SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Prezident Mütəllibova görə Kərəm Həsənovu cəzalandıra bilər: “foye rüşvəti” istintaqda...

Prezident Mütəllibova görə Kərəm Həsənovu cəzalandıra bilər: “foye rüşvəti” istintaqda...

Tarix:

19-09-2018, 11:03

/ 656 dəfə oxundu.
Prezident Mütəllibova görə Kərəm Həsənovu cəzalandıra bilər: “foye rüşvəti” istintaqda...

Əgər prezident İlham Əliyevin vaxtında məsələyə müdaxiləsi olmasaydı, eks-prezident Ayaz Mütəllibovun şəhərin Nərimanov heykəli yaxınlığında yaşadığı binanın foyesinin qanunsuz şəkildə özəlləşdirilməsi tarixə düşəcəkdi

Bu tarixi özbaşınalığı həyata keçirən isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Reyestr Xidməti olub.

Foyeni zəbt edən “Tapet” adlı şirkət rəhbərliyi ölkədən qaçıb, onlar Cənubi Afrika Respublikasında gizlənərək, bir qadına şifahi etibarnamə (!) verirlər, o da öz növbəsində Tapet-in keçmiş sürücüsünə etibarnamə verir.

Beləliklə, bu sürücü bir ay əvvəl binaya gəlib və sakinlərə deyib ki, foyeni satmaq niyyətindədir, amma sakinlərə "hörmət" etmək istəyir.

Bu hörmətin nədən ibarət olacağı haqqında suala cavabda sürücü-makler deyib ki, foyeni 100 min manata sakinlərin özlərinə satmağa hazırdır (!).

Və bu özbaşınalığa Əmlak Komitəsi sədri Kərəm Həsənov hansısa maraqlar qarşılığında göz yumub. Dövlət başçısı Mütəllibovun müraciətinə operativ reaksiya verib tədbir görməsəydi, K.Həsənov foye “sahibi”nə “gözün üstə qaşın var” deməyəcəkdi.

Necə ki, dövlət reyestrindən də analoji cavab gəlib, onlar foyeni kimin, nə vaxt və hansı əsaslarla özəlləşdirdiyini bildirməkdən imtina ediblər.

Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Ərazi İdarəsinin rəis müavini Zəfər Əbdülov vəkilin sorğusuna göndərdiyi cavabda binadakı qeyri-yaşayış yerlərinin özəlləşdirilb-özəlləşdirilmədiyini bildirməkdən imtina edib.

Niyə? Səbəb? Komitənin reyestr xidməti “Tapet”ə hansı əsasla qəbalə verib? Maraqlıdır ki, təxminən elə həmin vaxt Dövlət Reyestri Tapet-in adına foyenin qəbalə kağızını verib.

Yaşayış binasının foyesinin ümumi istifadəyə aid olan digər məkanlar kimi (pilləkənlər, şaxtalar, binaya bitişik dayanacaq, uşaq meydançası və s.), qanunvericiliyə əsasən, sakinlərin ortaq mülkiyyəti olduğu və onların razılığı olmadan kiməsə satıla və ya verilə bilməyəcəyi barədə etirazlara cavab olaraq sürücü-makler "dəmir" arqumentini - 2016-cı ildə Əmlak Nazirliyinin Dövlət Reyestri tərəfindən Tapet-in adına verilmiş qəbalə kağızını göstərib.

Cahan.info xəbər verir ki, K.Həsənovun rəhbəri olduğu komitə və reyestr xidmətinin Bakıda və respublikada yüzlərlə belə qanunsuzluqlarını götərmək olar.

Bu qurum vaxtilə MTN rəhbərliyi ilə əlbir olaraq yüzlərlə torpaq sahələrinin sənədləşdirilməsində iştirak edib.

Bunlardan biri də göz qabağındadır ki, K.Həsənov binanın foyesinə “kupça” verib. İş o həddə çatıb ki, prezident məsələyə qarışıb.

Öz vəzifəsini yerinə yetirməyən komitə sədrinin qanunsuzluqlarının qarşısını prezident almalıdırmı?

