SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 17 il əvvəl keçirilən “Qara kəmər” əməliyyatı iki naziri hədəf almışdı – Sirlər açılır

17 il əvvəl keçirilən “Qara kəmər” əməliyyatı iki naziri hədəf almışdı – Sirlər açılır

Tarix:

10-03-2022, 12:12

/ 673 dəfə oxundu.
17 il əvvəl keçirilən “Qara kəmər” əməliyyatı iki naziri hədəf almışdı – Sirlər açılır

17 il əvvəl, martın 10-da Milli Təhlükəsizlik Nazirliyi (2016-cı ildə ləğv edilib) “Qara kəmər” adlı əməliyyat keçirdi. Bu əməliyyatla illərlə bağlı qalan adam oğurluqları və sifarişli qətlləri törədən dəstə zərərsizləşdirildi.

Rəsmi istintaq sənədlərində Hacı Məmmədovun rəhbərlik etdiyi, 2-ci həyat yoldaşı Nailə Quliyevanın da daxil olduğu qrup İlham Qədimzadə, Cavid Manafov, Ülvan Bağırov, Əhməd Məmmədov, Zeynalabdin Babayev, Oqtay Babayev, Murad Kazımov, Məcid Məmmədov Zamirə Hacıyevanın oğurlanmasında, Anar Sultanov, Yaruxom İliyevin oğurlanmasına cəhddə, Şirxan Albiyev, Boris Ayyubov, Ruslan Ukuşev, Dilbər Novruzova, Mehman Səmədov, Novruz İsmayılov, Azər İsmayılov, Rövşən Əliyev, Fətulla Hüseynov, Rəna Nəsibovanın qətlində təqsirli biliniblər. Oğurlanan İlham Qədimzadənin qulağı Hacı Məmmədovun şəxsi göstərişinə əsasən kəsilib və valideynlərinə göndərilib.

Cəmiyyətdə çox ciddi rezonans doğuran, MTN-nin nüfuzunu göylərə qaldıran bu əməliyyat sonradan elə onu keçirən Eldar Mahmudov tərəfindən gözdən salındı.

Sabiq nazir “Qara kəmər” əməliyyatından ambisiyalarını həyat keçirmək üçün itifadə etməyə başladı. Sonradan təsdiq olundu ki, Eldar Mahmudov “Qara kəmər”in “baş qəhrəmanı” Hacı Məmmədovdan həbsə almaq istədiyi vəzifə daşıyıcılarına qarşı maşa kimi istifadə edib.

Üzə çıxdı ki, dəstə başçısı Hacı Məmmədov ibtidai istintaq zamanı ailə üzvlərinin həyatına qəsd ola biləcəyi ilə şantaj olunub. 2-ci həyat yoldaşından olan qızına şəxsiyyət vəsiqəsinin verilməsi yasaqlanıb ki, ölkədən çıxa bilməsin. Bu haqda Hacı Məmmədova da məlumat verilməklə istədikləri ifadələri verməyəcəyi təqdirdə qızı ilə bağlı problemlər yaşayacağı deyilib. Təhdidlər bununla da bitməyib. Hacı Məmmədovun bacısı oğlunun, bacısının həyat yoldaşının da ömürlük həbsə göndəriləcəkləri ona bildirilib. Bu yolla ondan dəstə üzvləri tərəfindən törədilən cinayətlərlə bağlı MTN rəhbərliyinin maraqlarına uyğun ifadə verməsi istənilib. Hacı Məmmədovun tələblə razılaşmaqdan başqa yolu qalmayıb.

