 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatlarının İndiana ştatında yerləşən Riçmond orta məktəbində təhsilini davam etdirib.

- 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub.

- 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzrə bakalavr təhsili alıb.

- 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

- 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

İngilis, fransız, rus və fars dillərini bilir.

Bu model - bir şəxsin ən müxtəlif sahələr üzrə vəzifə daşıması və fərqli sahələrə rəhbər təyin edilməsi Qərb paytaxtlarındakı hakimiyyətlərdə baş verir. O cümlədən də qardaş Türkiyədə Ərdoğan iqtidarı belə addımlar atır. Rusiyada Putin komandasındakı bəzi tanınmışlar da zamanında fərqli sahələrə rəhbərlik ediblər.

Azərbaycanda isə bu cür kadrlar iqtisadiyyat naziri Mikayıl Cabbarov və kənd təsərrüfatı naziri İnam Kərimovdur.

Bu praktika nə dərəcədə özünü doğruldur və konkret İnam Kərimov nümunəsində faydalıdırmı? Bu sualın cavabı zamana bağlıdır. Eyni zamanda, oxucularımız bu barədə saytımızın telegram səhifəsində fikirlərini yaza bilərlər.

"Yeni Müsavat"

Şərhlər

XƏBƏR LENTİ