SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Cümhuriyyətin 99, deputatın Rəsulzadəyə vətən xaini deməsinin 2 ili

Cümhuriyyətin 99, deputatın Rəsulzadəyə vətən xaini deməsinin 2 ili

Tarix:

31-05-2017, 09:14

/ 42 909 dəfə oxundu.
Cümhuriyyətin 99, deputatın Rəsulzadəyə vətən xaini deməsinin 2 ili

99 il əvvəl Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Cümhuriyyətin 99 ili, Gəncənin gənc deputatı Naqif Həmzəyevin isə Rəsulzadəyə vətən xaini deməsinin iki ili geridə qalıb.
M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.
Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.
Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.
Belə bir dövlətin min bir əziyyətə qatlaşaraq, özünü fəda edərək qurulmasının banisi olan Rəsulzadəyə bu gün Azərbaycan hakimiyyəti də hörmət bəsləyir, dövlət səviyyəsində Respublika Günü qeyd olunur, 100 illiklə əlaqədar fərman imzalanır. Amma dövlətin, hökumətin qiymətləndirdiyi Rəsulzadəyə hansısa bir deputat vətən xaini deyir.
O zaman deputat Ağacan Əbiyev də həmkarının çıxışına sərt reaksiya bildirmişdi. Amma zaman keçdi - deputat Araz Əlizadə də Rəsulzadəni aşağıladı. Sonra fikirlərini təkzib etdi. Naqif Həmzəyev isə nə üzr istəyib, nə fikirlərini təkzib edib.
Azərbaycanın inkişafı üçün heç bir fəaliyyəti olmayan, parlamentdə “ağzına su alıb oturan”, milli məsələlər barədə bir çıxış etməyən, adı təkcə Gəncənin icra başçısı Elmar Vəliyevin köməkçisi kimi keçən Naqif Həmzəyevin aldığı mandatın profilinin bu olmadığını bilməlidir.
Onun 2015-ci ildə dediyi sözləri xatırladırıq: “Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar.
Tarixi məndən yaxşı biləcəksiz? Heç bilirsiz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı.
Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı. O, bizim nə qədər sərvətimizi talayıb. Rəsulzadə satqın olub, o bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub.
Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir.
Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Siz niyə onlar barəsində sual vermirsiz? Cümhuriyyət məgər təkcə Rəsulzadədən ibarətdir?!”
Bu deputat unudur ki, mərhum Heydər Əliyev də, hazırkı prezident İlham Əliyev də Rəsulzadənin xidmətlərini həmişə qiymətləndirib.

Şərhlər

XƏBƏR LENTİ