XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » 28 min narkoistifadəçiyə əlac ola bilməyən 4 milyonluq investisiya

28 min narkoistifadəçiyə əlac ola bilməyən 4 milyonluq investisiya

28 min narkoistifadəçiyə əlac ola bilməyən 4 milyonluq investisiya
5-03-2018, 00:30

Tikintisi başa çatmamış artıq təchizatı üçün də vəsait xərclənən Respublika Narkoloji Mərkəzinə ümumilikdə büdcədən 4 milyon manat ayrılıb. Tenderdə iştirak edən şirkətlər kimi, bu tikilinin də aqibəti müəmmalı olaraq qalmaqdadır.

“Mən Narkoloji Dispanserdə müalicə olunmuşam. Orda da müalicə çox azdı, cəmi 21 gündü. Ordan çıxandan sonra yenə əvvəlki həyatıma başlamışam. Mən də bu bəladan uzaq olmaq istəyirdim, ancaq bacarmırdım. Narkotikdən sonra həyatımda boşluq yaranır. İş yox, güc yox. Hansısa iş olsa onunla məşğul olmaq daha yaxşı olardı. Bizdə də adama əmək vərdişlərini aşılayan narkoloji mərkəzlər yoxdu” - deyir, keçmiş narkoistifadəçi Rəhim.

4 milyonluq investisiya və olmayan mərkəz

Rəhim hər an yenidən narkotikə qurşana bilər. Çünki ölkədə onun kimi narkotik aludəçisi olan şəxslərin tam reabilitasiyası ilə məşğul olacaq mərkəzlər yoxdur. Belə bir mərkəzin tikintisi üçün 2011-ci ildən etibarən ümumilikdə 4 milyon manat investisiya vəsaiti ayrılsa da hələ də görünən nəticə yoxdur. Belə ki, www.budget.az saytının məlumatına əsasən onun tikintisinə 2011-ci ildə 500 min, 2012-ci ildə 1 mln, 2013-cü ildə 1 mln 500 min, 2014-cü ildə isə 1 milyon manat investisiya ayrılıb.
Satınalamalar üzrə Dövlət Agentliyinin öz saytında yerləşdirdiyi 2013-cü ilin dövlət reyestr məlumatlarında ötən il Respublika Narkoloji Mərkəzin tikintisinin satınalınmasında tenderdə qalib gələn "Palma İnşaat" MMC-nin adı göstərilib. Bu məqsədlə müəssisəyə 2 mln 173 min 193 manat vəsait ayrılıb. Elə həmin ildə tibb müəssisəsinin inşası başa çatmamış onun təchizatı ilə bağlı da tender keçirilərək vəsait ayrılıb. Belə ki, dispanserin tikinti (avadanlıqlarla və inventarla təchiz olunması işlərinin) satınalması üzrə keçirilən tenderdə "Arash Medical Company" qalib gəlir. Bu məqsədlə ayrılan məbləğ isə 1 mln 326 min 468,46 manat olub.
İri tenderlərin azyaşlı qalibi və ya bir nəfərə məxsus iki şirkət

Şirkətlərə gəlincə, Vergilər Nazirliyinin saytında "Palma İnşaat" MMC-nin 2003-cü ildə qeydiyyatdan keçdiyi, təsisçisinin Mürvət Orucov olduğu göstərilib. "Arash Medical Company" isə 2011-ci ildə qeydiyyatdan keçib və onun təsisçisi Cavid Əsədovdur. "Tender haqqında" qanunda müəssisənin müsabiqədə iştirakı üçün 3 illik fəaliyyətinin olması vacib amil olaraq göstərilib. "Arash Medical Company"nin 3 illik fəaliyyəti isə tamam olmadan o tenderə buraxılıb və qalib seçilib. Marja.az saytında isə bu şirkətə dair daha bir məlumata rast gəldik. Orada 2007-ci ildən fəaliyyət göstərən “Arash Medical” MMC-nin ləğv edildiyi və onun işinin 2014-cü ildən - “Arash Medical Company”nin davam etdirəcəyi yazılıb. Hər iki müəssisəni eyni şəxs – Cavid Əsədov təsis edib. Şirkət təsisçinin qərarı ilə ləğv edilib. İkinci şirkət 2011-ci ildə yaradılıb. 2012-ci ildə “Arash Medical Company” MMC-nin tədarük həcmi 2,7 mln manat olub.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatına görə isə, "Arash Medical" şirkəti 2011-ci ildə Səhiyyə və Daxili İşlər Nazirliklərinin sifarişi ilə 560,5 min manatlıq tibb avadanlığı, laboratoriya ləvazimatı və s. gətirib. 2012-ci ildə bu cür müqavilə həcmi 733 min manat olub.

