SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Yoxlama”dan direktoru ölən məktəbi məmur zəbt edib, nazir susur

“Yoxlama”dan direktoru ölən məktəbi məmur zəbt edib, nazir susur

Tarix:

1-02-2017, 11:25

/ 2 143 dəfə oxundu.
“Yoxlama”dan direktoru ölən məktəbi məmur zəbt edib, nazir susur

Təhsil naziri Mikayıl Cabbarov məktəb direktorunun ölümü ilə bağlı səslənən iddialar qarşısında susur

Nazir ATV-nin “Yoxlama” verilişinin direktorun ölümü ilə nəticələnmiş 171 saylı məktəbdəki sujetinin əsl səbəbləri haqda danışmır.

Halbuki Təhsil Nazirliyi direktorun ölümü barədə açıqlama verməliydi. Ancaq Bakı Təhsil İdarəsi nəzəri bəyanatla işini bitmiş sayıb.

M.Cabbarov həmin məktəbin həyətinin zəbt olunması və restoran tikilməsinə etirazını bildirməliydi. Necə ki, bir müddət əvvəl bunu etmişdi.

Amma bu məktəbə çatanda M.Cabbarov üzərindən sükutla keçib. Nazir restoranı tikən və kommunal borcunu təhsil ocağının üstünə qoyan məmura bata bilmir.

Sosial şəbəkələrdə yayılmış məlumatlara istinadla xəbər verilir ki, 171 saylı məktəbin ərazisi 7 hektardır. Məlum olub ki, 7 hektarın 3 hektarında restoran tikilib.

Bu restoranların bütün kommunal xərcləri məktəbin adına yazılırmış. Bu məsələylə bağlı direktor Telman Qardaşov Təhsil Nazirliyində keçirilən toplantıda məlumat verib.

Amma direktora deyiblər ki, biz buna qarışa bilmərik. Direktor tərəddüd edəndən sonra restoran sahibləri olan oliqarx-məmur ATV-nin “Yoxlama” verilişini hədə-qorxu məqsədilə bu məktəbə göndərib.

Xəbərə görə, Telman Qardaşov özü apa-ya məktəbin bərbad halda olduğunu deyib. Aparıcı Azər İsmayılovun heç bir qaydalara sığmayan hərəkətlərindən stress keçirən direktor Telman Qardaşov dünyasını dəyişib.

Bu məlumatı Feysbuk istifadəçisi Azər Lerikli paylaşıb. Məlum olur ki, təhsil naziri Mikayıl Cabbarovun bata bilmədiyi oliqarx direktoru susdurmaq üçün telekanalı alət edib və T.Qardaşova təzyiq göstərib.

Telekanal isə həmin restoranı çəkmək və ərazinin zəbt edildiyini, üstəlik kommunal xərcini direktorun boynuna qoyulduğunu efirə vermək əvəzinə həmin məmura qahmar çıxıb.

Mərhum direktorun oğlu Turqay Qardaşov da açıqlamasında atasının vəfatında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin səbəb olduğunu bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ümumi təhsil müəssisələrində video və foto çəkiliş aparılması, reportaj hazırlanması haqda razılıqların verilməsi “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Yada salırıq ki, Təhsil İdarəsindən açıqlama verilib. Bildirilib ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə çəkiliş aparmaq məqsədilə “Yoxlama” verilişinin rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə heç bir sorğu daxil olmayıb, çəkiliş qrupunun məktəbə daxil olmasına və orada çəkiliş aparmasına müvafiq razılıq alınmayıb.

Qurumdan bildirilib ki, təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır:

“Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa üstünlük verilir”.

Qeyd edək ki, hazırda Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru vəzifəsinin müvəqqəti icrasının məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilməsi nəzərdə tutulub.

Şərhlər

XƏBƏR LENTİ