SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dövlətdən oğurlanan milyardları necə xilas etməli - GƏLİŞMƏ

Dövlətdən oğurlanan milyardları necə xilas etməli - GƏLİŞMƏ

Tarix:

12-03-2020, 09:16

/ 1 247 dəfə oxundu.
Dövlətdən oğurlanan milyardları necə xilas etməli - GƏLİŞMƏ

London məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ailəsinə bağlı bir malikanənin və 2 başqa mülkün bundan sonrakı taleyini müəyyən edəcək. London Ali Məhkəməsində baş tutmuş dinləmədə bu mülklərin sahibi olan şirkətlərin vəkilləri Britaniya Milli Cinayət Agentliyinin bu daşınmaz əmlaka bağlı təhqiqatının dayandırılmasını tələb etməli idilər. Söhbət zirzəmisində üzgüçülük hovuzu və kinoteatrı olan böyük malikanədən gedir. Malikanə Londonda “milyarderlər cərgəsi” kimi tanınan dəbdəbəli məhəllədə yerləşir. Sərt təhlükəsizlik sistemi olan mülk ofşor ərazidə yerləşən şirkətlərin mülkiyyətindədir. Lakin sənədlərdən məlum olur ki, bu evdə Nazarbayevin nəvəsi Nurali Aliyev və onun həyat yoldaşı Aida Aliyeva yaşayır. Nazarbayevlərin qeyd olunan daşınmaz əmlakı ümumi dəyəri 104 milyon dollar olan üç mülkdən biridir.

2019-cu ilin mayından bəri bu mülklərə Britaniyanın yeni “İzaholunmaz Sərvət Sərəncamı” tətbiq olunub.

Britaniya Milli Cinayət Agentliyi bu sərəncamdan istifadə edərək korrupsiyada şübhəli bilinən xaricilərin, onların ailə və qohumlarının mülkiyyəti barədə araşdırmaya başlaya bilər. Bu order ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya tətbiq edilib.

Nazarbayevə bağlı malikanədə yaşayan Nurali Aliyev biznesmen və investor olduğunu bildirib. Onun babası Nursultan Nazarbayev 30 il Qazaxıstana rəhbərlik etdikdən sonra 2019-cu ilin martında gözlənilmədən istefa verib. Hərçənd keçmiş prezident ölkədə real hakimiyyətini qoruyub saxlamaqdadır. N.Aliyevin anası Dariqa Nazarbayeva keçmiş prezidentin qızı və Qazaxıstan parlamentinin yuxarı palatası Senatın spikeridir.

Onun atası Rahat Aliyev vaxtilə Qazaxıstan hökumətində yüksək məqamlar tutub, lakin sonradan qayınatasının ən qatı opponentinə çevrilib. O, mühacirətdə olsa da, Qazaxıstanda 2 bankirin qətlində ittiham olunurdu və axtarışa verilmişdi. Rahat Aliyev 2015-ci ildə məhkəməsindən az əvvəl Avstriya həbsxanasındakı kamerasında asılmış vəziyyətdə tapılıb.

Ötən il Britaniya məhkəməsi Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğlunu da mənşəyi bəlli olmayan 650 min funt sterlinqi dövlətə verməyə təhkim edib. Ona da “İzaholunmaz Sərvət Sərəncamı” tətbiq olunmuşdu.

Göründüyü kimi, dünya siyasilərinin “ikinci evi” statusunu illərdir özündə saxlayan Londonda artıq vəziyyət dəyişib. Dünyadakı iqtisadi böhranlar İngiltərə hakimiyyətini radikal qərarlar verməyə sövq edib. İngiltərə hakimiyyəti bir qanun qəbul etməklə dünyanın dörd bir tərəfindən illərlə bu ölkəyə pul daşıyan Cənubi Afrika ölkələrindən tutmuş korrupsiya reytinqlərində yer alan əksər dövlətlərin rəsmilərinin mal varlığına əl qoyub. Daha İngiltərə dünya siyasilərinin “ikinci evi” statusunu özündə saxlamaq istəmir. Səbəbi də sadədir - daha sərf eləmir. Korrupsiya pullarının başqa ünvanlara axmaq ehtimalı var. Qarşısını bir qanun qəbul etməklə alırlar...

