SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səlim Müslümovla bağlı yeni GƏLİŞMƏ... - ƏLAVƏ İTTİHAM VAR...

Səlim Müslümovla bağlı yeni GƏLİŞMƏ... - ƏLAVƏ İTTİHAM VAR...

Tarix:

22-07-2022, 11:20

/ 901 dəfə oxundu.
Səlim Müslümovla bağlı yeni GƏLİŞMƏ... - ƏLAVƏ İTTİHAM VAR...



Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə istintaq başa çatıb. Onun barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq iş üzrə hakim də müəyyənləşib. Səlim Müslümovun cinayət dosyesi hakim Faiq Qəniyevin icraatına verilib.

İş üzrə zərərçəkən kimi Maliyyə Nazirliyi tanınıb. Səlim Müslümov 2021-ci ilin fevralında DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazirə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb və o, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Səlim Müslümov verilən ittihamlar arasında ən ağır maddə rüşvət alma ilə bağlıdır. Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslinə aid olan 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi üzrə isə ən yüksək cəza kimi 7 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi dövrdə nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılan yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 2022-ci ilin mayında isə Səlim Müslümov ev dustaqlığına buraxılıb. Onun barəsindəki qətimkan tədbirinin dəyişdirilməsi “səhhətindəki problemlərlə” izah olunub. Bir neçə gün əvvəl mediada belə xəbər yayılmışdı sabiq nazirin səhhəti hələ də düzəlməyib. Amma Səlim Müslümovun ittiham olunduğu maddələr kifayət qədər ağır cəzalar nəzərdə tutur. O halda məhkəmə hansı qərar verə bilər, sabiq nazir yenidən həbsə göndərilə bilərmi? 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Səlim Müslümovun 5 illik nazirliyi dövründə rəhbərlik etdiyi sahədəki korrupsiya bataqlığı aradan qalxmayıb, əksinə, heç vaxt olmadığı qədər genişlənib, şaxələnib: “İddialar var ki, onun dövründə qurulmuş mexanizm əsasında büdcədən çırpışdırılan məbləğ 2-2,5 milyard manata yaxın olub. Bu iddialar bu günə qədər təkzib olunmayıb. Səlim Müslümovun 2 milyarddan artıq məbləğdə büdcə vəsaitini mənimsəməsi çox ciddi ittihamdır. Hər kəs bilir ki, hər il ünvanlı sosial yardımlara 100 milyonlarla manat vəsait ayrılırdı. Həmin yardımların ünvana çatdırılmasını yoxlamaq kifayətdir ki, oğurluqların hansı səviyyədə olması üzə çıxsın. Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edirdi. Əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitləri də bura əlavə etməliyik. Yəni Müslümovun rəhbərlik etdiyi nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub. 2 milyarddan artıq büdcə vəsaitlərinin ələ keçirilməsi ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. Bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır. Təkcə Sosial Müdafiə Fondu dövlətdən hər il 1,5 milyard manat dotasiya alıb. Bu məbləğ Səlim Müslümovun nazir olduğu 5 il ərzində büdcədən ödənilib. Ümumilikdə 7 milyard 500 milyon manat büdcə pulunun xərclənməsi üzrə sənədlərdə Səlim Müslümovun möhürü, imzası var. Bu məbləğin hansı hissəsi təyinatı üzrə xərclənib, hansı hissəsi isə özününküləşdirilib bilinmir. Səlim Müslümova verilən ittihamlarla onun əməlinə adekvat cəzalandırılacağı indiki halda real görünmür. Azərbaycanın məhkəmə-hüquq sisteminin durumu belədir ki, Səlim Müslümova çıxarılacaq hökm formal ola bilər. Bu gün məhkəmələrdə çıxarılan hökmlərə, verilən qərarlara baxanda bunu aydın şəkildə sezmək olur. Bu baxımdan Səlim Müslümovun daha yüngül cəza ilə azad edilmə şansı böyükdür. Bu gün Səlim Müslümova qarşı kəskin münasibət yoxdur. Mətbuatda Səlim Müslümov külli miqdarda mənimsəmələrdə əlinin olması iddialarına rəğmən, biz ittihamlar sırasında Cinayət Məcəlləsinin 179-cu - külli miqdarda mənimsəmə maddəsini görmədik. Bu o deməkdir ki, Səlim Müslümov yüngül cəza ilə canını qurtara biləcək”.

Hüquqşünas deyir ki, indiki halda Səlim Müslümov ittihamda göstərilən məbləği qaytarmaqla, ittiham üzrə vurulan ziyanı ödəməklə həbsdən buraxıla bilər. Əks halda, ona real və ağır cəza veriləcək.

Şərhlər

XƏBƏR LENTİ