SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Məcburi köçkünlər Mətin Eynullayevin işçilərindən Prezidentə şikayət edəcəklər - ŞOK FAKTLAR

Məcburi köçkünlər Mətin Eynullayevin işçilərindən Prezidentə şikayət edəcəklər - ŞOK FAKTLAR

Tarix:

2-02-2024, 14:19

/ 668 dəfə oxundu.
Məcburi köçkünlər Mətin Eynullayevin işçilərindən Prezidentə şikayət edəcəklər - ŞOK FAKTLAR

Son vaxtlar ayrı-ayrı dövlət qurumlarında vəzifə sahibi olan şəxslərin, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətində (ƏMDX) çalışan bəzi məmurların özbaşınalıqları, qol qoyduqları qanunsuzluq əməlləri, yaratdıqları kütləvi narazılıqlar və s. müəyyən çevrələrdə daha çox müzakirə olunmaqdadır. Baxmayaraq ki, indiyə kimi bu dövlət qurumunda da lazımi islahatlar həyata keçirilmiş, əhaliyə nümunəvi xidmət göstərilməsi əsas prioritet vəzifə olaraq, məhz ƏMDX-də çalışan vəzifə sahiblərinin diqqətinə dönə-dönə çatdırılmışdır. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirdiyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi cənab Mətin Eynullayevin rəhbərlik etdiyi bu dövlət qurumunda elə vəzifə sahibləri var ki, onlar “ağa nəzərəm, belə gəzərəm” prinsipini əsas tutub, bu gün də “müştəbeh addımlar”ını atmaqda davam edirlər. Məsələn, gundemxeber.az xəbər portalının elektron poçtuna göndərilən mətnin mahiyyətinə diqqət yetirdikdə bəlli olur ki, ƏMDX-nin rəis müavini Elçin Yusubov və sözügedən bu dövlət qurumunda şöbə müdiri vəzifəsində çalışan Taleh Bəşirov, Abşeron rayonunun Novxanı çimərliyi yaxınlığındakı “Metallurq” qaçqın düşərgəsində əməlli-başlıca “at oynadırlar”. Yəni, hər iki vəzifə sahibi “Metallurq” qaçqın düşərgəsini zəbt etdiklərindən, onların belə bir addımı uzun illərdən bəri bu ünvanda məskunlaşan məcburi köçkünlər arasında ciddi narazılıq yaratmışdır. Yaşanan olayla bağlı redaksiyamıza lazımi qeyd və məlumatları çatdıran mənbə vurğulayır ki, artıq məsələ ilə bağlı məcburi köçkünlər ƏMDX-nin hər iki əməkdaşının əməlləri ilə bağlı Prezident İlham Əliyevə  şikayət etməyə hazırlaşırlar və bununla bağlı onlar imztoplama kampaniyasına da başlayıblar. İmzatoplama kampaniyasının bu həftənin sonuna kimi başa çatdırılacağı nəzərdə tutulub. Bir sözlə, bazar ertəsinə kimi Elçin Yusubovun və Taleh Bəşirovun əməllərindən narazı olan məcburi köçkünlərin dövlət başçısına müraciət edəcəkləri nəzərdə tutulur. Bəli, məcburi köçkünlər ümid edirlər ki, “dərə xəlvət tülkü bəydir” prinsipini uca tutan hər iki məmurun bu cür özbaşınalığı haqda Prezident İlham Əliyev məlumatlı olarsa, o halda hər iki vəzifə sahibi lazımi səviyyədə cəzalandırılacaqlar. Bu da uzun illərdən bəri məcburi köçkün həyatı yaşayanların ikinci dəfə qaçqın həyatı yaşamalarının qarşısını alacaq.
    Gundemxeber.az-ın elektron poçtuna göndərilən lazımi qeyd və məlumatlarda o da vurğulanır ki, bir müdət bundan öncə Novxanı çimərliyindəki “Sarıqaya” yaşayış massivində yerləşən “Metallurq” qaçqın düşərgəsinin bir hissəsi də, ƏMDX-də vəzifə sahibi olan Elçin Yusubov və Taleh Bəşirov tərəfindən məşhur iş addamlarından birinə satılır. Qeyd olunan ərazini alan həmin iş adamı, hər iki şəxsin verdikləri dəstək hesabına məcburi köçkünlərin bəzi yaşayış evlərini və yardımçı təsərrüfatlarını dağıdır, hətta avtomobil və piyada yollarını da bağlayır. Məcburi köçkünlər iş adamı ilə əlbir olan ƏMDX-i əməkdaşlarının qol qoyduqları bu cür əməllərə qəti şəkildə qarşı  etiraz etsələr də, nədənsə onların etirazlarına hələ də əhəmiyyət verən olmayıb. Bu da onu ehtimal etməyə əsas verir ki, Elçin Yusubov və Taleh Bəşirov məcburi köçlünlərin yaşadıqları digər evlərə də “əl qoya” bilərlər.
    Qeyd edək ki, bu cür oyunlarda xüsusi rola malik olan vəzifə sahiblərindən biri Taleh Bəşirovdur ki, bu şəxsin adı zaman-zaman ölkə mətbuatında ilk dəfə iş adamlarının birindən “Rance Rover” markalı avtomobil hədiyyə alması ilə gündəmə gəlir. Yayılan məlumatlara görə, Taleh Bəşirov dövlət əmlakını dəyər-dəyməzinə iş adamlarından birinə peşkəş etdiyi üçün, ona bu cür bahalı avtomobil hədiyyə olunur. Başqa bir məlumatlara görə, bu şəxsin Türkiyədə geniş biznes şəbəkəsinə malik olduğu da iddia olunur.
 Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra ƏMDX-nin rəisi cənab Mətin Eynullayev, tabeliyində çalışan hər iki vəzifə sahibinin əməllərinin araşdırılmasını şəxsi nəzarətinə götürəcək və məcburi köçkünlərin baş qaldıran narazılığının aradan qaldırılması yöndə əməli addımlarını da atacaq. Unutmaq olmaz ki, hal-hazırda ölkəmiz olduqca həssas vaxtlarından birini yaşayır və qarşıdan prezident seçkilərinin keçiriləcəyi gün gəlir. Ona görə də, hər bir problemə olduqca diqqət yetirmək, problemləri aradan qaldırmaq, vətəndaş məmunluğu yaratmaq və s. hər bir vəzifə sahibindən əməli addımlarını atmağı tələb edir. Yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazırıq.(GundemXeber)

Mövzuya qayıdacağıq.

Şərhlər

XƏBƏR LENTİ