XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Moskva görüşü gözləntisi, Paşinyanın 8 noyabr həyəcanı və “3+3” təklifi - Həssas mərhələ...

Moskva görüşü gözləntisi, Paşinyanın 8 noyabr həyəcanı və “3+3” təklifi - Həssas mərhələ...

Moskva görüşü gözləntisi, Paşinyanın 8 noyabr həyəcanı və “3+3” təklifi - Həssas mərhələ...
6-11-2021, 17:57


İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi, “3+3” formatı da adlandırılan “Altılıq platforması”nın həyata keçirilməsi istiqamətində müsbət mesajlar verilməkdədir. Rəsmi Bakı və Ankaranın təklif etdiyi sözügedən format üç Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Gürcüstan, Ermənistan və regiona qonşu olan üç ölkənin – Rusiya, Türkiyə və İranın iqtisadi əməkdaşlığının qurulmasını nəzərdə tutur.


Bir neçə gün öncə Türkiyə Prezidenti Rəsəb Tayyib Ərdoğan “3+3” formatından danışarkən bildirdi ki, region ölkələrinin əməkdaşlığı bu platformada vacibdir və əgər ölkələr razılaşacaqsa, əməkdaşlıq tezliklə başlaya bilər. Azərbaycan isə dəfələrlə bəyan edib ki, biz regionda sülhün və əməkdaşlığın tərəfdarıyıq.

Bugünlərdə Rusiya və Ermənistan tərəfindən də “3+3” ilə bağlı müsbətə doğru fikirlər səsləndirilib. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son açıqlamasında “3+3” formatının həyata keçirilməsi perspektivlərindən danışarkən deyib ki, Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü, “3+3” adlandırılan konsultativ regional mexanizmin yaradılması ideyasını dəstəkləyirlər: “Söhbət Cənubi Qafqaz ölkələrindən və onların qonşularından gedir, bunlar Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İrandır. Vurğulamaq istərdim ki, bu planların praktiki həyata keçirilməsinin vaxtı çatıb”.

“Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün potensial iştirakçılarının maraqlarına cavab verir. Fikrimizcə, onun işə salınması dövlətlərarası münasibətlərdə etimadın artmasına, mövcud ziddiyyətlərin tənzimlənməsinə, regionun iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edərdi. Suallar çoxdur. Format həm köhnə problemlərin həlli yollarını, həm də yeni çağırışlar üçün həll yolları təklif edə bilər və etməlidir”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Rəsmi İrəvandan isə bir qədər fərqli fikir səsləndirilsə də, əslində əməkdaşlığa meyillilik hiss olunmaqdadır. Belə ki, Ermənistanın xarici işlər nazirinin müavini Vahe Gevorqyan regional əməkdaşlıq üçün bir neçə təklif aldıqlarını, onlardan birinin də “3+3” formatı olduğunu söyləyib: “Hamıya qarşı ümumi mövqe formalaşdırmalıyıq. “3+3” formatına gəlincə, Ermənistanın prioriteti milli maraqları qorumaq, təhdid və riskləri hesablamaqdır. Təklif olunan əməkdaşlıq formatları mövcud formatları təkrarlamamalıdır. Bu baxımdan bizim üçün prioritet ATƏT-in Minsk Qrupunun formatını təkrarlamamaqdır. Bütün bu əməkdaşlıq təklifləri nəzərdən keçirilir. Lakin hər hansı irəliləyiş və ya qərar barədə danışmaq hələ tezdir”.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev isə vurğulayıb ki, Bakı diplomatik kanallar vasitəsilə “3+3” regional əməkdaşlıq mexanizminin yaradılmasını müzakirə etməkdədir: “Bu format regionda gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edir. Hazırda bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə təmaslar aparılır. Ümumilikdə, Azərbaycan bu prosesi dəstəkləyir. Bu formatın əsasında müzakirələrimizi davam etdirməyə və yeni mexanizm, regional əməkdaşlıq platforması yaratmağa hazırıq”.

Eyni gündə Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin “Altılıq platforması” barədə açıqlaması regional əməkdaşlıqla bağlı qarşıdakı müddətdə razılaşmaların əldə ediləcəyi ehtimalını artırır. Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib ki, Ermənistan hakimiyyəti “3+3” formatı ilə bağlı Rusiyaya etiraz edə bilmir:

- Zaxarova açıq dedi ki, Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsünü Moskva dəstəkləyir. İrəvan bu təşəbbüsdən qoruxur, qaçmağa çalışır. Yenə deyirəm, Ermənistan XİN rəsmisinin açıqlaması onu göstərir ki, İrəvan Moskvaya “yox” deyə bilmir. Qorxunun səbəbi isə odur ki, “Altılıq platforması”nda təmsil olunmaq üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu, İrəvan üçün məcburiyyət olacaq. Digər şərtlər ortaya çıxacaq – Zəngəzur dəhlizinin reallaşması, sərhədlərin delimitasiya və demarkasiyası prosesi başlayacaq. Bütün bunlara isə Ermənistan hazır deyil. Azərbaycanın ərazi bütövlüyünü tanımaq Qarabağın Azərbaycan ərazisi olduğunu demək anlamı verir.

