SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Məhkəmə qərarının icrası üçün daha nə lazımdır?” - ŞİKAYƏT

“Məhkəmə qərarının icrası üçün daha nə lazımdır?” - ŞİKAYƏT

Tarix:

3-04-2018, 14:25

/ 1 840 dəfə oxundu.
“Məhkəmə qərarının icrası üçün daha nə lazımdır?” - ŞİKAYƏT

Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəs, Bakı fəhləsi küçəsi, ev 10-da yaşayan Novruzov Sultan Bəhmən oğlu Azərbaycan Respublikasının ədliyyə naziri, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədri cənab F.Məmmədova “Açıq məktub”la müraciət edib. Məktubun bir surəti də “Təzadlar” qəzeti redaksiyasına ünvanlıdır.

Aşağıda ixtisarla təqdim edirik:
Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab F.Məmmədova!
“Açıq məktub”
Çox hörmətli Fikrət müəllim!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətini Ermənistandandakı doğma yurdunu tərk edərək qaçqın düşmüş ailə kimi həmişə dəstəkləmişik. Bu ilin aprelin 11-də keçiriləcək prezident seçkilərində də mənim və bütün ailəmizin bir namizədi var: Cənab İlham Əliyev!
Hörmətli Fikrət müəllim! Bəlkə də bu məqamda yeri deyil, amma deməyə məcburam ki, nə üçünsə bəzi məmurlar prezidentdən nümunə götürərək xalqa xidmət etmək əvəzinə, onlara problem yaradırlar. Elə Sizə müraciət etməkdə məqsədim də ədliyyə və məhkəmə sistemində mövcud olan belə məmurları göstərməkdir.
Məlumat üçün bildirirəm ki, 18 mart 2008-ci ildə “Meqa-Siti Holdinq” MMC şirkəti ilə 50.2 kvm. sahəsi olan birotaqlı mənzil almaq üçün müqavilə bağladım. Müqavilənin şərtlərinə görə iki il müddətinə ev tikilib təhvil verilməli idi. Mən də bu müddət ərzində, müqaviləyə uyğun olaraq hər ay 1300 ABŞ dolları olmaqla 31 min dollar pul ödədim. Pulların hamısını şirkətin 4 təsisçisindən biri olan Aqil Qədirova şəxsən təqdim etmişəm, qəbz almışam. Onu da qeyd etmək istəyirəm ki, şirkətin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov üzərilərinə düşən öhdəlikləri yerinə yetirə bilmədilər. Yəni, iki ildən xeyli vaxt keçməsinə baxmayaraq, ev hazır olmadı. Belə olan surətdə ödədiyim pulları geri almaq üçün, aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin 13 dekabr 2013-cü il tarixli qətnaməsində göstərilir ki, “Meqa-Siti Holdinq” MMC mənə 31 min ABŞ doları məbləğində pul qaytarılmalıdır. Qarşı tərəf də bu məbləği ödəməyə hazır idi, lakin...
Hörmətli Fikrət müəllim!
Təəssüflər olsun ki, bəzi məhkəmə və icra məmurları Sizin məhkəmə sistemində apardığınız uğurlu islahatlara kölgə salırlar. Belə ki, 2013-cü ildə çıxarılmış məhkəmənin qərarı 5 ildir ki, icra olunmur. Ədliyyə Nazirliyinin icra şöbəsinin məmuru Pərviz Quliyev uzun müddət qərarın icrasını qəsdən yubatdı. Mənim Ədliyyə Nazirliyinin bəzi şöbələrinə etdiyim çoxsaylı şikayətlərdən sonra icra məmurları Xəzər Rayon Məhkəməsinin qərarını yerinə yetirməyən “Meqa-Siti Holdinq” MMC haqqında Yasamal Rayon Məhkəməsində iddia qaldırdılar. Uzun çəkən məhkəmə prosesində heç bir səlahiyyəti və möhürü olmayan, pulların alıb verilməsinə cavabdehlik daşımayan və mənim tanımadığım şirkətin icraçı direktor Elnur Məmmədov həbs edildi. Amma, əsas günahkarlar olan şirkətin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov məsuliyyətdən kənarda qaldılar. Hazırda 6 aydan çoxdur heç bir yeyintidə və dələduzluqda əli olmayan Elnur Məmmədov həbsdədir. E.Məmmədovun həbsini bəhanə gətirən “Meqa-Siti Holding” MMC-nin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov məhkəmə qərarı ilə mənə ödənməli olan 31 min ABŞ dolları pulu verməkdən yayınırlar. Təbii ki, buna məhkəmə icraçıları şərait yaradırlar. Məhkəmənin qərarında isə birmənalı olaraq yazılıb ki, 31 min ABŞ dolları pul “Meqa-Siti Holding” MMC tərəfindən mənə ödənilməlidir. Daha qərarda yazılmayıb ki, pulu hansısa şəxs verməlidir.
