XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Həkim xalatı ilə pərdələnən RÜŞVƏTXORLUQ: - “Psixoloji sarsıntı keçirən xəstələrdən pul almaq...”

Həkim xalatı ilə pərdələnən RÜŞVƏTXORLUQ: - “Psixoloji sarsıntı keçirən xəstələrdən pul almaq...”

Həkim xalatı ilə pərdələnən RÜŞVƏTXORLUQ: - “Psixoloji sarsıntı keçirən xəstələrdən pul almaq...”
22-04-2021, 17:26

"Zığdakı xəstəxanada ölməyi gözlənilməyən çox sayda xəstə normal müalicə almadığı və ya aparılan müalicənin yanlışlığı səbəbindən həyatını itirib”.

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Zığdakı Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlu və “Yeni klinika”nın direktoru Abbasov Pərviz Akif oğlunun həbsinə münasibət bildirən tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, həkimlər arasında yaşanan bu hal dərin təəssüf hissi doğurur:

“Koronavirusla bağlı xəstə yaxınlarından müəyyən vəsaitin alınması və müalicə prosedurlarının rüşvət müqabilində həyata keçirilməsi yumşaq desək, yaxşı hərəkət deyil. Zığdakı xəstəxanada ölməyi gözlənilməyən çox sayda xəstə məhz normal müalicə almadığı və ya aparılan müalicənin səhv olması ucbatından həyatını itirib.

Yaşlı və ağciyərində kifayət qədər ciddi problemi olan xəstələr bu xəstəxanaya daxil olursa, mütləq ölürlər. Yaşlı xəstələr yalnız xəstəliyi yüngül keçirdikləri təqdirdə sağ qalırlar və oranın həkimləri xəstəni müalicə etdiklərini bildirirlər. Əgər xəstəliyin nəticəsini bilmirlərsə və üstəlik, xəstədən rüşvət alırlarsa, bu, heç bir məntiqə sığmır.

Onsuz da Zığdakı xəstəxanada çalışan həkimlərə yüksək məbləğdə maaş verilir. Sözügedən şəxslər və köməkçiləri həqiqətən, rüşvətə görə həbs olunublarsa, bu, yerində atılmış addımdır. Koronavirusa yoluxan istənilən şəxs onsuz da, gərgin psixoloji vəziyyətə düşürlər. Ölüm qorxusu və müəyyən çətinlik yaşayan bu şəxslərə həkimlər tərəfindən əlavə maddi və mənəvi sarsıntıların vurulması ağılasığmaz hərəkətdir”.

Bu cür halların cəmiyyətimizdə səhiyyə sisteminə yönəlik inamsızlığı daha da artırdığını vurğulayan Rasif Bağırov qeyd edib ki, analoji həbslər vətəndaşların milli səhiyyəyə etimadını bərpa edə bilməyəcək:

“Ölkəmizdə işinin öhdəsindən layiqincə gələn çox savadlı həkimlərin sayı kifayət qədərdir. Lakin savadsız və apardığı müalicənin nədən ibarət olduğunu anlamayan həkimlər də həddindən çoxdur. Bu həkimlər savadlı həkimlərin də reputasiyasını korlayırlar.

Ona görə də uzun müddətdir ki, haqlı və ya haqsız olaraq cəmiyyətdə həkimlərə qarşı bir aqressiya hökm sürür. Kütləvi informasiya vasitələri, ictimai təşkilatlar və xalq arasında həkimləri pisləyəndə, sanki insanlar çox rahat olurlar.

Əslində, Azərbaycanda həkim sıxlığı mövcuddur. Yəni ölkə üzrə hər min nəfərə düşən həkim sayı normadan çoxdur. Lakin nalayiq hərəkət edən həkimlərin ucbatından cəmiyyətdə bütün həkimlər qınaq obyektinə çevrilirlər. Bu vəziyyətin düzəlməsi üçün zaman ehtiyac var”.

Qeyd edək ki, sözügedən hər iki şəxs koronavirus xəstələrinin rəhbəri olduqları tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində xəstə yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində alınmasında ittiham olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.