yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Aydın Canıyev yazır: “Müəllimlər Günündə – Selcanın məmləkəti!”

Aydın Canıyev yazır: “Müəllimlər Günündə – Selcanın məmləkəti!”
5-10-2018, 23:32 534 dəfə baxılıb

Bu yazını 55 il kəndindən başqa heç yerdə işləməyən, yurdunun övladlarına nümunə olmuş görkəmli riyaziyyatçı pedaqoq Əfruz bəy Məmmədovun ruhuna, Rahim bəy Nuriyev, Yadigar bəy Sadıqov kimi elm, həyat, mübarizə müəllim-fədailərinə, Jalə xanım Rizvanzadə kimi bu yola yeni qədəm qoyan gənc pedaqoqlara, paytaxt məktəbində 20 ildən artıq müəllimlik fəaliyyətində heç zaman şagirdlərindən hədiyyə və pay ummayan Süsən xanım Əliyevaya hədiyyə-ərməğan edirəm həm də: şagirdlərinizin sorağı Selcanın məmləkətindən gəlsin – harada ali təhsil almaqlarından asılı olmayaraq!

Möhtərəm və möhtəşəm jurnalist

Başlığa çıxardığım bu ifadəni Əvəz Zeynallı gündəmə gətirəndə, təqdim edəndə nə mənim, nə Əvəz bəyin, nə də elə digərlərinin uşaqları tələbə deyildi.
Hər bir vətəndaşın ölkəsi üçün yararlılıq statusudu… tələbə olmaq!
Hər bir müəllimin produktivlik şkalasında əmsalıdı… tələbə olan şagird!
Hər bir tələbə olan şagirddi ailənin cəmiyyətə töhfəsi.
Ölkənin xilası deməkdi bu kompozisiya.
Ən yaxşı müəllim… ailədir! Normal ailədən olmayanın əlaçı şagird, yaxud da tələbə olmasının önəmi yox!
Ən yaxşı müəllimdir məktəb – özünə ən yaxşı ailənin uşaqlarını şagird seçən məktəb!
Və bu gün… müəllimlər günüdü!
Acığım gəlir hamı üçün pis olan müəllimdən kimsə durub özünə qarşı rəğbətə görə bəy tərifi yazanda!
Acığım gəlir hamı üçün yaxşı olan müəllimdən özünə münasibətdən yana nifrin püskürən, yaza bilən şagirddən-tələbədən!
Acığım gəlir cəmiyyətdə müəllimi müqəddəsliyindən və hörmətdən salan əməllərin təbliğindən!
Beyinlərdə rezonansa, gözlərdə assosiasiyaya səbəb olan neqativlərin tirajlanmasından, bunu edənlərdən, yaradanlardan ikrah edirəm!
…Müəllimə əl uzadılmamalıydı! Müəllimə və müəllimliyə əl uzanan anda o əllər kəsilməliydi. Amma Misir Mərdanovun əliylə oldu – klanı, tayfası, dəstəsi öz işini görüb, qazancını qazandı deyə, don biçdilər.
Kim idi Misir Mərdanovu buna mükəlləf edən – riyaziyyatı gözəl bilən adama, fəsadları dosdoğru hesablayan alimə arzulanan faciəli nəticəni vaxtından da qabaq əldə edən alimə?
O niyyətin də üstünə peşova getmək lazım idi!
Olmadı, edilmədi və… müəllimlik gözdən düşdü! Təhsil əhəmiyyətini, önəmini itirdi!
Amma və lakin… bütün bunlar “Selcanın məmləkəti”ndə olmayacaq!

Mən müəllimlərin qınanmasını, hədəfə alınmasını aqressiya ilə qarşılayıram: müəllimlər elm öyrətməyə borcludu, onları əskildənlərlə, aşağılayanlarla biz – jurnalistlər, siyasətçilər mübarizə aparmalıydıq, müəllimlər amanda, toxunulmazlıqda olmalıydı, müəllim sinfə girməlidi, səngərə yox!
Etmədik, etmədilər!
Dəllallıq edib Misir Mərdanovun gədəçələrinə pul verib “qoyunları”mızı o institutdan bu birinə, bu universitetin bir fakültəsindən digərinə keçirtdik, test suallarını bunkerdən oğurlayıb “şparqalka” kimi əldən-ələ ötürdük, həm sinifdə, həm səngərdə döyüşən müəllimlərimizi həbs etdilər, susduq. Məqsədli şəkildə elm və təhsil müəssisələrinə “müəllim” adıyla soxuşdurulan daxili və xarici agenturanın missionerlərinin qapılarına elçi düşdük, şagird-tələbə tapşırdıq!
Çürük tərəvəzi yeməyənlər savadsızlığından çürük kadr olanları löyün-löyün həzm elədilər!

Amma və lakin… bunlar “Selcanın məmləkəti”ndə olmayacaq!