“Şikayət məktubunda göstərib ki, “Meqa- Siti Holding”in sahibi qeyri-rəsmi Ədliyyə Nazirliyi notariat və qeydiyyat idarəsinin rəis müavini Mehman Sultanovdur...”
Mən məhkəmədəki ifadələrimdə dəfələrlə bildirmişəm ki, müqaviləyə uyğun olaraq hər ay ödədiyim 1300 ABŞ dolları məbləğində pulu şirkətin təsisçilərindən olan Aqil Qədirova şəxsən təqdim etmişəm. Ona görə də Elnur Məmmədov adında şəxsi qətiyyən tanımıram. Belə çıxır ki, bu insanlar tərəfindən məhkəmə qərarına hörmətsizlik edilirsə, deməli, onların arxasında güclü “əl” var. Bu barədə E.Məmmədovun atası, YAP-ın Nərimanov təşkilatında Təftiş komissiyasının sədri Adil Məmmədov Sizə yazdığı şikayət məktubunda göstərib ki, “Meqa- Siti Holding”in sahibi qeyri-rəsmi Ədliyyə Nazirliyi notariat və qeydiyyat idarəsinin rəis müavini Mehman Sultanovdur. Həbs olunmuş E.Məmmədov məhkəmədəki ifadəsində də dəfələrlə bildirib ki, mal-material alınması üçün pulu həmişə Mehman Sultanovdan alaraq şirkətə gətirib. Görünür M.Sultanov vəzifəsindən sui- istfadə edərək, məhkəməyə və icraçılara təsir göstərə bilir. Bunun nə qədər doğru olduğunu deyə bilmərəm. Amma fakt odur ki, beş ildir məhkəmə qərarı icra olunmur.
Hörməli Fikrət müəllim!
Məlumat üçün qeyd edim ki, bu işin istintaqı Ədliyyə Nazirliyi istintaq idarəsinin baş müstəntiqi Elman Yahya tərəfindən aparılıb. Elə 18 may 2017-ci ildə məhz Elman Yahya tərəfindən hazırlanmış ittiham aktı ilə tanış olanda da görünür ki, iş birtərəfli aparılıb. Nəyə görə bu qənaətə gəlirəm? Çünki hazırda qeyd etdiyim kimi, Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında da dəfələrlə bildirilib ki, Elnur Məmmədovun direktor kimi heç bir səlahiyyəti olmayıb. Bütün səlahiyyətlər “Meqa-Siti Holding” MMC-nin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimovdadır. Onların isə himayəçisi Ədliyyə Nazirliyi notariat və qeydiyyat idarəsinin rəis müavini Mehman Sultanovdur.
Dəhşətli olan budur ki, “Meqa-Siti Holding” MMC şirkəti qanunsuz olaraq iki dairəvi möhürlə işləyir. Şirkətin iki möhürünün olması barədə təsisçilərdən Fariz Nuriyevin məhkəmədə məlumat verməsi nədənsə hakimlərin və prokurorun diqqətindən “yayınmışdır”. F.Nuriyev şirkətin iki möhürdən istifadə etdiyini məhkəmədə verdiyi yazılı və şifahi ifadəsində də göstərmişdir. Onun söylədiyinə görə möhürün əsli özündə, saxtası isə o biri təsisçilərdədir.
Cənab nazir! Məsələnin bu yerə qədər gəlib çatmasının başlıca günahkarları Ədliyyə Nazirliyinin istintaq idarəsinin baş müstəntiqi Elman Yahya, nazirliyin icra məmuru Pərviz Quliyev və digər icra məmurlarıdır. Sizin rəhbərliyiniz altında işləyən bu insanlar Azərbaycan dövləti adından çıxarılmış məhkəmə qərarına hörmətsizlik göstərərək, vətəndaşları qəsdən dövlətdən narazı salmaq istəyirlər. Ancaq mən Azərbaycan Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya və nazir kimi Sizə inanıram ki, məhkəmə qərarlarına hörmətsizlik göstərən icra məmurları, nəhayət, layiq olduqları cəzalarını alacaqlar.
