SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bir yandan bahalıq, bir yandan məmur özbaşınalığı... - Əhalini boğaza yığanların yeni oyunları

Bir yandan bahalıq, bir yandan məmur özbaşınalığı... - Əhalini boğaza yığanların yeni oyunları

Tarix:

5-07-2022, 22:15

/ 413 dəfə oxundu.
Bir yandan bahalıq, bir yandan məmur özbaşınalığı... - Əhalini boğaza yığanların yeni oyunları

 
Aylardır ki, insanlar quru sərhədlərinin açılmasını gözləyir. Tək açıq olan quru sərhədini də bağlayırlar. Cavabdeh qurumların hamısı da ağzına su alıb oturub. İnsanların Türkiyəyə ucuz gedə biləcəyi yolu da bağlayırlar ki, ancaq bahalı uçmaq olar. Bahalı həyat yaşayırıq axı. Adını qoyacaqlar ki, meymunçiçəyi təhlükəsinə görə bu addımı atıblar. Meymun da bilir ki, meymunçiçəyi hava yolu ilə yayılmır, ancaq yaxın təmasla, özü də lap yaxın təmasla keçə bilir, ancaq bizim “çiçəklər” bunu bilmir…

Mağazaya girmişəm. Satıcı qızlardan biri o birinə deyir ki, hər gün qiymət dəyişməkdən canım çıxır. Camaatı düşünmür ha. Qiymət dəyişməkdən canı çıxır. Ancaq bizim məmurlar qiymətləri Avropa, Amerika ilə müqayisə edirlər. Gəlirlər? Bir kəlmə o barədə söz deyirsən, qələm silahşorları başlayır, dövlət elə gəldi, dövlətçilik belə getdi, regionun liderliyindən girib, inkişafımızı gözü götürməyənlərdən çıxırlar.

Dövlət demişkən! Dövləti qurarkən can verərsən, qan tökərsən, əziyyətə qatlaşarsan. Dövlət vətəndaşa hüquq vermir! Vətəndaş dövlətə öz hüquqlarını həvalə edir, dövlət də vətəndaşını qanunlarla, hüquq çərçivəsində idarə edir. Dünyada bizim ölkə qədər vətəndaşının boynuna yük mindirib məsuliyyət altında boğan ikinci bir ölkə yoxdur. İdmançıya da, jurnalistə də, həkimə də, müəllimə də, süpürgəçiyə də deyirlər, dövlət və dövlətçiliyi qorumaq lazımdır. Dövlət və dövlətçiliyi qoruyacaq şəxslər və kateqoriyalar başqadır. Dövlət və dövlətçiliyi qorumaq üçün dövlət büdcəsindən o işlə məşğul olan adamlara maaş verirlər. Jurnalistin işi yazmaqdır. Jurnalistin dövlət qarşısında hansısa bir öhdəliyi var? Yoxsa haradasa and içib ki, dövlətçiliyi qorumalıdır? Məxfiliyi qoru! Məxfiliyi qorumaqla bağlı imza atmayanlardan başqa heç kimin elə bir öhdəliyi yoxdur. Lap hesab edək ki, hamısını hər birimiz edirik. Nəyə görə, nə üçün? Hansı günümüzə?

Orta statistik azərbaycanlının bacardığı ən yaxşı şey Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqdır. Dəyişməkdən papaq cırıq-cırıq olub, baş da başlıqdan çıxıb qazana dönüb.

Çox rast gəlirəm. Deyirlər, müxalifət niyə səsini çıxarmır? Müxalifət avtobus aşağı, avtobus yuxarı veyillənir! Birinə də irad tutanda deyir, partiya sədridir, siyasi liderdir, sanballı adamdır. Sən heç…

Azərbaycanı tanıtmaqdan ağız dolusu danışırlar. Bunun üçün necə lazımdır pul da xərcləyirlər. Adını da qoyurlar, turistlər gələcək. Məlum təyyarə qiymətlərinə turist gələr? Hesab edək ki, varlı turistlər gəldi. Nə görəcəklər? Kanalizasiyası sahilə axıdılan dəniz? Yoxsa çılpaq meşələr? Oteldə yeyib yatmaqdırsa, o otellərdən hər ölkədə yoxdur?

Rayon əhalisi “qan ağlayır”. Məmurların sahələrindən imkan tapmır torpağını suvarsın, otlaq sahə yoxa çıxır, otun bir bağının qiyməti 5 manat 20 qəpikdir. Otlaq sahə məsələsini bir qədər açım. Qul əməyi olan pambıqçılığı yenidən dəbə mindirdilər. Pambıqla dövlət büdcəsi dolsaydı, Özbəkistan ABŞ və Çinlə rəqabət aparan ölkə olardı. 2 hektar torpağı olana icra hakimiyyətləri səviyyəsində tapşırıq verildi ki, 1 hektarına pambıq ək, 1 hektarına da nə istəyirsən, onu. Beləcə süni şəkildə otun qiyməti qalxdı kəllə-çarxa. Elə kəndli var ki, onun günlük yediyi ərzaq heyvanına yedirtdiyi otla müqayisədə daha ucuzdur. Azərbaycan kəndlərində hazırda heyvanlar daha bahalı həyat yaşayır.

Azərbaycanı tanıtmaqdan gəlib çıxdım heyvandarlığa. Qayıdaq yenə tanıtmağa. Azərbaycanı yox, Şuşanı.

“Şuşa ili” elan olunandan dövlət qurumları ard-arda Şuşa tədbirlərinə başlayıblar. Hələ bir neçə gün əvvəl “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müharibəsi də başladı. Müharibə demişkən, savaşdan öncə milyonlarla pul xərcləndi, xaricdə min cür tədbir keçirildi, onlardan hansı birinin münaqişəyə təsiri oldu ki, bundan sonrakıların olsun?! Yenə də konsert, konfrans, üç-beş manatlıq araşdırma-filan. Kimi aldadırsınız? Şuşada əhali yaşamır, ancaq demoqrafik vəziyyəti tədqiq ediləcəkmiş-filan.

Bəli, razıyam. Şuşanı tanıyaq və tanıdaq. Şuşanı tanıtmaq üçün qadağaları götürüb əhalinin sərbəst şəkildə gediş-gəlişini təmin etmək lazımdır. Şuşanı tanıtmağa isə, ümumiyyətlə, ehtiyac yoxdur. Şuşanın 270 illiyinə xatir onsuz da pulsuz və azad platforma olan “Wikipedia”da 270 məqalə hazırlanacaqmış, yaxşı ki, 500 illiyi deyilmiş. Üstəlik, o platformada yazılan məqalələrə sabah kimsə “barmaq eləsə”, məsuliyyəti kim daşıyacaq?

Yay məktəblərindən başqa keçən layihələrin heç birinin nə Şuşaya, nə şuşalılara, nə də cəmiyyətə zərrə qədər xeyiri olacaq.

“Nəsimi ili”ndə Nəsimini urvatdan saldılar – ağac dibini bellətdilər. “Nizami ili”ndə Nizamini şaxta baba kimi geyindirib qapı-qapı gəzdirdilər. Bir Şuşa qalıb, onu da camaata çox görməyin…

Səxavət Məmməd
www.yenicag.az

Şərhlər

XƏBƏR LENTİ