SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvanda Talıbov epoxası başa çatır: “Xan” vitse-prezidentliyə yox, istefaya gedir…

Naxçıvanda Talıbov epoxası başa çatır: “Xan” vitse-prezidentliyə yox, istefaya gedir…

Tarix:

3-04-2017, 11:30

/ 8 064 dəfə oxundu.
Naxçıvanda Talıbov epoxası başa çatır: “Xan” vitse-prezidentliyə yox, istefaya gedir…

Azərbaycanda birinci vitse-prezidentin təyinatından sonra digər vitse-prezidentlərin də təyinatı maraqla gözlənilir. Novruz bayramına qədər bu təyinatların gerçəkləşəcəyi deyilsə də, iqtidar düşərgəsində baş verənlər prosesin bir qədər yubana biləcəyini düşünməyə əsas verir. Yeri gəlmişkən, vtse-prezidentlərin sayı ilə bağlı deyilənlər də birmənalı deyil. Kimisi üçə qədər vitse-prezidentin olacağını, kimisi də bundan artıq, 5-6 vitse-prezidentin olacağını deyir. Cəmiyyətin əsas müzakirə etdiyi məqam isə neçə vitse-prezident vəzifəsinin olacağından çox, bu postları kimlərin və nə vaxt tutacağı ilə bağlıdır. Əlbəttə, bu vəzifələrin sahibləri seçki yolu ilə deyil, təyinatla olacağından cəmiyyətin mövqeyi həlledici deyil. Ancaq o da məlumdur ki, iqtidar Konstitusiyada ediləcək dəyişikliklərə həm də hakimiyyətin yenilənməsi yolunda yeni bir imkan kimi baxır və bu məsələdə cəmiyyətin mövqeyi iqtidarla üst-üstə düşür. Beləliklə ilk olaraq,
Vitse-prezidentlər nə vaxt təyin olunacaq?
Sualına cavab arayaq. Bununla bağlı redaksiya olaraq bir hüquqi məqamı diqqətə çatdırmaq istərdik. Belə düşünmək olar ki, vitse-prezidentlərin təyinatı aprel ayı ərzində həyata keçiriləcək. Belə ki, Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam tam icra edildikdən sonra bu təsisat tam formalaşacaq. Sərəncamda Nazirlər Kabineti altı ay vaxt verilir ki, hüquqi-aktları Konstitusiya dəyişikliyinə uyğunladırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddət bitəndən kimi vitse-prezident postlarına təyinat olacaq. Sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır. Demək digər vitse-prezidentlərin aprelin 12-də və ya bundan az zaman sonra təyin olunacağını gözləmək olar.
Vitse-prezidentliyə iddialılar: “Xan”ın adı hallanır
Birinci vitse-prezident postuna Mehriban xanım Əliyevadan başqa namizəd olmadığı halda, vitse-prezident postlarına namizədlər də, iddialılar da belə görünür ki, az deyil. Artıq bəzi iqtidar daxili siyasi qruplar vitse-prezident postunda görmək istədikləri şəxslərin adlarını çəkməyə, onların təbliğatını qurmağa belə cəhd edirlər.
Bu məsələnin fonunda diqqət çəkən məqam Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident təyin ediləcəyi haqda xəbərlərin yayılması oldu. Onun 23 fevralda vitse-prezident elan olunacağı və sonradan bu xəbərin dezinformasiya olmasının arxasında dayanan müəmmalar hələ də müzakirə mövzusudur. Bunla bağlı apardığımız təhlilllərdən belə qənaətə gəlmək olar ki, məlum xəbərin Naxçıvan rəhbərinə yaxın mənbələr tərəfindən mətbuata qəsdən ötürüldüyü barədə də fikirlər var, bu xəbərlə ona qarşı bəzi dairələrin kampaniyası hesab edənlər də. Maraqlıdır ki, bu layihəyə qədər hakimiyyət daxilində baş nazirlik uğrunda savaş gedirdi və o zaman daTalıbovun adı iddialılar sırasında dəfələrlə hallanıb. Bu yazımızda da mediada “Xan” adıyla tanınan Naxşıvan rəhbərinin şansları üzərində dayanacayıq.
Naxçıvanda hakimi-mütləq ola bilər, amma…
