SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 2,5 milyon manatlıq dələduzluqda ittiham edilən sabiq məmur oğlu niyə cəzalandırılmır?

2,5 milyon manatlıq dələduzluqda ittiham edilən sabiq məmur oğlu niyə cəzalandırılmır?

Tarix:

25-07-2022, 21:02

/ 475 dəfə oxundu.
2,5 milyon manatlıq dələduzluqda ittiham edilən sabiq məmur oğlu niyə cəzalandırılmır?


2,5 milyon manatlıq dələduzluqda ittiham edilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin başa çatan məhkəmənin qərarı qarşı tərəfin narazılığına səbəb olub.
İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E.Həşimli barəsində bəraət hökmü çıxarılıb və məhkəmənin qənaətinə görə, onun zərərçəkmiş qismində tanınan Möhkəm Səmədova qarşı dələduzluq etməsi ittihamı sübuta yetirilməyib.
Məsələylə bağlı, Möhkəm Səmədov mətbuata açıqlamasında bildirib ki, təxminən 2 il əvvəl hadisə barəsində hüquq mühafizə orqanlarına müraciət edib və bu günə kimi məsələ öz həllini tapmayıb. O, Azərbaycan Respublikasının qanunlarına və qanun keşikçilərinin ədalətli yanaşmalarına inandığını qeyd edib:
“Azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər zaman cənab prezident İlham Əliyevi və onun dövlət siyasətini dəstəkləyirəm. Cənab prezidentin hüquq sahəsindəki uğurlu islahatları ölkəmizin suveren və demokratik olmasını bir daha sübut edir. Bu səbəbdən də mənə dəymiş ziyanla bağlı hüquq mühafizə orqanlarına əsaslı sübutları (səsyazıları, mesajlar və xüsusilə Elvin Həşimlinin imzasıyla təsdiq olunan yazılı qeydlər) təqdim etməklə müraciət etdim. Mənə dəymiş ziyanın ödənilməsini və prosesə ədalətli yanaşılmasına inanıram. Amma nəticədə 2 ilə yaxın davam edən proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov tərəfindən çıxarılan hökmü ilə başa çatmış hesab olunsa da, mən bu hökmü ədalətsiz hesab edirəm. Qeyd etdiyim kimi, hadisə ilə bağlı kifayət qədər əsaslı sübutlar olduğu halda, məsələyə biganə yanaşılıb. Hətta məhkəmə prosesində prokuror çıxışında Elvin Həşimlinin verilmiş ittihamlarla təqsirli bilinərək, 12 il azadlıqdan məhrum edilməsini tələb edib. Təəssüf ki, bu tələbə məhəl qoymayan hakim heç bir şey olmamış kimi bərat hökmünü çıxarıb.”
M.Səmədov onu da qeyd edib ki, hökmdən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, E.Həşimli Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, 2,5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
O, vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Daha sonra daxili işlər orqanlarından xaric edilib. E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.

Şərhlər

XƏBƏR LENTİ