XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Feyziyevlə “Avromed”i prezident qarşısında ifşa edən həbsin sensasion – Pərdəarxası

Feyziyevlə “Avromed”i prezident qarşısında ifşa edən həbsin sensasion – Pərdəarxası

Feyziyevlə “Avromed”i prezident qarşısında ifşa edən həbsin sensasion – Pərdəarxası
12-03-2020, 09:32

Azərbaycanda tibbi maska sabotajının arxasından “Avromed” dərman firmasının çıxmasına dair şübhələr güclənməkdədir.

Bu ehtimal və mülahizələri səhihləşdirən şirkətin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşıRiad Məmmədovun keçirilən əməliyyat zamanı saxlanılanlar arasında olması faktıdır.

Reportyor.info xəbər verir ki, “Avromed” neçə gündür ölkədə süni şəkildə tibbi maska çatışmazlığı və bahalığı yaradılmasında rolunun olmasını israrla inkar edirdi.

Hətta bəzi xəbər portallarında sözügedən şirkətin və onun rəhbəri olduğu deyilən, özü isə bunu təkzib edən deputat Cavanşir Feyziyevin ünvanına təriflər yağdırılır, iddia irəli sürən KİV-lər yalançılıqda ittiham edilirdi.

Amma martın 11-də axşam saatlarında azpolitika.info-nun sosial mediadan üzə çıxardığı sensasion detal bir çox qaranlıq mətləblərə işıq saldı.

Aydın oldu ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən koronavirus təhlükəsinə görə artan tələbatdan sui-istifadə edərək tibbi maskaları baha qiymətə satan şəxslərin sırasında “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı da var.

Həmin fotoda Riad Məmmədov saxlanılan iranlı və çinlilərlə bir cərgədə dayanıb. Sadəcə, rəsmi informasiyada adı keçmir.

Məsələnin mahiyyəti isə Riad Məmmədovda yox, onun xanımının “Avromed”də yüksək vəzifə tutması və ağız maskası sabotajı ilə bağlı izlərin hara qədər gedib çıxmasındadır.

Çünki bu işin içində bəlkə də “Avromed” və deputat Cavanşir Feyziyev olmaya bilər. Amma faktiki olaraq, şirkətin və deputatın adı keçir.

Yəni, qeyri-ixtiyari suallar doğur: əvvəla, Riad Məmmədov və dəstə üzvləri 1 milyon maskanı necə əldə ediblər? Onların qısa müddətdə apteklərdən bu qədər tibbi maska yığmaları mümkünsüzdür.

O halda ya dərman depolarında işləyənlərlə əlbir olublar, ya da əksinə, “Avromed”də yüksək eşelonda Riad Məmmədova dəstək göstərilib.

Gedişat və baş verənlər daha çox ikinci versiyanın güclü olduğunu təsdiqləyir. Çünki depodan kimsə cəsarət edərək bu cinayətə qoşulmazdı.

Amma madam ki, şirkətin baş direktoru saxlanılan şəxsin həyat yoldaşıdır, onda belə bir dəstək niyə də olmasın?!

Digər tərəfdən, bütün bunlar ilk növbədə Cavanşir Feyziyevə çox ciddi şəkildə zərbə oldu; həm Milli Məclisin ilk iclası onun burnundan gətirildi, həm “Avromed”in icraçı direktorunun ərinin saxlanmasına görə adı bu işdə hallandı, həm də ictimaiyyət və siyasi rəhbərlik məsələdən agah oldu.

Bir sözlə, prezident İlham Əliyev koronavirusla bağlı bütün qurumlara mühüm tapşırıqlar verib, sui-istifadəyə yol verənlərin cəzalandırılacağını açıqlayıb, Feyziyev isə bu ərəfədə hədəfə gəlir. Hətta mandatı da riskdə…

Yeri gəlmişkən, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Cavanşir Feyziyevin dövlətin siyasətini saboataj etdiyini vurğulayaraq, ona deputat mandatının verilməməli olduğunu bildirmişdi.

Eyni zaman prokurorluğu ölkədə maska qıtlığı yaradanlar, o cümlədən Cavanşir Feyziyevlə bağlı araşdırma aparmağa çağırmışdı.

C.Feyziyev “Avromed”in ona aid olmadığını, şirkətin bütün aksiyalarını satdığını,rəhbərlikdən getdiyini söyləyir.

Bir neçə gün qabaq da haqqın.az saytına verdiyi açıqlamada mətbuatı günahlandırmışdı ki, onun adını əsassız yerə belə işlərdə hallandırırlar.

Amma bir sıra media portalları yazırlar ki, “Avromed”in əsas sahibi məhz deputatın özüdür, sadəcə, gizlədir və ona yönəlik tənqidlərdən yayınır.

Maraqlısı budur ki, haqqın.az şirkətin icraçı direktoru Əzizə Baxşıyevadan da açıqlama almışdı.

Xanım direktor demişdi ki, mətbuat maska yoxluğu ilə bağlı ictimai fikri gərginləşdirir: “Hər gün aptek şəbəkələrimizə 80 mindən çox maska çatdırırıq və onlar 20 qəpikdən baha olmayan qiymətə satılır.

Sonra eşidirik ki, həmin maskalar 1 manata satılır. Şirkətimizin deputat Cavanşir Feyziyevlə əlaqəli olması barədə məlumata gəlincə, bu yalandır”.

Və buyurun, mətbuatı maska defisiti haqda yalan yazmaqda, KİV-i vəziyyəti gərginləşdirməkdə ittiham edən Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov məhz bu işlə bağlı keçirilən əməliyyatda saxlanır.

Ümidvarıq ki, Baxşıyevanın verdiyi açıqlama ilə tərs mütənasiblik təşkil edən ərinin həbsi görüntüsü arasındakı məsələlərə özü aydınlıq gətirəcək. Biz bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, əməliyyat zamanı İran vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif, Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liun, Arif İsmayılov, Xaçmaz sakini Elvin Balamətov, Bakı sakinləri Elşən Ələkbərov, Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar.Dəstə üzvlərindən ümumilikdə 1 milyon ədədə yaxın tibbi maska müəyyən edilərək maddi sübut kimi götürülüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.