SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qoşulmama Hərəkatının üzv dövlətləri ölkəmizin haqlı mövqeyinə dəstək olublar

Qoşulmama Hərəkatının üzv dövlətləri ölkəmizin haqlı mövqeyinə dəstək olublar

Tarix:

3-07-2022, 21:49

/ 328 dəfə oxundu.
Qoşulmama Hərəkatının üzv dövlətləri ölkəmizin haqlı mövqeyinə dəstək olublar

 
Azərbaycan Prezidenti  cənab İlham Əliyev iyunun 30-da paytaxtımızda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışı zamanı çox mühüm məsələlərə diqqət yetirdi, önəmli məqamlara toxundu, vacib mesajlar verdi. Xüsusilə də, 30 ilə yaxın davam edən işğal müddətində Azərbaycana qarşı ədalətsizlikdən, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra edilməməsindən, ATƏT-in Minsk qrupunun yararsız və lüzumsuz təsisata çevrilməsindən danışdı.
Dövlət başçısının toxunduğu məsələlərdən biri Qoşulmama Hərəkatının üzv dövlətlərinin ölkəmizin haqlı mövqeyinə dəstəyi oldu. 44 günlük Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının üzv dövlətləri BMT-də Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv qətnamənin qəbuluna mane oldular. Bunun nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur oldular. Bu, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsidir. Azərbaycanın milli maraqlara əsaslanan uğurlu siyasəti, strateji mənafelərini tərəfdaş dövlətlərin maraqları ilə uzlaşdırması, humanizm dəyərlərinə, sülh, sabitlik və təhlükəsizliyə, taleyüklü məsələlərdə beynəlxalq həmrəyliyə və əməkdaşlığa böyük önəm və üstünlük verməsi təkcə Qoşulmama Hərəkatı çərçivəsində deyil, beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.
Dövlət başçısı Azərbaycanın təqribən 30 il ərzində beynəlxalq ictimaiyyətin ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcəyini gözləməsindən danışıb. Cənab İlham Əliyev xatırladıb ki, bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Münaqişə isə həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə artıq heç bir əsas və ehtiyac yoxdur.
Dövlət başçısı öz çıxışında daha bir məqama toxunaraq bildirib ki,  “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır”. Dövlət başçısının BMT-də islahatların zəruri olması ilə əlaqədar sözləri bütün bu reallıqlara əsaslanır. Bəli, 70 ilə yaxın müddətdə, xüsusilə də son 30 ildə baş verən hadisələr, siyasi-hüquqi mənzərə BMT-də islahatların zəruri olduğunu qeyd-şərtsiz təsdiqləyir.
Azərbaycan məqsədinə - strateji hədəfinə güc və siyasi müdriklik sayəsində çatdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ölkəmizin ərazi bütövlüyü, tarixi ədalət bərpa edildi.
 
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Şərhlər

XƏBƏR LENTİ