Beləcə, Hacı Məmmədovdan rəisi olmuş general Zakir Nəsirovun əleyhinə doğruluğuna böyük şübhələr olan ifadələr alınıb. Zakir Nəsirovun özü də həbsindən sonra təhdidlərlə üzləşib. Rəhbərliyi barəsində ondan tələb olunan şəkildə ifadə verməyəcəyi təqdirdə ömürlük həbsə göndəriləcəyi deyilib. General hələ məhkəmədə çıxışında da bildirirdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq üçün onu həbs etdirib. Lakin tələb olunan ifadəni vermədiyinə görə əvvəlcədən də xəbərdarlıq edildiyi kimi, ömürlük həbslə cəzalandırılıb. Hacı Məmmədov məhkəməsində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlini öz üzərinə götürdü və sifarişçi kimi vaxtilə iqtisadi inkişaf naziri olmuş Fərhad Əliyevi göstərdi. İfadə səsləndirildiyi andan doğruluğuna şübhələr vardı və bu gün də həmin ifadənin araşdırlıb-araşdırlmadığı bilinmir. Qeyri-ciddi ifadələri ilə yadda qalan Hacı Məmmədov bununla belə məhkəməsində danışmağa, həqiqətin üzə çıxmasına yönəlik ifadələr verməyə ara-sıra cəhdlər göstərirdi. Amma son nəticədə Hacı Məmmədov danışmaqdan çəkindirildi.

Hamı gec-tez Hacı Məmmədovun bildiklərini, ən azından bir qismini deyəcəyini gözləyirdi. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra bu gözləntilərin doğrulması üçün real şərait yarandı. 2015-ci ilin dekabrında Hacı Məmmədov öz təşəbbüsü ilə Ali Məhkəməyə ərizə ilə müraciət etdi. Ali Məhkəmənin sədri Ramiz Rzayev onun ərizəsində göstərdiyi yeni halların araşdırılmasının mümkünlüyünü yoxlamaq üçün hakimlərdən birinə tapşırdı. Bu gün həmin hakimin adı açıqlanmır. Belə ehtimal vardı ki, ərizənin araşdırılmasında Hacı Məmmədovun dəstəsinin işi üzrə hökm çıxarmış hakimin özündən - Əli Seyfəliyevdən məsləhətlər alınıb. Məsələ burasındadır ki, Əli Seyfəliyev Hacı Məmmədov və digərlərinin işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi adlanan, 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxuyan hakim olub. O zaman məhkəmə çoxsaylı faktların araşdırılmasında maraqlı olmadı.

2008-ci ildə isə Əli Seyfəliyev Ali Məhkəmənin kollegiyasının üzvü təyin edilib. “Qara kəmər” işi üzrə məhkəmənin gedişatından xəbəri olanlar Əli Seyfəliyevin Ali Məhkəməyə hakim təyinatını onun qanunları kənara qoyub verilən göstərişləri yerinə yetirməsinin qarşılığı kimi qiymətləndirirdilər. 2015-ci ildə Ali Məhkəməyə Hacı Məmmədovun ərizəsi daxil olandan sonra araşdırılması da məhz cinayət kollegiyasına tapşırılmasına şübhə yoxdur. Həmin kollegiyanın 7 üzvündən biri Əli Seyfəliyevdir.

Məsələnin digər maraqlı tərəfi də Hacı Məmmədovun onunla bərabər həbs olunan şəxslərdən fərqli olaraq MTN-in istintaq təcridxanasında saxlanılmasıdır. Hacı Məmmədovun bacısı Arifə Məmmədova “Yeni Müsavat”a açıqlamasında demişdi ki, qardaşını Eldar Mahmudov 10 il MTN-də faktiki girov vəziyyətində saxlayıb.

