SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Azərbaycanlılar niyə əsasən qara geyinir? — Mütəxəssislərdən MÜDHİŞ AÇIQLAMALAR

Azərbaycanlılar niyə əsasən qara geyinir? — Mütəxəssislərdən MÜDHİŞ AÇIQLAMALAR

Tarix:

4-03-2017, 23:24

/ 2 478 dəfə oxundu.
Azərbaycanlılar niyə əsasən qara geyinir? — Mütəxəssislərdən MÜDHİŞ AÇIQLAMALAR

Xarici ölkələrdə olarkən, küçədə insanların adətən rəngarəng geyindiklərini müşahidə edirik. Türkiyə, İslam respublikası olan İran, hətta keçmiş sovet ölkələri Rusiya və Gürcüstan kimi qonşularımızdakı insanlar adətən müxtəlif rənglərdən olan paltarlar geyinməyə üstünlük verirlər. Az hallarda tünd, əsasən də qara rəngli geyinmiş adam görmək olar.

Azərbaycanda isə çox vaxt insanlarımız qara geyimə üstünlük verir. Həmişə də, çox insanı bu sual maraqlandırır – azərbaycanlılar niyə qara rəngli geyimlərə üstünlük verirlər?

Eskpertlər düşünürlər ki, azərbaycanlıların qara geyimi sevməsinin xüsusi izahı var.

Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor, pxisoloq və sosioloq Rəfiqə Əzimova açıqlamasında qeyd edir ki, bunu Azərbaycan xalqının müharibə dövründə əziyyət çəkməsilə izah etmək olar. Onun sözlərinə görə, bu səbəbdən də, ölkəmizdə tünd rənglərə daha çox üstünlük verilir.

“Mənim üçün də qara rəngin yeri olmalıdır. Bəlkə də, Qarabağ müharibəsinin bizim ürəyimizə, psixologiyamıza yaralar salmışdı ki, bu illər ərzində müəyyən dərəcədə qara geyinməyə adət etmişik. Bəzən də, moda özü-özlüyündə rəngləri diqtə edir. Bu paltarlar toylarda, tədbirlər geyinmək artıq adət halına çevrilib”, - deyə Rəfiqə Əzimova bildirir.

Professorun sözlərinə görə, elə insanlar da var ki, qara rəngli paltardan qorxurlar:

“İkinci tərəfdən zövq məsələsi də mühüm rol oynayır. Qara rəngli paltarı müəyyən insanlar qəbul edir və rahatca geyinir. Bəzi insanlar isə qara paltarı qəbul etmir və nadir hallarda, əsasən yaslarda geyinirlər. Bu səbəbdən də, həmin insanların düşüncəsinə görə, qara paltarları toylara, ziyafətlərə geyinmək istəmirlər”.

Qara rəng insanda xüsusi hissləri gizlədir və onu daha da sirli edir. Psixoloq Eldəniz Gözəlov Ölkə.Az-a açıqlamasında bildirir ki, qara geyim özünə qapanma, dərin sirləri gizlətmək, güc və müdafiə temaları bildirilir. Onun sözlərinə görə, adətən hansısa psixoloji sartsıntı keçirən insanlar qara geyimlərə üstünlük verirlər

“Ümumi əhalinin əhval-ruhiyyəsinə bunu şamil etmək olmaz. Biri var özünün seçdiyi geyim, bir də kənardan gələnlərə dəyər vermək. Biz həmişə kənardan gələnə dəyər verərək, onu götürürük. Qara geyim pis deyil. Tünd geyimi bizim milli mentalitetə uyğun sayırlar. Düşünürlər ki, açıq geyindim, bir az "şit" çıxdı. Biz şüur hissimizdə rənglərə sərhəd qoyuruq. Beynimizə salmışıq ki, əsasən kişilər açıq rənglərdən çox tünd rənglərə üstünlük verməlidirlər. Bu insanların özlərinə qoyduqları psixoloji sərhədlərdir”, - deyə ekspert vurğulayır.

Psixoloq Nuriyə Quliyeva da açıqlamasında qara rəngə üstünlük verən insanların pessimist, problemlərə daha tez məyus olan insanlar olduğunu bildirir. Onun sözlərinə görə, azərbaycanlılar əvvələr daha çox qara rəngə üstünlük verirdilər:

“Xarici ölkə vətəndaşları düşünürlər ki, azərbaycanlılar müharibə dövründə olduğu üçün qara geyimə üstünlük verirlər. Bu bizdə müharibə dövrünün izləridirmi, yoxsa emosional durumumuzun aşağı olmasındandırmı? Mən deməzdim ki, Azərbaycan xalqının qara geyimə üstünlük verməsi sırf müharibənin, əhval-ruhiyyənin pis olmasının nəticələridir. Təbii ki, bu amillərin də müəyyən izləri var. Bundan başqa, insanın görünüşünü daha şux göstərdiyi üçün qara rəngə üstünlük verirlər”, - deyə Nuriyə Quliyeva bildirib.

