Milli qürurumuzun təntənəsi olan Zəfər Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində tədbirlər keçirilir. Şirvan şəhərində yerləşən E.B.İmanov adına 10 nömrəli tam orta məktəbdə də möhtəşəm Qələbə bayramı ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Zümrüd Əliyeva dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayının indi bizim üçün daha da əlamətdar olduğunu bildirib. Cənab Prezidentin sərəncamı ilə artıq hər il noyabrın 8-i ölkəmizdə təntənəli şəkildə Zəfər Günü kimi qeyd olunduğunu deyərək bu günün ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Gənc nəslin vətətənpərvərlik ruhunda yetişdirilməsi təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayan məktəbin direktoru 8 noyabr - Zəfər Gününə həsr olunan tədbirin önəmindən danışıb.
Qeyd edək ki, şagirdlərin xalqına, vətəninə və dövlətinə bağlı layiq vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən 10 nömrəli tam orta məktəbdə Vətən müharibəsinə və əldə olunan möhtəşəm Qələbəyə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin qəhrəmanlıq nümunələrinin yeniyetmələrimizə ötürülməsinə xidmət edən tədbirlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Vətənpərvərlik ruhunun aşılanması, torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi, sağlamlıqlarını itirən qazilərimizi təbliğ etmək, onların keçdiyi döyüş yolundan mütəmadi olaraq şagirdlərə məlumatlar vermək biz təhsil işçilərinin vətəndaşlıq borcudur.
Daha sonra məktəbin şagirdləri vətənpərvərlik ruhunda rəsmlər çəkib, mahnı oxuyub, şeirlər söyləyib, rəqs ediblər. Tədbirdə Zəfər Gününə aid şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub.