SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sahibkarlığa Kömək Milli Fondunda nə baş verir? - İTTİHAM VAR

Sahibkarlığa Kömək Milli Fondunda nə baş verir? - İTTİHAM VAR

Tarix:

24-01-2017, 13:34

/ 2 154 dəfə oxundu.
Sahibkarlığa Kömək Milli Fondunda nə baş verir? - İTTİHAM VAR

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti şəffaf deyil.

Söhbət bu qurumun sahibkarlara kömək məqsədi ilə ayırdığı vəsaitlərin xeyli hissəsinin təyinatına uyğun şəkildə xərclənməməsi, bəzi hallarda isə rüşvət və korrupsiya predmetinə çevrilməsindən gedir.

Qeyd edək ki, hazırda Şirzad Abdullayevin rəhbəri olduğu Fond, ölkədə fəaliyyət göstərən kiçik və orta biznesə yardım etmək məqsədilə yaradılıb. Amma indiyədək mətbuatda dərc olunan məlumatlara nəzər saldıqda və müxtəlif mənbələrdən gələn məlumatlara diqqət yetirdikdə məlum olur ki, SKMF-nin fəaliyyəti heç də birmənalı olaraq kiçik və orta biznesin inkişafına yönəlməyib. Bu fond tərəfindən kreditlərin ayrılmasında ciddi korrupsiya hallarına yol verilməsi və kreditlərin əksər hallarda təyinatı üzrə xərclənmədiyi iddia olunur. Eyni zamanda qeyd olunur ki, SKMF-dan xırda fermerlərin və orta təbəqəyə aid sahibkarların kredit götürməsi bir çox hallarda mümkünsüz olur. Bu baş tutanda isə fermerlərdən «haqq» tələb edilir. İddialara görə, alınan həmin «haqqın» kiçik bir hissəsi Fondun başçısına, yerdə qalanı isə İqtisadiyyat Nazirliyinin rəhbərliyinə çatır.

Daha bir iddia (hansı ki, mütəmadi gündəmə gətirilsə də, internet üzərindən apardığımız araşdırmalarda bununla bağlı SKMF tərəfindən hər hansı təkzibə rast gəlmək mümkün olmadı)

Fond dövlətin vəsaitini güzəştli kredit kimi yüksək vəzifəli şəxslər, böyük iş adamları arasında bölüşdürür. Bildirildiyinə görə, Fonddan kredit götürənlər ancaq yüksək vəzifəli məmurlardır ki, bunların da əksəriyyətini icra başçıları, nazir müavinləri, nazirliklərin şöbə müdirləri və digər vəzifəli şəxslər və onların bizneslərini idarə edənlərdir. SKMF-nin ayırdığı güzəştli kreditlərin bir sıra hallarda hansısa məmurların, onların ətrafındakıların və böyük iş adamlarının bizneslərinin çiçəklənməsinə yönəldiyi barədə iddialar fonunda diqqət çəkən başqa bir önəmli xüsus ondan ibarətdir ki, bir qayda olaraq, «arxasız», himayəsi olmayan orta və kiçik biznes sahiblərinə qarşı bürokratik əngəllər, süründürməçilik adət halını alıb. Bəzi hallarda onlar hətta «şapka» vəd etməklə belə, güzəştli kredit almaqda çətinlik çəkirlər.

Ekspertlərin də Şirzad Abdullayevin və rəhbəri olduğu qurumun fəaliyyəti ilə bağlı fikirləri birmənalıdır. Onlar hesab edirlər ki, Abdullayevin rəhbərlik etməyə başladığı 2008-ci ildən etibarən SKMF dövlətin ayırdığı vəsaiti nəzərdə tutulan sahələrin inkişafına yönəltsəydi, indi ölkədə iqtisadi vəziyyət, xüsusilə də qeyri-neft sektorunda durum müsbət mənada tamamilə fərqli olardı.Bu fikirlə razılaşmamaq mümkün deyil: görəsən, iqtisadiyyat naziri Şahin Mustafayev tabeliyindəki qurumun xətti ilə indiyədək «güzəştli kredit» adı ilə on milyonlarla manatın xərclənməsinə baxmayaraq, orta və kiçik sahibkarlığın çətin günlər yaşamasını, ölkə iqtisadiyyatının güclənməsinə real mənada böyük təsir göstərməməsini, ələlxüsus da aqrar sektorla bağlı son 7 ildə gözləntilərin özünü yetərincə doğrultmamasını nə ilə izah edir? Həmin pullar şəffaf, eyni zamanda təyinatı üzrə xərclənsəydi, vəziyyət yenə indiki kimimi olardı?

Ümumiyyətlə, fəaliyyətə başladığı dövrdən 2015-ci ilədək dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına SKMF üst-üstə 1 milyard 747 milon manat kredit alıb. Onun 931 milyon manatı dövlət büdcəsi hesabına, 816,3 milyon manatı isə verilmiş kreditlərin qaytarılmasından daxil olan vəsaitlər hesabına həyata keçirilib.Bu qədər fantastik rəqəmlərə baxmayaraq, ölkədə qeyri-neft sektorunun durumu onların səmərəli xərclənməsini şübhə altına alan faktdır. Burada isə heç şübhəsiz, diqqətlər iqtisadiyyat naziri Şahin Mustafayevlə Şirzad Abdullayevə yönəlir. Hər halda hər iki yüksək çinli məmur SKMF-nin vəsaitlərinin taleyi ilə bağlı cəmiyyətdəki çoxsaylı şübhələrə aydınlıq gətirməli, ciddi suallara ağlabatan cavablar verməyə çalışmalıdır.

unikal.org

Şərhlər

XƏBƏR LENTİ