SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 12 yaşlı qızcığazı xilas etdik, bəs digərləri...

12 yaşlı qızcığazı xilas etdik, bəs digərləri...

Tarix:

30-12-2023, 10:15

/ 589 dəfə oxundu.
12 yaşlı qızcığazı xilas etdik, bəs digərləri...

Dünən Sabirabadda 12 yaşlı qızcığazın 32 yaşında olan kişi ilə nişanlandırılması mətbuatın əsas gündəm mövzusu olub. Rayonun Məmişlər baş verən hadisəyə dövlət qurumları müdaxilə edib. Qızın atası övladı 18 yaşına çatmayanadək onu evləndirməyəcəyi barədə iltizama imza atıb.
Beləliklə, ictimaiyyətin müdaxiləsi ilə bir faciənin qarşısı alındı. Ancaq, təəssüf ki, erkən evliliyə məcbur edilən qızlarımızın sayı hər keçən gün artır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunur ki, həmin il Azərbaycanda 269 erkən evliliyin qarşısı alınıb. Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.
Bu, sadəcə qarşısı alınanlardır. Erkən evliliyə məcbur edilən qızların sayı reallıqda bundan dəfələrlə çoxdur. Bunu müəyyən etmək üçün digər bir rəqəmə baxaq. Ötən il Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.
Azərbaycanda rəsmi olaraq nikah yaşı 18-dir. Qanuna görə, xüsusi hallar olarsa, nikah yaşı 17-yə endirilə bilər. Ötən il 271 nəfər 18 yaşı tamam olmamış şəxsə nikaha girməyə icazə verilib. Komitə bu barədə rəsmi rəqəmləri açıqlamasa da, hesabatda bildirilir ki, evlilik yaşının 1 il endirilməsi üçün hamiləlik və uşağın doğulması ilə bağlı səbəblər var. Yəni 18 yaşına çatmayan qadınlar dünyaya uşaq gətirir və sonra icazə istəyir ki, uşaq var və ya hamilədir, ona görə daha tez evlənməyə icazə verin...
Bəs, müvafiq qurumlar, məsələn elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahların qarşısını almaq üçün hansı tədbirlər görür?

Komitənin ötən ilki hesabatında bu barədə də yazılıb: Erkən nikaha və gender zorakılığına qarşı sosial media üçün 27 poster hazırlanıb, 50 min buklet paylanılıb və s...
Bir müddət əvvəl Komitə erkən nikah mövzusunda araşdırma hazırlayıb. Araşdırmada erkən nikahlarla mübarizə üçün çıxış yolları göstərilir:
1. Erkən nikah kompleks tədbirlər tələb edən sosial bir problem olduğu üçün təkbaşına maarifləndirmə aksiyaları ilə qarşısını almaq mümkün deyil. Maarifləndirmə işi davam etdirilməlidir, lakin bu kampaniyalarda əsas hədəf erkən nikaha loyal münasibət göstərən şəxslər olmalıdır.
2. Bir çox hallarda erkən nikahın səbəbi sosial-iqtisadi vəziyyətlə bağlı olduğu üçün müvafiq qurumlarla birgə riskli ailələrin sosial təminatının yaxşılaşdırılması, eləcə də qızların keyfiyyətli təhsilə əlçatanlığının artırılması ilə bağlı kompleks tədbirlər görülməlidir.
3. Qanunvericiliyin hökmlərində məsuliyyət artırılmalı, cinayət tətbiqi mexanizmləri müvafiq orqanlarla - Daxili İşlər Nazirliyi ilə müzakirələr əsasında təkmilləşdirilməli, ictimai nəzarət gücləndirilməlidir.
4. Erkən nikaha məruz qalan şəxsin valideynlərinin cəzalandırılması ilə yanaşı qanunvericilikdə, cinayət məcəlləsində 18 yaş altında nikaha daxil olan şəxsin tərəf-müqabilinin də cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı dəyişikliklər aparılmalıdır.
Çox gec olmadan erkən nikahlarla bağlı daha ciddi və nəticəverən tədbirlər görülməlidir. Əks təqdirdə gələcəyimiz təhlükə altına düşəcək!

Şərhlər

XƏBƏR LENTİ