XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Samir Şərifov, bahalaşanda Avropa, maaş alanda Afrika? - ETİRAZ

Samir Şərifov, bahalaşanda Avropa, maaş alanda Afrika? - ETİRAZ

Samir Şərifov, bahalaşanda Avropa, maaş alanda Afrika? - ETİRAZ
11-11-2021, 14:02


Noyabrın 10-da maliyyə naziri Samir Şərifov ölkədə bahalaşmaya və rüsumların artımına elə don geyindirdi ki, hər tərəfi alaçıq, yarımlüt qaldı. Reportyor.info-nun siyasət şöbəsi yazır ki, ölkənin maliyyə sektoruna cavabdeh olan nazir bir tutarlı səbəb tapa bilmədi. Əhalini inandırmağa çalışdı ki, guya bütün dünyanı bahalaşma cənginə alıb, S. Şərifov gül vurdu, dedi ki, ən aşağı rüsum olan ölkə bizim məmləkətdir. “Tarixi Nadiri” yarıya qədər oxumuş adam da yaxşı bilir ki, bahalaşmanın baiskarı hökumətdir: benzin, işıq, qaz, su tarifləri artırılıb, marketlərdə hər şeyin qiyməti qalxıb, monopoliya zərrə qədər aradan qalxmayıb, inflyasiya gedir, əhalinin gəlirləri isə artmaq bilmir.

Nazir isə Tarif Şurasında xalqın əzrayılı kimi çıxış edir, qiymət artımına gedir, bu yandan isə parlamentə hesabat verəndə səbəbi xarici faktorlarda axtarır. Guya deputatlardan kimsə nazirə etiraz edəcəkdi. Sadəcə, bu, xalqı ələ salmaqdır. Sən bütün dövlət xidmətlərinin rüsumunu qaldır, hətta boşanma üçün rüsumu, hətta vətəndaşlıqdan çıxıb bu ölkədən imtina edən şəxsdən də tələb edilən rüsumu qaldır, sonra Samir Şərifov söyləsin ki, guya dünyada rüsumlar yüksəkdir, bizdə aşağı…Cənab nazir, bəs o xaricdə maaşların, həyat səviyyəsinin də yüksək olduğunu bilirsinizmi? Necə olur ki, maaş, pensiya artımına gələndə ölkəni geridəqalmış dövlətlərlə müqayisə edirsiniz, artıma gedəndə inkişaf etmiş Avropa ilə?!
Bizi Almaniya, Fransa, İngiltərə ilə bir tərəziyə qoyanda, zəhmət olmasa maaş və təqaüdlərin məbləğini də Qərblə tay tutun. İqtisadiyyatı neftdən asılı olan, kölgə iqtisadiyyatı büdcədən azı 3 dəfə artıq olan bu ölkədə inhisarın, korrupsiyanın qarşısı alınmır, qiymət artımı ilə bağlı əti bir dəfə belə total yoxlama aparılmır, bəs bahalaşmanı kimlər yaradır? Beləliklə, hökumət əhalini yeni sosial gərginlik və yoxsulluqla baş-başa buraxıb, gülümsəyin cənablar, gülümsəyin!!!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.