Dövlət başçısı məmurları vəzifələrə təyin edir ki, vətəndaşlara qanuni xidmət göstərsinlər. Amma görünən budur ki, onlar qanunları pozmaqda, prezident qarşısını almaqdadır.

Əmlak komitəsi sədrin hansı əsasla həmin şirkətə foye üçün qəbalə kağızı verib? Reyestr Xidməti rəhbərliyinin sorğunu cavablandırmaqdan imtina etməsi göstərir ki, qurum faş olub.

Lakin məsələ bununla məhdudlaşmamalıdır. Komitənin reyestr sahəsində qanunsuzluqları, rüşvətxorluğu araşdırılmalıdır.

Bu gün vətəndaş ev tikintisinə icazə, reyestrdən sənəd alınması üçün qapılarda süründürülür, incidilir, rüşvət tələbləri ilə qarşılaşır. Amma necə olubsa, “Tapet” şirkətinə foyenin “kupça”sı verilib...

O baxımdan K.Həsənovun əməllərinin yenidən təftiş edilməsi zərurəti yaranıb. Mütəllibov nüfuzlu şəxsdir, müraciəti dərhal nəzarətə götürülüb, amma minlərlə vətəndaşın harayı eşidilməlidir.

Prezidentin hər xırda problemə diqqət ayırmağa zamanı yoxdur, müxtəlif tədbirlər, səfərlər edir. Bu müraciətlərə komitə rəhbərliyi baxmalıdır.

Belə iddialar var ki, Mütəllibovun müraciətindən sonra prezident məsələni yaxından araşdırıb. Bu qanunsuzluqdan sonra K.Həsənovun cəzalandırılması gündəmdədir.

Hətta işdən azad olunması da istisna edilmir. Onunla quda olan Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev erasının bitməsi Kərəm Həsənovun işini cəncələ salıb.

Çünki MTN işində çıxılmaz vəziyyətə düşən və az qala işdən çıxarılmaq üzrə olan komitə sədrinin məhz Vəliyevlə qohumluq xilas etmiş, mövqeyi möhkəmlənmişdi.

Bildirək ki, artıq eks-prezident Ayaz Mütəllibov dövlət başçısı İlham Əliyevə yaşadığı binanın foyesinin qanunsuz özəlləşdirilməsi ilə bağlı vəziyyətə operativ müdaxiləsinə görə minnətdarlığını bildirib. Bu barədə sabiq prezident virtualaz.org-a məlumat verib.

Mütəllibov qeyd edib ki, prezidentin bu problemə münasibətindən çox razıdır və ona şəxsən özü və qonşuları adından minnətdarlıq bildirir.

“Bilirsinizmi, bu tikinti şirkətinin törətdiyi qanunsuzluq heç bir çərçivəyə sığmır. Yaxşı ki, dövlət orqanları vaxtında müdaxilə etdilər və şirkətə bu qanunsuzluqları davam etdirməyə imkan vermədilər.

Dövlətimizin başçısının operativ müdaxiləsi bir daha bariz göstərdi ki, o, öz vətəndaşlarının problemlərinə biganə qalmır. Saytınız vasitəsilə bir daha cənab prezidentə minnətdarlığımı bildirmək istəyirəm”, o deyib.

Xatırladaq ki, dünən virtualaz.org eks-prezident Ayaz Mütəllibovun, jurnalist Şahin Hacıyevin və Qurban Xəlilov, 5 ünvanında yerləşən binanın digər sakinlərinin binanın foyesinə “kupça” vermiş dövlət orqanlarının qanunsuz hərəkətləri barədə müraciətlərini dərc etmişdi.

Azərbaycan prezidentinin tapşırığı əsasında A.Mütəllibovun müraciəti ilə bağlı tədbirlər görülüb.Aparılmış yoxlama Baş Prokurorluq Q.Xəlilov, 5 ünvanında yerləşən binada “Tapet Oil Gas Co LTD” şirkətinin əmlakına həbs qoyulması məqsədilə tədbirlərə başlayıb.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