Həmin yazıdan sitat:
“Arifə Məmmədovanın sözlərindən aydın olub ki, Hacı Məmmədov işin yenidən araşdırılmasını tələb edir. Buna görə də ona yeni vəkil tutulub. Arifə Məmmədova “Qabaqda proseslər var. Hacı nə bilirsə, açıb deyəcək. Tələsməyin, hər şey ortaya çıxacaq. Yenidən istintaq araşdırması olacaq” - deyə bildirmişdi.
Arifə Məmmədova qardaşı ilə görüş zamanı etdikləri söhbətlərin mövzusunu da açıqlamışdı: “Köhnə işlərdən danışdı, dedi ki, Zakir Nəsirov günahsızdır, çıxmalıdır. Onu məcbur ediblər. Vəkili gözləyir, yazıb verəcək. O istəyir ki, bütün bu məsələlər “ofisialnı” olsun. Hər şeyi açıb deyəcək”. Arifə Məmmədova qardaşının illərlə susmasının səbəbinə də aydınlıq gətirmişdi: “Necə desin? Ora yerdir? Özləri “julik”in böyüyü idilər (ləğv edilən MTN-nin keçmiş rəhbərliyini nəzərdə tutur- E.M). Hər şeyi açıb deyəcəyik. İndi ona təzyiqi kim edəcək? 10 ildir ki, oradadır... Onu bu illər ərzində təzyiq altında saxlayıblar orada. Hər şeyi bir-bir deyəcək”.

Lakin Ali Məhkəmə Hacı Məmmədovun yenidən məhkəmə keçirilməsi tələbinə yox dedi. Beləcə, baş vermiş cinayətlərin həqiqi motivi, sifarişçilərin kimlikləri, Hacı Məmmədovun dəstəsi tərəfindən törədilən, “Qara kəmər” əməliyyatından sonra açılmayan cinayətlərin barəsində açıqlama verməsinin qarşısını aldı.

Hacı Məmmədovun yaxınları vasitəsi ilə şərlədiyini açıqladığı sabiq rəisi Zakir Nəsirov bu azadlıqdadır.
2007-ci ildə Hacı Məmmədovla birlikdə ömürlük həbsə məhkum edilən Zakir Nəsirov 2017-ci ildə əfv olundu - onun ömürlük cəzası 15 illə əvəz edildi. Əfv sərəncamından dərhal sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət etdi. Məhkəmə də müraciəti təmin edib, Zakir Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.

2016-cı ildə Hacı Məmmədov 11 qanunsuz olaraq saxlanıldığı MTN təcridxanasından Qobustan qapalı həbsxanasıan köçürülməsi ilə bağlı müraciətlər etdi.

Həmin il mayın 2-də onu MTN-in istintaq təcridxanasından köçürdülər. Amma ərizəsində göstərdiyi ünvana yox. Şəkər xəstəsi olan Hacı Məmmədovun səhhətindəki problemləri əsas götürüb Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürdülər. Oradan isə Hacı Məmmədovun meyidi çıxdı. Rəsmi məlumatda onun intihar etdiyi göstərilsə də, bu, inandırıcı görünmür.

Qeyd edək ki, Hacı Məmmədov və digərləri 2005-ci il martın 10-da MTN-in keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunublar. 2006-cı ildən 2007-ci ilə qədər davam edən məhkəmə zamanı Hacı Məmmədov yarımçıq ifadələr verməklə, bir-birinə zidd olan fikirlər səsləndirib. Məhkəmənin keçirildiyi günlərdə mətbuatda onun həqiqəti gizlətməyə çalışdığı haqda çoxsaylı yazılar dərc olunub. Hacı Məmmədovun yarımçıq ifadələri ilə yaddaşlarda qalan məhkəmənin sonunda onun özü də daxil olmaqla, DİN-in keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər. Zamində olan 3 nəfərdən biri - İbrahim Bağırovun barəsindəki cinayət işi xitam edilib. Digər 2 nəfər - Azər Əliyev və Aqil Hüseynov isə 2 il şərti cəza alıblar. Onlar saxta sənəd hazırlamaqda, dələduzluq və sair bu kimi əməllərdə təqsirli bilinirdilər. Qalan 13 nəfərə isə 8 ildən 15 ilədək həbs cəzası verilmişdi. Məhkəmə Hacı Məmmədov və digər 26 nəfər barədə hökmü 2007-ci il yanvarın 19-da çıxarıb.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