İngiltərə mətbuatında Londonda yaşayan və yaxud burada biznesi olan azərbaycanlı məmurların ailə üzvlərinin adlarına tez-tez rast gəlmək olur. Həbs olunmuş azərbaycanlı bankir Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva isə ingilis mətbuatının ulduzudur. Onun İngiltərədəki aktivləri hazırda dondurulub. O, özünə qarşı iddiaları rədd etsə də, İngiltərə məhkəməsi əleyhinə qərar verib. İngiltərə öz paytaxtına bütün dünyadan axışan oliqarxların “zəvvarlığına” son vermək üzrədir. Və istənilən təbəqələrdən olan varlıların qarşısında əsas maneə “İzahedilməz Sərvət Sərəncamı”dır. İngiltərə hakimiyyəti ölkədə mülklərə malik olan xarici siyasətçilər və oliqarxlar barəsində məhz ona əsasən araşdırma aparmaq hüququ əldə edib. “Transparency International UK”un məlumatına görə, Londonda elit evlərin 87 faizini əcnəbilər alıblar və əldə edilmiş mənzillərin 42 faizi korrupsiyanın yüksək səviyyədə olduğu ölkələrdən olan alıcılara məxsusdur. Qeyri-hökumət təşkilatının fəalları hesab edirlər ki, Londonda 4,2 milyard funt sterlinqlik mülklərin əldə edildiyi vəsaitlərin mənşəyini müəyyən etmək mümkün deyil.

“İzahedilməz Sərvət Sərəncamı”nın ilk olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşına tətbiq olunub. Bunun başlıca səbəbkarı da Zamirə Hacıyevadır. İngiltərə mətbuatı Zamirə Hacıyevanı “pul səpmək hobbisini cilovlaya bilməyən xanım” kimi xarakterizə edib. Yəni Zamirə Hacıyevanın dəbdəbəli həyat tərzi onun “İzahedilməz Sərvət Sərəncamı” çərçivəsində araşdırmalara cəlb olunmasına yol açıb.

İngiltərədə 50 min funt sterlinqlik evi olan şəxsin qeyd olunan məlum sərəncam çərçivəsində araşdırmalara cəlb edilməsi ehtimalı var. Hacıyevlərin isə Londondakı mal-mülklərinin toplam dəyəri 100 milyonlarla ölçülür.

50 min funtluq əmlakın sahibi “siyasi əhəmiyyətli şəxs”dirsə, onun araşdırmalara cəlb edilmə ehtimalı da yüksəkdir. Müxtəlif ölkələrdən olan deputatlar, keçmiş və indiki məmurlar, dövlət müəssisələrinin rəhbərləri, həmçinin onların köməkçiləri və ailə üzvləri bir anın içində İngiltərə qanunlarının qarşısında cavab verməli şəxsə çevrilə bilərlər. Yetər ki, Londonda və ya İngiltərənin digər yerlərində 50 min funt sterlinqlik əmlakı olsun.

Keçmiş sovet ölkələrindən imkanlı vətəndaşlar öz vasitələrini sərmayə şəklində azı 30 ildir ki, İngiltərə aktivlərinə və daşınmaz əmlak bazarına fəal şəkildə yatırıblar. Bu gün “Dumanlı Albion”da postsovet məkanından axan milyardlarla dollar vəsait cəm olub.

Hazırda Londondakı elit mülk sahiblərinin beşdə bir hissəsi rus dilində danışanlardır.