Ona görə oldu ki, Selcan hələ uşaq idi, oxuyurdu, böyüyürdü!
Bu gün Selcan böyüyüb… Bənəzir Bhutto, İndira Qandi böyüyən kimi!
Selcan öz məmləkətinin gözəlliyini bilir, baxmayaraq ki, biz Azərbaycanın gözəlliyini bilmədik, bilsək də, xilasına nail olacaq qədər böyümədik!
Selcan o məmləkətin fədaisini – atası Əvəz Zeynallını dəmir barmaqlıqlar arxasından öpüb əzizləyən baladı!
O, bu məmləkəti nə bulunmayan hind qumaşına, nə qara brilyanta, nə dollara satmaz, satamaz: başının üstündən, həyatından Azərbaycan sevdalısı Əvəzin zülmləri göz kimi, qınaq kimi boylanar və hayqırar – Nə yapdığındı, Qız!?
Selcanın məmləkətində müəllimlər ən əzizi olar – anası Məlahət Qisuri Zeynallı ona müəllimlik edib, həm də atalıq! Belə qızların kompleksi olmur, cinsi mənsubiyyət, zəriflik diskriminasiya, zəiflik sayılmaz.



“Selcanın məmləkəti” və Selcanın məmləkəti… iki fərqli dünyanın qələbə simvolu olacaq!
Bilirsinizmi, Selcan hüquqşünaslığı da, həkimliyi də seçə bilərdi, amma müəllimliyi seçdi. Ədəbiyyatı da yox. Çünki çox gözəl anlamışdı ki, o məmləkəti şeirlə, mitinqlə qurmaq olmaz. Azərbaycandan böyük saf, təmiz bir məmləkəti gərək Azərbaycandan göylərə qalxasan, göylərdə qurasan, nümayiş etdirəsən o qüdrəti, sonra yer üzündə modelləşdirəsən. Azərbaycandakı adamlarla Azərbaycan məmləkəti, ölkə qurmaq olmaz.
Selcan fizika müəllimliyini seçib. İndi müəllimliyi öyrənsə də, hədəfi… NASA-dan görünməkdi. Dünyaya NASA-dan baxmağın vacibliyini özü anlayıb, bizə anladan Yavrudu Selcan. Bizə “Selcanın məmləkəti” təyinli ölkə bağışlayacaq Tələbə.
…Əvəz Zeynallı uzun illərdir ən mükəmməl və proqressiv ideyaları, layihələri həyata keçirir! Əlbəttə, ölkədə sünnət toylarının, ad günlərinin nəhəng kampaniyalara çevrilməsi qarşılığında kimlərisə heyrətləndirmək çox çətin məsələdi. Fəqət… Selcanın tələbə adını qazanması törəninə dəvət ediləndə ağlıma gəldi: bütün mərasim tipli şənliklərə son verib, övladlarımızı ancaq və ancaq tələbə olduğu halda alqışlayaq! Bu, elə bir növ Dədə Qorquddan gəlmə bir ənənə olar: “at çapıb, ox atıb, ov ovlamaq, ad qazanmaq” elə bu olsun gərək… hərə öz adını qazanar – həkim, müəllim, mühəndis!
Adı 17 yaşacan Şagird olanların sonrakı dönəmdə Tələbə olmaq mərhələsi bizi xilasa aparar!

Selcanın məmləkəti – bu ifadəni “Xural” oxucuları nə qədər ciddi qarşılamışdı deyə bilmərəm, amma biz o məmləkətin eşqiylə böyüdük! Gözlədik Selcandan o məmləkəti, verdi bizə o məmləkəti Selcan!
Müəllimlər günüdü! Pafossuz, mübaliğəsiz yanaşsaq, müəllim üçün ən böyük hədiyyə şagirdinin tələbə olmasıdı. Qalanı həyat mübarizəsinin nəticələri.
Öz ailə üzvlərimlə hər dəfə müəllimlərimizə bu ən böyük hədiyyəni etmişik: mən, qardaşım (ixtisası tarix müəllimi və hüquqşünas), böyük qızım (tarixçi-alim), o biri qızım (filologiya, dil-ədəbiyyat müəllimi) və… indi də dostumuz və qardaşımız, bizim üçün mücadilədə illərini qurban vermiş Əvəz Zeynallı.
Mənim bu şölənə – Müəllimlər Gününə Hədiyyə qismində dəyər verməyimin nədənini izah edim: Selcanın kiçik yubileyinə, ad gününə – 10 yaşına düzənlənəcək tədbirə qəşəng rus araqları alınır və… Əvəz Zeynallı şərlənərək həbs olunduğundan təbii ki, tədbir alınmır, araqlar da onda içilmir! İndi bu tələbəlik şölənində istemal etdiyimiz arağın həmin illərdən qalma olduğunu biləndə söylədim: bir evdə ki, araq 10 il qala, o evin dəyərləri sarsılmaz, o evdə əmanətlərin toxunulmazlığına əminlik yüzdəyüzdü!
Bəli, əziz müəllimlər, ailəsində dəyərlər qorunan, əmanətlər toxunulmaz qalan şagirdlərinizdi bayramınızı mübarək edən. Bayramınızın gözəlliyi onda, hədiyyə haqqınız onunla vacib ki, sizin Selcan və onun kimi şagirdləriniz, tələbələriniz var!
“Nizkiy poklon, çest i xvala! Snimayem şlyapu!”
SÖZARDI: Nə qədər ki bu ölkədə Əvəz Zeynallı, Aydın Canıyev və bu tip vətəndaşlar var, hər zaman uğrunuzda vuruşmağa, döyüşməyə hazırıq! Sizə can qurban! Siz, sadəcə, dərs deyin və DƏRS VERİN! Sizlər Selcanın məmləkətinin ən şərəfli vətəndaşları olacaqsınız!

Aydın Canıyev


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