Azərbaycanlı rəssam-modelyer, parfümer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova isə məsələ ilə bağlı tamamilə fərqli fikirlər söyləyib. Onun sözlərinə görə, azərbaycanlılar daha çox uyğunlaşma baxımından problemlər yaranmasın deyə tünd rəngli geyimlərə üstünlük verirlər:

“Geyim seçimində faiz etibarilə qara geyimə üstünlük verənlər çoxluq təşkil edir. Xanımların qarderobuna nəzər salsaq, görərik ki, onların paltarları arasında qara geyimlər çoxdur. Onların arasında şalvarlar, ətəklər, pencəklər əsasən qara olur. Xanımlar 2 il bundan öncə üst geyim olaraq paltoları qara rəngdə seçirdilər. Bu rəngin universal olmağından irəli gəlir. Bu rəng çox rahat şəkildə digər rənglərlə tutuşa bilər. Kimin artıq çəkisi varsa, düşünür ki, qara geyinsin və qara rəngin onları daha arıq göstərdiyini düşünürlər. Bu rəng həm də çox rahatdır. Onun barəsində çox düşünmək lazım olmur. Digər rəngdən istifadə edərkən mütləq onu özünə uyğunlaşdırmalısan. Yəni sənə düşən rəngi seçməlisən. Məsələn hər xanım qaradan sonra hansı rəng ona yaraşır, bu barədə fikirləşməyə başlayır. Qırmızı rəng hər xanıma yaraşmaya bilər. Bənövşəyi rəng faiz etibarilə bir çox xanımlara yaraşır, amma kimsə özünə uyğunlaşdırmaya bilər. 2017-ci ilin bahar mövsümü üçün 3 və 4 rəng müşahidə olunur. Yəni tək parçadan geyim tikilmir. Bu müxtəlif rənglərdir və bunları bir-birilə uyğunlaşdırmaq fantaziya tələb edir. Bu çox çətindir. Bu baxımdan qara rəng universal olduğu üçün hamı ona üstünlük verir”, - deyə Fəxriyyə Xələfova bildirir.

Fəxriyyə Xələfovanın sözlərinə görə, əvvəllər ölkəmizdə qara geyimə daha çox üstünlük verilirdisə, artıq bu tam olaraq belə deyil:

“Son illərin tendensiyasını müşahidə edirəm. Əksər hallarda xanımlar əlvan geyinməyə başlayıblar. Bu nədən irəli gəldi? Ona görə ki, qara rəngin tendensiyası o qədər kütləviləşdi ki, hansısa tədbirə gedəndə müşahidə olunurdu ki, ora gələnlərın çoxu qara rəngli paltarlar geyinib. Bunu xanımlar özləri də hiss etməyə başladılar. Artıq hər kəs eyni olmaq istəmədi. İstər-istəməz də dəb öz işini görür. Son illərin tendensiyalarına görə, müşahidə edirəm ki, əlvan rənglərə üstünlük verilir. Toy və nişan şənliklərində müxtəlif geyinilir. Bu baharın tendensiyasında çəhrayı rəng çox dəbdə olacaq. Əsasən gənc və yeniyetmə xanımların rəngi çəhrayı rəng sayılır. Buna "Barbi rəngi" də deyilir. Ağ rəng də çox dəbdə olacaq. Bu rənglərə hər zaman yer vermək lazımdır. Qarderob elə formalaşmalıdır ki, oradakı geyimlərin rəngləri bir-birilə konbinə olunsun. Rənglər bir-birini tamamlamalıdır. Çalışıb uyğunlaşan rənglər seçmək, sonradan bu geyimləri də kombinə etmək lazımdır. Kim iş fəaliyyətilə məşğuldur, çalışır ki, heç olmasa həftədə 2 yaxud 3 dəfə geyim tərzini dəyişsin. Ona görə həm rənglərdən, həm geyim stillərindən çox əlverişli istifadə etsinlər”.

Sonda isə tanınmış və sevilən şair Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini yada salaq. Bəlkə də, təsadüf deyil ki, şair məhz Azərbaycan qadınını tərənnüm edərkən “qara paltarlı” deyimindən istifadə edib. Demək şair özü də, bu şeiri ilə azərbaycanlıların qara rəngə vurğunluğunu göstərmək istəyir.

Ölkə.Az

Şərhlər

XƏBƏR LENTİ