SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni nazir – nimdaş kadrlar və köhnə idarəçilik ETSN məhkəmə qərarını qanunsuz hesab edir

Yeni nazir – nimdaş kadrlar və köhnə idarəçilik ETSN məhkəmə qərarını qanunsuz hesab edir

Tarix:

14-08-2018, 14:28

/ 2 037 dəfə oxundu.
Yeni nazir – nimdaş kadrlar və köhnə idarəçilik ETSN məhkəmə qərarını qanunsuz hesab edir

Bu günlərdə ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovun sahibkar Əsgərova Asya Qasım qızına qarşı etdiyi qərəzli və qanunsuz hərəkətlər barədə mətbuatda məlumatlar yayıldı. Xalıqverdi Hüseynovun “toxunulmaz şəxs” olduğunu və onunla əlaqə yaratmağın qeyri-mümkünlüyünü dərk edərək sahibkar Əsgərova Asya Qasım qızı ilə görüşmək qərarına gəldik. Sahibkarın bizə təqdim etdiyi rəsmi sənədlərdə hər şeyin açıq-aydın təsvir olunduğunu nəzərə alaraq məqaləmizi həmin sənədlərə nəzər salmaqla hazırlamaq zərurəti yarandı. İlkin olaraq onu qeyd edək ki, sahibkar Asya Əsgərova Bakı şəhəri Nərimanov rayonu, Dərnəgül qəsəbəsi 507-ci məhəllədə yerləşən sahəsini 01 dekabr 2017-ci ildə Hacıyev Vasif Əlövsəd oğluna müqavilə əsasında icarəyə vermişdir. Hazırda baş verən qalmaqalın yaranma səbəbi olan ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 08094 nömrəli protokol 16 mart 2018-ci ildə tərtib olunub.
Akt tərtib olunarkən Asya Əsgərova orada olmayıb və bundan xəbərsiz olub. Bunun ardınca sahibkara 2 min manat cərimə olunduğu barədə rəsmi bildiriş göndərilir. Bundan narazı qalan sahibkar əlindəki müvafiq sənədlərlə birlikdə ETSN-nə müraciət edərək ağacın icarədar tərəfindən kəsildiyini və cərimənin yanlış olaraq ona tətbiq edildiyini diqqətə çatdırır. Icarədar Vasif Hacıyevlə və şahidlər Araz Nağıyev, Məhərrəm Qafarovla birgə tətbiq olunmuş aktda icarədar ağacın güclü külək əsməsi nəticəsində qırılaraq piyada yolunu bağladığını bildirmiş və məcburiyyət qarşısında qalaraq qırılmış ağacı hissələrə bölərək piyada yolunu təmizlədiyini öz imzası ilə etiraf etmişdir.

Bütün bunlara baxmayaraq ETSN-ni Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov israrla cərimənin sahibkar Asya Əsgərova tərəfindən odənilməsini diqqətə çatdırır.

Nərimanov Rayon Məhkəməsi sahibkar Asya Əsgərovanın pozulmuş hüquqlarını bərpa edir, lakin…
Hər yerdən əli üzülən sahibkar Bakı şəhər Nərimanov Məhkəməsinə müraciət edərək ETSN-nı Ətraf Mühitin Mühafizəsi Departamentinin 13 aprel 2018-ci il tarixli 00017 saylı inzibati xəta haqqında qərarından şikayət edir. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, həmin qurumuş ağac Hacıyev Vasif Əlövsəd oğlu tərəfindən hissələrə bölünərək kəsilmişdir. Xatırladaq ki, ETSN-nin nümayəndəsi məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Bütün halları araşdıran məhkəmə sahibkarın şikayətini təmin edir və ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin 13 aprel 2018-ci il tarixli 00017 saylı inzibati xəta haqqında qərarını ləğv edir. Bunun ardınca Ətraf Mühitin Mühafizəsi Departamentinə Əsgərova Asya Qasım qızı barəsində tərtib edilmiş inzibati xəta haqqında işə yenidən baxılması həvalə edilir.

Baş verənlərdən bir müddət sonra sahibkar Əsgərova Asya Qasım qızına ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovun imzası ilə 00019 saylı yeni bir qərar təqdim olunur. Qərarda qeyd edilir ki, müvafiq departament tərəfindən yenidən araşdırma aparılıb və məhkəmə qərarında göstərilən iradlar öz təsdiqini tapmamışdır.

Beləliklə Azərbaycanın hüquq sistemində nonsens sayıla biləcək hadisə baş verir. Departament direktoru qanunlara və faktlara əsaslanaraq dövlət adından qərar çıxardan məhkəmənin araşdırmasını qəbul etmir və qanunun aliliyini şübhə altına salır. 50 nəfərdən çox Qərbi Azərbaycandan olan qaçqını və Şuşa şəhərindən məcburi köçkünləri himayəsinə götürərək işlə təmin edən qadın sahibkara qarşı, qurumuş bir ağacın təbii fəlakət nəticəsində aşmasına görə “Səlib yürüşü”nə start verənlərin arxasında kimlər dayanır?

