SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Hikvizion Azerbaijan” şirkəti müştərilərini necə aldadır? - İNANILMAZ FAKTLAR

“Hikvizion Azerbaijan” şirkəti müştərilərini necə aldadır? - İNANILMAZ FAKTLAR

Tarix:

29-06-2022, 19:27

/ 365 dəfə oxundu.
“Hikvizion Azerbaijan” şirkəti müştərilərini necə aldadır? - İNANILMAZ FAKTLAR

 
Məlumdur ki, hazırda ölkə bazarında satış və xidmət sahəsi ilə məşğul olan kifayət qədər şirkət fəaliyyət göstərir. Əksəriyyəti də özünün rəsmi saytında istehlakçılara ən yüksək, sərfəli və zəmanətli məhsul və xidmət təqdim etdiyini vurğulayır. Ancaq təəssüf ki, belə cəlbedici reklamlar çox vaxt istehlakçıların məmnunluğuna hesablanmır, əksinə, xırda narazılıqlar belə, obyektiv şəkildə aradan qaldırılmır.

KONKRET.az-ın redaksiyasına müraciət edən Sabunçu rayonu Pirşağı qəsəbəsi Ağa Əlizadə küçəsi, ev 3, mənzil 1-də yaşayan Elnur Əfqan oğlu Cabbarovun şikayəti də məhz fəaliyyətini “Get, hara istəyirsən şikayət et” prinsipi üzərində quran belə şirkətlərdəndir.

“Hikvizion Azerbaijan” adlı şirkətdən narazı qalan E.Cabbarov bildirir ki, onun təhlükəsizlik kameraları quraşdıran əməkdaşları istehlakçıları aldatmaqla məşğuldur. Şikayətçi deyir ki, təxminən bir il bundan öncə şirkətin qaynar xətti vasitəsilə əlaqə saxlayaraq evinə kamera quraşdırmaq istəyib. Və bir neçə gündən sonra şirkət tərəfindən mənzilinə yönləndirilən Samir adlı usta quraşdırma işi aparıb. E.Cabbarovun sözlərinə görə, quraşdırma zamanı usta ilə aralarında kameranın 16 çıxışlı olması razılaşdırılıb və sonda bu xidmətə görə də ödəniş edilib.

Üstündən uzun müddət keçəndən sonra vətəndaş adıçəkilən şirkətin əməkdaşı tərəfindən aldadıldığını anlayıb. Belə ki, yeni kameralar qoymaq istəyən E.Cabbarova çağırdığı digər bir usta tərəfindən izah olunub ki, vaxtilə evinə quraşdırılan aparata 16 deyil, 4 çıxış qoyulub.

Məsələ ilə bağlı adıçəkilən şirkətin qaynar xəttinə müraciət edən vətəndaş qeyd edir ki, oradan müsbət cavab ala bilməyib. Belə ki, şirkət quraşdırma işi ilə məşğul olan əməkdaşlarına cavabdeh olmadığını deyib. Xidmətindən narazı qalan istehlakçıya heç bir yardım etməyəcəyini də bildirib.

Biz də öz növbəmizdə şirkətlə əlaqə saxladıq. Suallarımızı “Hikvizion Azerbaijan”ın Nərimanov filialının müdiri Anar Fərmanlı cavablandırdı. A.Fərmanlı ilk olaraq təmsil etdiyi şirkətin “peşəkar həll yolları ilə” Azərbaycanda 12 ildən çoxdur tanındığını dilə gətirdi. Onu da əlavə etdi ki, “Bizim Azərbaycanın müxtəlif rayon və şəhərlərində dillerlərimiz və şirkətimizlə normal işləyən ustalarımız var. Və ola bilər ki, müştəri malımızı onların vasitəsilə əldə edib”. Anar müəllimə Samir adlı ustanın məhz şirkət tərəfindən müştəriyə yönləndirildiyini xatırladanda isə bildirdi ki, onlar ustanın işinə və neqativlərinə cavabdeh deyil. Və son olaraq müştəriyə çıxış yolu kimi polis orqanlarına müraciət etməyi məsləhət gördü.

Məsələylə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparmalı olduğunu biz də məqsədəuyğun hesab edirik. Çünki ortada bir dələduzluq faktı var. Və bu fakta rəvac verənlər mütləq qanunla cəzalandırılmalıdır.

KONKRET.az

Şərhlər

XƏBƏR LENTİ