Onu da qeyd etmək istəyirəm ki, 15 mart 2018-ci ildə Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun iştirakı ilə keçirilən növbəti iclas da başa çatdı. İclasdan sonra yenə də Yasamal Rayon Məhkəməsinin icra şöbəsinin rəisi Anar Əhmədovun qəbulunda oldum. O da bu işi araşdırmaq üçün məni icra məmuru Ramin Muradovun üstünə göndərdi. R.Muradovla söhbətimiz zamanı məlum oldu ki, icra məmuru olaraq o, şirkətin direktorunun kim olduğunu belə bilmir. Haqqında həbs qətimkan tədbiri seçilmiş Elnur Məmmədov isə 04 aprel 2017-ci il tarixdə şirkət təsisçilərinin əmri ilə işdən çıxarılıb. Elə həmin tarixdən də şirkətin direktoru təsisçilərdən biri Fariz Nuriyev təsdiq edilib. Ancaq icra məmuru bütün bunlardan yalnız mənim təqdim etdiyim sənədlərdən sonra məlumatlı olub.
Yasamal Rayon Məhkəməsinin icra məmuru Ramin Muradov şirkətin əvvəlki direktorunun həbs olunduğunu bəhanə gətirərək, əlavə heç bir tədbir görmək istəmir. Halbuki bu gün şirkətin qanuni direktoru Fariz Nuriyevdən məhkəmə qərarının niyə icra olunmadığını tələb etməlidir. Əks təqdirdə, onlar haqqında yenidən məhkəmə iddiası qaldırmalıdır.
Çox hörmətli Fikrət müəllim! İndi mən vətəndaş olaraq bilmirəm kimə və nəyə inanım. Konstitusiyamızda bütün mülki və digər mübahisələrin yalnız ədalət məhkəməsində araşdırlmalı olduğu qeyd edilib. Ortada məhkəmə qərarı olduğu halda, aydın şəkildə hiss edirəm ki, Ədliyyə Nazirliyi notariat və qeydiyyat idarəsinin rəis müavini Mehman Sultanov bu məhkəmə qərarının icrasına imkan vermir. Bəs mən nə edim? İcraçıların hərəkətsizliyindən Avropa Məhkəməsinə şikayət verim? Mehman Sultanov bunumu istəyir? Axı mən niyə öz dövlətimdə məhkəmə qərarı ilə təsbit olunmuş mülki hüquqlarımın qorunmasından məhrum edilməliyəm? Ona görə ki, hansısa dövlət məmurunun bu işdə maraqları vardır?
Hörmətli Fikrət müəllim! İnanıram ki, yalnız Sizin müdaxilənizdən sonra mənim pozulmuş hüquqlarım bərpa olunaraq, “Meqa-Siti Holding” MMC şirkətinin yuxarıda adlarını qeyd etdiyim təsisçiləri məhkəmə qərarı ilə mənə çatacaq 31 min ABŞ dolları pulu qaytaracaq və bu işdə məsuliyyətsizliyə yol vermiş məmurlar cəzalandırılacaqlar.
Hörmətlə:
S.B.Novruzov

Redaksiyadan: cənab nazir Fikrət Məmmədova ünvanlı “Açıq məktub” tərəfimizdən nəzarətə götürülərək diqqətdə saxlanılacaq...
Redaksiyamıza Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədovun imzası ilə qəzetin ötən saylarında dərc olunmuş bu məzmunlu yazıya da cavab gəlmişdir (16.03.2018, 05-406-3-16). Cənab İ.Məmmədov yazır: ““Təzadlar” qəzetinin 13 fevral 2018-ci il tarixli sayında dərc olunmuş “Ədliyyə Nazirliyinin idarə rəisinin müavini fırıldaqçıları himayə edir?” başlıqlı yazıda göstərilən hallar barədə tədbir görülməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətə baxılmışdır. Bildiririk ki, Adil Məmmədovun oğlu Elnur Məmmədovun Az. CM-nin 303.1 və 306.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhər Yasamal rayon Məhkəməsində baxıldığı üçün A.Məmmədovun Ədliyyə Nazirliyinə ünvanladığı müraciəti aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
Məhkəmə işinə baxılması nəticəsində ədliyyə işçisi ilə bağlı pozuntu aşkar edilərsə, məsələyə müəyyən olunmuş qaydada baxılacaqdır.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