XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Rektorun, prorektorun yaxınlarının adının qarışdığı qalmaqal - Və müəmmalı məqamlar...

Rektorun, prorektorun yaxınlarının adının qarışdığı qalmaqal - Və müəmmalı məqamlar...

Rektorun, prorektorun yaxınlarının adının qarışdığı qalmaqal - Və müəmmalı məqamlar...
17-01-2017, 11:15

Ötən il saytımızda vətəndaşların “MSN Tour” və “Dora Tourism” şirkətlərindən şikayətləri ilə bağlı silsilə yazılar dərc olunmuşdu. Həmin yazılarda Hamlet İsaxanlının qardaşıoğlu Turan İsayevin təsis etdiyi, direktoru isə onun həyat yoldaşı (və ADU-nun prorektoru Əfqan Abdullayevin qızı – red.) Cəmalə İsayeva olan “MSN Tour”un üçillik turizm xidmətlərinə dair müqavilə bağlamaqla vətəndaşlardan pul alması, lakin sonradan bu şəxslərin “qeybə çəkilməsi” qeyd olunurdu.

Oktyabrın 17-də dərc olunan “Turizm fırıldağında ADU prorektorunun da adı hallanır” başlıqlı yazıda bildirilirdi ki, ayrı-ayrı vaxtlarda müraciət edən Anar İsayev və Rüstəm Piriyev adlı vətəndaşlar direktoru Cəmalə Əfqan qızı İsayeva, sahibi isə Turan Sultan İsayev olan “MSN Tour” şirkəti tərəfindən aldadıldıqlarını bildiriblər.

Araşdırma zamanı məlum olmuşdu ki, hazırda ölkədə olmayan və heç cür “tapılmayan” Turan İsayev “Xəzər” Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. Hamlet İsaxanlı isə öz növbəsində Qafqaznews.az-a bildirmişdi: ““Bəli, qardaşım oğludur. Amma bundan artıq heç nə deyə bilmərəm. Kimə lazımdırsa, gedib özləri axtarsınlar, tapsınlar, tutdursunlar”, –deyə H.İsaxanlı bildirdi. “Onun harda olduğunu bilirsiniz?” – deyə soruşduq. “Bilmirəm, məlumatım yoxdur”, – deyə H.İsaxanlı cavab verdi. Qeyd edək ki, müqavilələrə imza atan Cəmalə İsayevanın (Turan İsayevin həyat yoldaşı) ölkədən getmədiyini və hazırda Bakıda yaşadığını da öyrənmişik… Qeyd edək ki, Rüstəm Piriyevin sözlərinə görə, məsələ Xətai RPİ-nin 37-ci Polis Bölməsində də araşdırılıb və Rəşad Dadaşov adlı sahə inspektorunun imzası ilə göndərilən məktubda “bu işdə cinayət xarakteri olmadığı” bildirilib.

Bizə də maraqlı gəldi ki, əgər həqiqətən də “MSN Tour” və “Dora Tourism” şirkətləri vətəndaşların pulunu mənimsəyib qeybə çəkilibsə, polis orqanları “bunun cinayət xarakterli olmadığını” necə müəyyən ediblər?” Təəssüf ki, bu aylar ərzində Xətai RPİ-dən bizim suallarımızı cavablandıran olmadı.

Xatırlatmaq yerinə düşər ki, “Xəzər” Universitetinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Əlövsət Əmirbəyli bizimlə əlaqə saxlayaraq, “MSN Tour”un direktoru, problemlərə səbəb olmuş müqavilələrə imza atan Cəmalə İsayeva Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayevin qızıdır. (bundan əvvəl Ə.Abdullayev ADU-da fakültə dekanı olub). Maraqlıdır, indiyədək, biz ancaq Azərbaycan vətəndaşı olmayan, “yeri-yurdu bilinməyən” Turan İsayev haqqında danışırdıq… Lakin necə ola bilərdi ki, sənədlərdə imzası olan və direktor olaraq “MSN Tour”la bağlı məsuliyyət daşıyan Cəmalə Əfqan qızı İsayeva həm mətbuatın, həm də hüquq mühafizə orqanlarının diqqətindən kənarda qalsın? Ötən ilin oktyabrından bəri, bu suallarımız da cavabsız qalıb və nə Əfqan Abdullayev, nə də ADU-nun mətbuat xidməti bizə bu mövzuda açıqlama vermək istəməyiblər.