- Və Paşinyan “Qarabağ Azərbaycandır!” demək istəmir…

- Bəlkə də Paşinyan daxilən buna hazırdır. Sadəcə Baş nazir qorxur ki, erməni cəmiyyətini və radikal “Qarabağ klanı”nı bu razılaşmalara getməyin Ermənistan üçün sərfəli olduğuna inandıra bilməyəcək. Bu səbəbdən Nikolun hakimiyyətini devirə də bilərlər. Bu səbəbdən də Paşinyan ehtiyatlı mövqe tutmağa çalışır. Rəsmi İrəvan tərəfindən ATƏT-in Minsk Qrupunun adı da ona görə tez-tez çəkilir ki, ABŞ və Fransanı da prosesə qoşsunlar və bu ölkələrin dəstəyi ilə “3+3” formatının reallaşmasına mane olsunlar. Problem ondadır ki, ABŞ və Fransa bölgədə əsas oyunçu deyil. İkinci Qarabağ müharibəsi onu göstərdi ki, regionda iki əsas siyasi güc var – Rusiya və Türkiyə. Rusiya və Türkiyə isə ABŞ-la Fransanın bölgədə fəal rolunu istəmir. Bu ölkələrin hamısının bir-biri ilə münasibətlərində gərginliklər və suallar var. Ermənistan gec-tez Azərbaycan və Türkiyənin Rusiya tərəfindən də qəbul edilən təklifi ilə razılaşacaq. Sadəcə İrəvan prosesi uzatmağa çalışır.

Əslində biz məsələni Rusiya ilə danışmalıyıq. Əgər Rusiya da regional əməkdaşlığı istəyirsə, zəhmət çəkib Ermənistanı razı salsın. Ermənistan Rusiyadan asılı dövlətdir, müstəqil siyasət yürüdə bilməz. Əgər Moskva “3+3” formatını dəstəklədiyini sözdə deyirsə, əməldə də bunu ortaya qoymalıdır. Yoxsa ki, təklif bir ilə yaxındır verilib, reallaşması istiqamətində isə heç bir irəliləyiş yoxdur.

- İran və Gürcüstanın da platformaya münasibəti maraqlıdır. Sizcə, Tehran və Tiflis “Altılıq platforması” ilə bağlı hansı siyasət həyata keçirəcək?

- Məncə, İranın əməkdaşlığa marağında problem yoxdur. Düzdür, İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürdü. Son vaxtlar isə Tehran əvvəlki siyasətinə qayıtdı, anladı ki, səhvə yol verib. Regional layihələrdə iştirak etmək İranın da maraqlarına uyğundur ki, bölgədən kənarda qalmasın. Gürcüstanla bağlı isə problem var və bu, obyektiv problemdir. Gürcüstanın əraziləri Rusiya tərəfindən işğal olunub və 2008-ci ildən bu yanadır ki, Tiflislə Moskva arasında diplomatik münasibətlər yoxdur. Gürcüstanın xarici işlər naziri bu yaxınlarda açıqlama verdi ki, regional layihələrdən kənarda qala bilməzlər. Nazirin açıqlaması ona işarədir ki, baxmayaraq ki, Rusiya ilə diplomatik münasibətləri yoxdur, amma “Altılıq platforması”nda bu və ya digər formada iştirakçı ola bilərlər.

- Gözlənilirdi ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq və yeni razılaşmalara imza atılacaq. Amma görüş rəsmi təsdiqini tapmadı. Maraqlıdır ki, Ermənistan cəmiyyətində belə fikir var ki, bu yaxınlarda yeni razılaşmalar imzalanacaq. Hətta erməni müxalifəti 8 noyabr tarixinə mitinq təyin edib. Yeni razılaşmalar, onların da daxilində “3+3” formatının razılaşdırılması mümkündürmü?

- Bir həftə qabaq Rusiya hakimiyyətinə yaxın informasiya resursunda – “RİA Novosti”də xəbər yayıldı ki, noyabrın ilk həftəsində liderlər görüşəcəklər, razılaşmalar olacaq. Daha sonra erməni mediası bu barədə yazdı. Amma görünür, bu həftə görüş alınmayacaq. Gələn həftə liderlərin bir araya gəlməsi də problematik görünür. Ola bilsin ki, XİN başçıları görüşsünlər. Digər yandan, Ermənistan müsbət addım atmağa hazır deyil. İrəvan nə sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı, nə dəhlizlə bağlı, nə sülh sazişi ilə bağlı müsbət addım atmağa hazır görünür. Hələ ki, Ermənistan müqavimət göstərir. Halbuki Rusiya ən azından dəhlizin tez zamanda reallaşmasını istəyir. Yenə deyirəm, Rusiya istəyirsə, Ermənistana təzyiq etməlidir ki, bunu görmürük. Paşinyanda isə cəmiyyətdən və “Qarabağ klanı”nın təzyiqindən qorxu var. Müxalifətin noyabrın 8-nə mitinq təyin etməsi də göstərir ki, Ermənistan hakimiyyətinə ciddi basqı var. Mitinq kütləvi olsa, bu, Paşinyana ciddi mesaj olacaq. Ola bilsin ki, Paşinyan mitinqin nəticəsini də gözləyir. Kütləvilik olacaqsa, Nikolun mövqeləri zəifləyəcək. Mitinqə az sayda insan toplaşacaqsa, o zaman Paşinyanın əli güclənəcək və müəyyən addımlar atmaq üçün arxayınlıq yaranacaq.

Bütün bunlar bizim yox, Paşinyanın problemidir. Biz gözləyirik ki, yekun sülh istiqamətində addımlar atılsın. Azərbaycan bütün təkliflərə hazırdır. “3+3” formatına, “2+2” formatına (Azərbaycan-Ermənistan və Rusiya-Türkiyə) açığıq. Yaxud da ABŞ-ın ancaq Cənubi Qafqazın 3 ölkəsinin əməkdaşlığını nəzərdə tutan təklifi var ki, biz bunların hamısına hazırıq. Çünki bu təkliflərin reallaşması ilə dövlətlər bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımağa məcbur qalacaq. Ermənistanda isə vəziyyət ağır olduğuna və siyasi böhran davam etdiyinə görə bu addımları ata bilmirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.