SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Fazil Məmmədovun qohumlarının siyahısı tutulur

Fazil Məmmədovun qohumlarının siyahısı tutulur

Tarix:

12-12-2017, 10:32

/ 2 419 dəfə oxundu.
Fazil Məmmədovun qohumlarının siyahısı tutulur

Sabiq nazir Afrika ölkələrindən birinə səfir göndərilir?

Keçmiş vergilər naziri Fazil Məmmədovun gələcək taleyi gündəmin əsas mövzusu olaraq qalmaqdadır. Onun həbs ediləcəyi haqda iddialarla yanaşı, Afrika ölkələrindən birinə səfir göndəriləcəyi də müzakirə mövzularındadır. Bu xüsusda istiqlal.az-a daxil olan məlumat maraqlı məqamlarla zəngindir. Sayt mənbəyə istinadən yazır ki, Fazil Məmmədov bu istəyini 6 ay əvvəldən dilə gətiribmiş: “Səhhətində olan problemlərə və yorğunluğuna görə Fazil Məmmədov son 6 ayda işə çox az çıxıb. Eyni zamanda o, xroniki alkoqolizmdən əziyyət çəkir. Bu səbəbdən də Fazil Məmmədov müasir Azərbaycan tarixində rekord sayda – 15 müşaviri olan yeganə nazir olub. Müşavirlərin çoxluğu səlahiyyətlərini paylaşmaq istəyindən doğub. O, indi sakit həyata can atır və faktiki idarəçiliyində olan “ATA-Holdinq”in də idarəetməsindən əl çəkməyə hazırdı”.
Yazılanlara görə, Fazil Məmmədovun bu mesajı yuxarı çevrələrdə yaxşı qarşılanıb, çox güman ki, onun “könüllü sürgün” xahişinə müsbət reaksiya veriləcək. Əgər Fazil Məmmədovun işdən çıxarılması hansısa qəzəbin təzahürü deyilsə, sadəcə, 17 illik naziri yenisi ilə əvəzləmək istəyindən irəli gəlibsə, o zaman sabiq nazirin istəyi reallaşa bilər. Xatırladaq ki, Fazil Məmmədov prezident İlham Əliyevin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə işdən çıxarılıb. Onun vergi orqanlarında çalışan qohumlarının da işdən azad edilməsinin başlandığı barədə xəbərlər var. Bu barədə gununsesi.info məlumat verib. Məlumatda qeyd olunur ki, Fazil Məmmədovun vergi qurumlarında 100-ə yaxın qohumu çalışır ki, yaxın günlərdə onlar da işi ilə vidalaşacaq.
Fazil Məmmədovun özünün xahişi ilə işdən getmək istəməsini qəbul etməyənlər isə çoxluqdadır. Bildirirlər ki, Fazil Məmmədovun bilavasitə işdən çıxarılması prosesi və sonra cərəyan edənlər sabiq nazirin könüllü getməsi haqda xəbərləri təkzib edir. Bildirilir ki, əgər Fazil Məmmədov könüllü işdən gedibsə, onu niyə hörmətsiz şəkildə, kollektivlə vida mərasimi düzənləmədən yola salıblar? Axı ortada Ziya Məmmədovun yola salınması mərasimi var. Onu yeni nazirin iştirakı ilə gül-çiçək dəstələri ilə yola saldılar. Halbuki Ziya Məmmədovun könüllü şəkildə vəzifədən getmək istəməsini kimsə eşitməmişdi. Bu nümunə ortada ikən könüllü şəkildə postundan getmək istədiyi iddia olunan Fazil Məmmədovu sıradan bir vergi məmuru kimi nazirlikdən çıxarıb evinə yola salmaları çox ciddi mətləblərdən xəbər verir. Bundan başqa, Fazil Məmmədov 6 ay əvvəldən öz xoşu ilə vəzifəsini təhvil vermək istəyində olubsa, məntiqlə ətrafı da bundan xəbərdar olmalı idi. Xəbərdar olublarsa, üzüsulu işdən getməli idilər.
Hazırda bu mövzuda əsas müzakirələr Fazil Məmmədovun nazir vəzifəsini tutduğu müddətdə büdcədən yayındıra bildiyi böyük paraları hansı şəkildə geriyə qaytaracağı ilə bağlıdır. Onun taleyi də məhz bu prosesin nə ilə nəticələnəcəyindən asılıdır.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