London küçələrində təkcə pul səpələyən Hacıyevlər olmayıb. Hələ 2017-ci ildə İngiltərə mətbuatının diqqət mərkəzinə o dövrdə kənd təsərrüfatı naziri olan Heydər Əsədovun oğlu Asif Əsədzadə gəlmişdi. Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə İngiltərə paytaxtında hərəkət edən maşının videogörüntüləri də vardı. Londonun mərkəzi küçələrindən birində Az 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin ora təyyarə ilə aparıldığı məlum olmuşdu.

Ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub. Burada öz bahalı maşınlarını nümayiş etdirən milyoner balaları ilə yanaşı, daşınmaz əmlaka kapital qoyanlar da az deyildi. London əslində varlıların investisiya qoymaq üçün müraciət etdiyi şəhərlər sırasında ilk yerlərdə qərarlaşmışdı. Londonda evi olmayan milyonerə dünyada az rast gəlmək mümkündür.

İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. İngiltərə vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. Londonda elit mənzillərin qiyməti 52 faiz artıb. Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən 7 dəfə artıb. 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub. 2016-cı ildə Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Xaricilər qiyməti 2 milyon funt sterlinq və daha yüksək olan elit mənzillərin alınmasında da əsas paya sahibdir. Bu il ərzində bahalı mənzillərin satışına dair sövdələşmələrin 60 faizi xaricilər tərəfindən bağlanıb. Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edib. Londonlu rieltorlar deyirlər ki, Azərbaycandan olan müştərilər elit mənzilləri alanlar arasında da xüsusi seçilirlər. Hələ 2015-ci ildə İngiltərənin eks baş naziri Devid Kameron Sinqapurda çıxış edərkən Londona cəm olan dünya korrupsionerlərinin kürkünə birə salımışdı.

David Kemeron Londonda bahalı evlərin alınması üçün istifadə edilən anonim şirkətlərin adlarının açıqlanacağını vəd etmiş, “London qanunsuz pulları saxlamaq yeri deyil” demişdi.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycan hakimiyyəti tezliklə maliyyə amnistiyası verməli və oliqarxların pulunu leqallaşdırmalıdır: “Əks təqdirdə, həmin pullar London sakinlərinin rifahına xərclənəcək. Onsuz da Qərb onları bizə qaytarmayacaq, belə olan halda niyə ağıllı hərəkət edib, onların pulunu leqallaşdırmayaq? Həm də ki, ingilislər birinci dəfə deyil ki, Londona qaçmış əcnəbilərin pulunu ekspropriasiya edir. Heç olmasa ağ emiqrasiyanın nümayəndələri ilə bağlı yüzillik köhnə tarixi xatırlayaq. Demək istəyirəm ki, Londonun bu planda zəngin təcrübəsi var”.

Əkrəm Həsənov deyib ki, Hacıyevlərdən sonra “İzahedilməz Sərvət Sərəncamı”nın təsirinə sabiq spiker Rəsul Quliyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov və digərləri də düşə bilərlər.

Əkrəm Həsənov deyir ki, ingilis hüququ Azərbaycana ölkənin bankından oğurlanan pulların Zamirə Hacıyevanın ixtiyarına verilməsini sübut etmə hüququnu tanıyıb, amma səriştəsizlik London məhkəməsində belə bir qərarın ortaya çıxmasına səbəb olub: “Peşəkarlıq və dürüstlük olmadı deyə Zamirə Hacıyevanın ekstradisiyası haqda qərar verilmədi. Bununla belə, Azərbaycanın imkanı vardı ki, özündə peşəkar tapıb ora göndərə bilmədiyi halda xaricdən peşəkar tapıb London məhkəməsinə yollasın. Amma xarici nümayəndə də deyəcəkdi ki, iş üzrə məlumatları təqdim elə. Pullar Zamirə Hacıyevanın bank kartlarına, cibinə kimlərin imzası ilə axıb. Bunu verməyəcəkdilərsə, xarici peşəkar gedib London məhkəməsində nə edəcəkdi?”
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