Nazirliyin müəmmalı eksklyuziv tədarükçüsü

2013-cü ildə 50 dünya şirkəti ilə distribütor və diler sazişi olan “Arash Medical Company” tenderlərlə Səhiyyə Nazirliyinin və onun strukturlarının eksklüziv tədarükçüsü olub. Sifariş həcmi 61 mln manat olub. Şirkət bir çox dövlət obyektlərini, o cümlədən Bakı Sağlamlıq Mərkəzini (8 mln. manat), Cəlilabad (5 mln 426 min manat), Ağcabədi (4 mln 888 min manat), Yevlax (7 mln 386 min manat), Lənkəran (4 mln 120 min manat), Sumqayıt (4 mln 39 min manat) xəstəxanalarını, Bakının bir sıra poliklinikalarını tibbi avadanlıqla təchiz edib.
Elə www.marja.az-ın xəbərindən belə anlaşılır ki, 2014-cü ilin 13 yanvarına qədər bir şəxsə məxsus hər iki şirkət - "Arash Medical" MMC və "Arash Medical Company" tenderlərdə iştirak edib və qalib gəlib.

Ötən ildən pasientlərini qəbul etməli olan yarımçıq mərkəz

Keçək yeni tikilən Respublika Narkoloji Mərkəzinə. Mərkəz Maştağada yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinin ərazisində inşa olunur. Bununla əlaqədar suallarımızı Səhiyyə Nazirliyinin mətbuat xidmətinə ünvanlasaq da cavab ala bilmədik. Ancaq hələ tamamlanmamış tikilinin elan lövhəsini çəkə bildik. Elana görə dispanser hələ ötən ilin oktyabrında təhvil verilməli imiş.
Ayrı-ayrı yerlərdən götürdüyümüz rəqəmlərə baxdıqda isə bu vəsaitlərin investisiya xərci olub-olmadığı aydın deyil. İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, investisiya məsələsində şəffaflığa ciddi əməl olunmur:
"İnvestisiya xərcləri 4 milyon, 5 milyon göstərilir, satınalmalarda isə başqa rəqəmlər çıxır və aydın olmur ki, investisiya xərcləri bura daxildir ya yox. Tikinti işlərinə avadanlıqların məbləğini də daxil edirlər. Bunlar ona görə qarışıq düşür ki, hər bir sahə üzrə investisiya planları yoxdur” – deyir, iqtisadçı ekspert Rövşən Ağayev.
Ekspertin sözlərinə görə, investisiya planları 5 illik, 10 illik hazırlanmalıdır və adətən 5 illik olur. İnvestisiya planında hökumət parlamentdə təqdim etdiyi büdcə layihəsinin investisiya xərci hissəsinə planı da əlavə etməlidir:

Gizlədilən investisiya planları

“Düzdür, bizdə hökumət sosial müdafiə və səhiyyəni göstərir, ancaq investisiya planında bütün investisiya layihələri, onların texniki-iqtisadi xarakteristikası da göstrilməlidir. Parlamentə verilən planda narkoloji mərkəzin nə qədər ərazisi olacağı, neçə mərtəbə tikiləcəyi, ölçüsü, illər üzrə davametmə müddəti və hər il üzrə ayrılan vəsait, eləcə də mərkəzin yalnız büdcə vəsaiti hesabına, yoxsa kreditlərin ayrılması ilə tikiləcəyi də göstərilməlidir. İnvestisiya planında tikinti ilə bağlı olan hissəsi ayrı, avadanlıqla bağlı olan hissə də ayrıca verilməlidir. Şəffaflıq olsa, bu sualların heç biri çıxmaz. Sadəcə olaraq hökumət investisiya planları hazırlamır, ümumi şəkildə illik məbləği göstərir. Konkret layihələr haqqında da məlumat verilmir”.
Rövşən Ağayev deyir ki, texniki iqtisadi əsaslandırma vacib məsələdir və əgər o yoxdursa deməli, burda korrupsiya meylləri var. Onun sözlərinə görə, investisiya layihələrində şəffaflıq qorunmadığına görə maliyyə vəsaitinin necə xərclənməsi barədə fikir bildirmək də çətin olur:

