SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Korrupsiya ocağı: Yanan Respublika Narkoloji Mərkəz, həbs edilən baş həkim, ''milyonçu'' palatalar...

Korrupsiya ocağı: Yanan Respublika Narkoloji Mərkəz, həbs edilən baş həkim, ''milyonçu'' palatalar...

Tarix:

4-03-2018, 18:11

/ 3 894 dəfə oxundu.
Korrupsiya ocağı: Yanan Respublika Narkoloji Mərkəz, həbs edilən baş həkim, ''milyonçu'' palatalar...

Martın 2-si saat 06.10-da Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın olub. Taxta konstruksiyadan ibarət olan birmərtəbəli korpusun yanması zamanı palatada olan 55 xəstədən 25-i yanaraq ölüb. Səhiyyə Nazirliyinin balansında olan narkoloji dispanser 1986-cı ildə yaradılıb. Yanan bina Sovet vaxtı tikilib və istismar müddətini çoxdan başa vurub.
Tibb elmlər doktoru Adil Qeybulla deyir ki, indi xəstəxanaların bir çoxunun təmir edildiyi, maddi-texniki bazasının möhkəmləndirildiyi barədə açıqlamalar verilir: "Neft ölkəsində bu cür korpusların, xəstəxanaların qalması onu göstərir ki, bu məsələlərə ciddi yanaşılmayıb. Bu da öz ağır nəticəsini göstərdi. Kütləvi insan olan yerdə, məsələn, xəstəxanada, məktəblərdə taxta konstruksiyalardan istifadə yolverilməzdir”. Xəstələrin yaxınları deyir ki, burada görüş otağı, dəhlizlər qəzalı və antisanitariya vəziyyətindədir. Xəstələrin özləri də onları ziyarətə gələn ailə üzvlərinə tez-tez binadakı dözülməz şəraitdən şikayətləniblər.
Səhiyyə Nazirliyinin 2011-ci il tarixli qərarı ilə dispanser Respublika Narkoloji Mərkəzi adlanmağa başlayıb. Elə həmin il dispanserə 2006-cı ildən rəhbərlik edən baş həkim Könül Vəliyeva Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Yayılan istintaq materiallarına görə, baş həkim ötən 5 il ərzində dispanseri korrupsiya ocağına çevirib, xəstələrə pulsuz verilməli olan dərmanları pulla satıb, qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 200 manat alıb və külli miqdarda maddi vəsait mənimsəyib. Könül Vəliyevanın həbsindən sonra mərkəzə direktor Telman Məmmədhəsənov təyin olunub. Lakin bundan sonra da vəziyyət dəyişməyib.
Dövri mətbuatda Məmmədhəsənovun korrupsiya əməlləri haqqında yazılır ki, o, mərkəzin içində qiyməti 500-1000 manat dəyişən "milyonçu” palataları təşkil edib. Mərkəzdə ayrıca "ortabablar” və "bomjlar” palataları da fəaliyyət göstərir. Yaxınları isə xəstələri ciblərinə uyğun palatalara yerləşdirməyə məcbur olurlar. Meydan TV-nin əldə etdiyi məlumata görə orada pulsuz həyata keçirilməli olan terapeyalar üçün dərmanlar baha qiymətə satılır. Narkoloji Mərkəz üçün 2011-ci ildən yeni binanın tikintisi başlasa da, 7 ildir tikinti başa çatmayıb. Meydan TV-nin araşdırması nəticəsində məlum olub ki, yeni tikilən binaya 2014-cü ilə qədər 4 milyon manat vəsait ayrılıb, daha sonra ayrılan vəsaitlər haqqında isə məlumat yoxdur.

Meydan TV

Şərhlər

XƏBƏR LENTİ