Bu günlərdə elektron poçtumuza Ramin Məmmədov adlı şəxsdən məktub gəldi: “Təsadüfən sizin xəbər agentliyində dərc olunan Turan İsayev və Cəmalə İsayevanın təsis etdiyi MSN Tour MMC şirkəti ilə bağlı silsilə yazılara rast gəldim. Bildirmək istərdim ki bu şirkətin fırıldaqçılığı ilə mən də üzləşmişəm, hətta sizin məqalələrdə qeydə alınan hadisələrdən xeyli qabaq – 2015-ci ildə.

Bu adamlar məni yoldaşım və körpə uşağımla yalançı otel rezervasiya vauçerlərilə xaricə, İtaliyaya yola salmışdılar. Körpə uşağımla hotel foyelərində qalıb yeni rezervasiyaları, boş hotel yerlərini şəxsən özüm axtarıb tapmalı olmuş, hesablarını da özüm ödəmişdim.

Onlar nə telefonlarını açır, nə də emaillərinə göndərdiyim mesajlara cavab verirdilər. Uçuş biletlərini almalı olduqlarına baxmayaraq məni aldadıb bileti özümün alması və sonradan müvafiq məbləği geri qaytaracaqları ilə aldatmışdılar. Səfərdən qayıdandan sonra (2015-ci ilin yay aylarında) bütün xərclərimi geri qaytamağı tələb etdim, hüquq mühafizə orqanlarına şikayət edəcəyimi söylədim, lakin mənə yalandan vədlər verib guya həmin vaxtlar “Texnikabank”dakı hesablarının dondurulması ucbatından heç bir ödəniş edə bilmədiklərini bidirirdilər. 2015-ci ilin sonlarında məhkəməyə üz tutdum, və 2016-cu il fevralın 29-da Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən 3500 manat mənə qaytarmalı olduqları qeyd edildi – burada 3000 manat mənim etdiyim ödəniş, 500 manat isə mənə dəyən mənəvi ziyanın ödənilməsi ilə bağlı idi. Qeyd edim ki məhkəmə gedişatı özü 4-5 ay çəkmişdi və bu adamların heç birini tapmaq mümkün olmamışdı. O gündən bu yana nə məhkəmə icraçıları bu adamları tapa bilir, nə də mən özüm.

Sizin məqalələrdə yazıları görəndə hətta şoka düşdüm ki, demə bu adamlar 2016-cı ilin ortalarına qədər başqa-başqa şirkət adları ilə adamları aldatmağa davam edirmişlər”.

R.Məmmədov söhbətində bildirdi ki, o vaxt Turan İsayevlə dəfələrlə görüşüb, İtaliyadan qayıdandan sonra da, ondan 3 min manat pulu geri tələb edib: “Mən İtaliya səfərində 2900 manat pul xərcləməli olmuşdum. Bu şirkət məni aldadaraq, artıq xərcə salmışdı. Lakin Turan İsayev dedi ki, get məhkəməyə müraciət elə, xidməti müqavilə olduğuna görə, bu işə polis baxmayacaq. Mən onları məhkəməyə verdim. Sonradan şirkət “Babək Plaza”ya köçdü, orda “Dora Tourism” adıyla fəaliyyət göstərməyə başladılar. Lakin nə Turan İsayev, nə də Cəmalə İsayeva məhkəmədə iştirak etmədilər.

Yasamal İcra Şöbəsinin Samir adlı icraçısı isə bildirir ki, Cəmalə İsayevanı tapa bilmir. Məsələ ilə bağlı, Ədliyyə Nazirliyinə və cənab nazir Fikrət Məmmədova da şikayət etməyə hazırlaşıram”.

Biz araşdırmamızı davam etdirərək, Ədliyyə Nazirliyinin Yasamal İcra Şöbəsinin məmuru Samir müəllimin telefon nömrəsini əldə etdik. Adıkeçən icraçı özünü Samir Osmanov kimi təqdim etdi. “Məsələdən məlumatım yoxdur. Sabah işdə sənədlərə baxaram, sizə məlumat verərəm”, – deyə S.Osmanov bildirdi. Araşdırmamız davam edir…

Qafqaznews

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.