Bir qərəzin və düşmənçiliyin tarixçəsi…
Böyüməkdə olan qalmaqallı hadisəni araşdırarkən maraqlı və şübhəli məqamlarla rastlaşdıq. Sən demə sahibkar Əsgərova Asya Qasım qızı ilə ona məxsus obyektə bitişik olan “Görüş” kafesinin sahibləri ilə uzun müddətdir ki, münasibətlərində gərginlik hökm sürür. Münaqişənin səbəbi isə ondan ibarətdir ki, həmin kafenin sahibləri Asya Əsgərovaya məxsus obyektin onlara satılmasını dəfələrlə tələb ediblər. Lakin xanım sahibkar obyekti satmaq fikrində olmadığını bildirərək bu təkliflərə “yox” cavabı verib. Məhz bundan sonra kafenin sahibləri Asya Əsgərovaya qarşı müxtəlif formalarda təqiblər, təzyiqlər, təhqirlər və şər-böhtan dolu addımlar həyata keçirtməyə başlayıblar. İllərlə davam edən münaqişənin sonunda baş verənlərin hüquqi müstəvidə həllini üstün hesab edən Asya Əsgərova qanunların dili ilə ona qarşı məkrli planlar həyata keçirən insanları qismən “yerinə otuzdura” bilib. “Görüş” kafesinin qeyri-qanuni sahibi Əliyev Surxay Əhəd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilib.
Bakı Apellyasiya Məhkəməsi Nərimanov rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli hökmünü qüvvədə saxlayaraq cinayətkarı cəzalandıraraq qanunun aliliyini təmin edib. Maraqlı nüans ondan ibarətdir ki, ETSN Ətraf Mühitin Mühafizəsi Departamentinin tərtib etdiyi inzibati xətalar haqqında protokolda şahid kimi Surxay Əhəd oğlu Əliyevin də adı çəkilir və o imzası ilə protokolu “bəzəyir”. “Xoruzun quyruğu” məhz bu zaman görünməyə başlayır.

Xalıqverdi Hüseynov “Asya Əsgərovanı çökdürün” tapşırığını kimlərdən alıb?

ETSN-ni iki sahibkar arasında olan münaqişəyə kimlər cəlb edib?

Sahibkar Asya Əsgərovanın redaksiyamıza ünvanladığı şikayət məktubunda Vergilər Nazirliyinin əməkdaşı Mehdi Novruzovun, onun əmisi Siyavuş Novruzovun və digər əmisi Bakı şəhər Icra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovun adı qırmızı xətlə keçir. Bir çox mətbu orqanlarda yer alan bu məlumatların təkzib olunmaması şübhəli məqamların yaranmasına münbit şərait yaradır. Adlarından və statuslarından göründüyü kimi,cəmiyyətdə kifayət qədər nüfuzlu olan həmin şəxslər barələrində yazılanlara nəinki münasibət bildirmirlər, hətta görməzlikdən belə gəlirlər. Belə qənaətə gəlmək olur ki, yazılanlar ya həqiqəti əks etdirir, ya da adıçəkilən şəxslərin deməyə sözü yoxdur. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vətəndaşlara qarşı vəzifəsindən sui istifadə edərək qanunsuz əməllər törədən məmurlara bu yoldan əl çəkmələrini tövsiyyə etsə də, görünür çoxları üçün bu keçərli deyil. Sahibkar xanıma qarşı baş verənlər bir daha sübut edir ki, hələ də ölkə başçısının tövsiyyə və tapşırıqlarından nəticə çıxarmyan, “naftalin iyi” verən işbazlar vəzifə başındadırlar. Belə məmurların fəaliyyəti isə prezident İlham Əliyevin vurğuladığı sosial ədalət prinsipləri ilə daban-dabana ziddir. Sahibkarın şikayətləri araşdırılarkən ortaya çıxan bir çox məqamlar xüsusilə diqqət çəkir. Belə nəticəyə gəlmək olur ki, kifayət qədər əlaqələri olan cinayətkar bir şəbəkə vətəndaşların başına min bir oyun açır.
Mövzu ilə bağlı yazıda adı çəkilən şəxslərin heç biri ilə əlaqə saxlamaq mümkün olmadı. Gah telefonları cavab vermədi, gah da işdə olmadıqları bildirildi. Buna baxmayaraq qarşı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Araşdırmalarımız davam edir.
Yeni nazir – nimdaş kadrlar və köhnə idarəçilik ETSN məhkəmə qərarını qanunsuz hesab edir
Yeni nazir – nimdaş kadrlar və köhnə idarəçilik ETSN məhkəmə qərarını qanunsuz hesab edir
Yeni nazir – nimdaş kadrlar və köhnə idarəçilik ETSN məhkəmə qərarını qanunsuz hesab edir
Yeni nazir – nimdaş kadrlar və köhnə idarəçilik ETSN məhkəmə qərarını qanunsuz hesab edir

Şərhlər

XƏBƏR LENTİ