"Hökumət şəffaflığı təmin etmədiyinə görə, media, vətəndaş cəmiyyəti bəzi hallarda haqlı olaraq, bəzi hallarda yanılaraq hansısa informasiyanı təqdim edir. Ancaq bu qeyri-peşəkarlıqdan irəli gəlmir. Şəffaflığı hökumət təmin etməlidir".

Bu gün ölkədə narkoistifadəçilər üçün reablitasiya mərkəzinin olması vacib amildir. Tikilməkdə olan Narkoloji Mərkəzdə reabilitasiya xidmətinin olub-olmayacağı da sual altındadır. Rəsmi statistikaya baxsaq narkotik aludəçilərinin ildən ilə artdığını və gəncləşdiyini görərik.

28 min nəfər narkoistifadəçi

Narkotiklərə və Cinayətkarlığa Qarşı Milli Təbliğat Ofisinin (NCMTO) rəhbəri Məzahir Əfəndiyev 2013-cü ildə keçirilən toplantıda deyib ki, (azvision.az) Səhiyyə Nazirliyinin rəsmi statistik məlumatına görə, bu gün ölkə üzrə narkoistifadəçilərin sayı 27 min 910 nəfər təşkil edir ki, (2011-ci ildə bu rəqəm 26 min 717 nəfər olub) onların da 21 min 999-u dispanser, 5 min 911 nəfəri isə profilatik qeydiyyatda olanlardı. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir:
"Rəsmi statistika son 5 ildə, narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü göstərir. Aparılan araşdırmalar zamanı isə sregionlarda, xüsusilə cənub regionunda hətta 14-5 yaşlı yeniyetmələrin də narkotikdən istifadə hallarına rast gəlinir”.
Ölkədə işi düyünə düşən reabilitasiya mərkəzlərini isə qonşu respublikalarda ictimai birliklər, hətta nə zamansa narkoistifadəçi olmuş imkanlı şəxslər də yarada bilər. Belə insanlardan biri də milliyyətcə rus olan Vladivostokda reabilitasiya keçmiş, hazırda Azərbaycanda bu işi qurmağın mümkünlüyündən danışan Dima adlı şəxsdir. Bunun üçün nə böyük büdcə vəsaitinə, nə də investisiyalara ehtiyac var:

“Adi ofisdə də reabilitasiya ilə məşğul olmaq olar. Biz reabilitasiya olunduğumuz zaman yerdə yatırdıq, heç döşək də çatmırdı…

4 otaqlı evdə 35 nəfər qalırdıq. Narkotikdən qurtulmaq üçün evdən günlərlə heç yerə çıxmadan böyük dozalarla “Dimedrol” qəbul edib, yatırdıq. Zaman keçdikcə, yeməyə başladıq. Sosiska, çörək, hətta konfet yeyirdik. Biz yeyərək bir-birimizə baxırdıq. Orada ən balacanın 20, ən böyüyümüzün 40-a yaxın yaşı vardı. Biz inana bilmirdik ki, nə isə yeyə bilirik. Çünki biz narkotikə qurşanan vaxtlarımızda yeməyi düşünmürdük. Əzablı həyat yaşayırdıq, ancaq yaşayırdıq…”
28 min narkoistifadəçiyə əlac ola bilməyən 4 milyonluq investisiya
28 min narkoistifadəçiyə əlac ola bilməyən 4 milyonluq investisiya
28 min narkoistifadəçiyə əlac ola bilməyən 4 milyonluq investisiya
28 min narkoistifadəçiyə əlac ola bilməyən 4 milyonluq investisiya

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.