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Bakıda yüksək vəzifə tutan Naxçıvan kökənli məmurların böyük qismi ilə ziddiyyətdədir. Talıbov Naxçıvana kimsənin müdaxiləsini, onun işinə qarışılmasını sevmir. Bu, yalnız siyasi iddia və hakimiyyət qüruru deyil. Vasif Talıbov Naxçıvanı şəriksiz “votçina”sına çevirənə qədər çoxları ilə döyüşüb. Bu sırada hətta ölkənin ən qüdrətli simalarından olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin şəxsi mühafizəsinin rəisi, general Bəylər Əyyubov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, AZAL prezidenti Cahangir Əsgərov da var. Onlarla döyüşə-döyüşə Talıbov bütün dövlət strukturlarında dövr edən pul axınına birbaşa özü nəzarəti ələ alıb. Kadr təyinatı, bölgənin yaratdığı dövlətlərarası biznesə nəzarət paketi məhz onun əlində cəmləşib. Hakimiyyətdə kifayət qədər ciddi ranqı olan adları yuxarıda çəkilən və çəkilməyən məmurlarsa təbii ki, belə durumu sevmirlər, onunla barışmaq istəmirlər. Lakin prezidentin yanında olan üstün statusu V. Talıbova imkan verib ki, Azərbaycana hökm edən qüdrətli simaların təsir imkanları Naxçıvan sərhədləri içərisində işləməsin. Amma bu vitse-prezidentliki üçün yetərli deyil. Belə ki, məsələ ilə bağlı rəyini öyrəndiyimiz ekspert bildirdi ki, Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədridir, SSRİ dövründə avtomatik olaraq, o post Azərbaycan parlamenti sədrinin müavini idi: “Buna görə də onun vitse-prezident olacağı inandırıcı görünmür. Digər tərəfdən də, bu icraedici, o isə qanunverici hakimiyyətdir. Onun o vəzifədə qalması və paralel olaraq vitse-prezident olması mümkünsüz görünür. Vitse-prezident olması üçün Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər olunmalı idi. Bu yaxınlarda o dəyişikliklər oldu, lakin o maddə ora salınmadı. Bu isə o deməkdir ki, Vasif Talıbovun vitse-prezident olmaq şansı çox azdır. Onun yeri hakimiyyət üçün çox mühüm olan Naxçıvandadır. Lazımi vəzifələri orada icra edir”.
Çox istəyən, azdan da qalar…
Amma bütün bunlara rəğmənonun adının mətbuatda hallanması adının üstündən xətt çəkilməsi anlamına gəlməməlidir. Zaman-zaman Naxşıvan rəhbəri ilə bağlı bu istiqamətdə (əvvəllər baş nazirlik, indi isə vitse-prezidentlik üçün- red.) təbliğat da aparılıb. Bakıda Naxşıvanda “kommunizm qurulması”, “Talıbov modeli”nin uğurları haqda süni əfsanələr yaradılıb. Əslində bütün bunların əsası yoxdur. Muxtar Respublikadakı gerçək durumla bağlı cumhuriyyet.az olaraq “Qüdrət Həsənquliyevin qeyri-səmimi Naxçıvan “sevgisi”, yaxud bir etirazın pərdəarxası” yazımızda geniş təhlil aparmışdıq. Bununla paralel Talıbova Bakıda “Ağ Ev”də də münasibət o qədər xoş deyil. Vasif Talıbov əvvəla, ayrı-ayrı məmurlara münasibətdəki şəxsi mövqeyi, ikincisi isə özünün sərt və bəzən də anlaşılmaz dərəcədə primitiv idarəçilik metodları ilə hakim elitanı özündən narazı salıb. İddialara görə, hətta prezident İlham Əliyev özü də Vasif Talıbovun idarəçilik metodlarından əslində məmnun deyil. Bakıda siyasi isteblişment belə hesab edir ki, Talıbov özünü Naxçıvanda doğrudan-doğruya bir feodal kimi, xan kimi aparır. Bu isə həm hakimiyyətin özü haqqında sivil obraz yaratmaq cəhdlərinə, yeni kreativ idarəçilik üsullarına, həm də hakimiyyətin mərkəzləşməsi prinsipinə zidd olan siyasət kimi qəbul edilir. Mərkəzi hakimiyyətdə, xüsusən də ən yuxarı səviyyədə Vasif Talıbova münasibətin daha bir göstəricisinə baxmaq bu münasibətin işarəsi barədə aydın təsəvvür yaradar. Son vaxtlar hakimiyyətin yeni obrazının arxitektoru olan ölkənin birinci xanımı Mehriban Əliyeva da muxtar respublikaya səfər etməkdən imtina edir. Hətta prezidentin Naxçıvana son səfəri zamanı xanım Əliyeva prezidenti müşayiət etməmişdi. Bu da özlüyündə çox ciddi siyasi yükə malik jestdir.
Hakimiyyət dəhlizlərində gəzən söz-söhbətə görə, Vasıf Talıbovun nəinki vitse-prezident təyin olunmaması, hətta onun postundan tezliklə uzaqlaşdırılması planı üzərində düşünülür. Sadəcə ən böyük maneə Vasif Talıbovun Naxçıvanda mütləq şəxsi hakimiyyətə malik olması və əsas postlara özünə şəxsən sadiq kadrları yerləşdirməsidir. Yəni Talıbovun istefası ilə Naxçıvanda hakimiyyətin tam konfiqurasiyası dəyişilməlidir. Bir sözlə, Naxçıvanda Talıbov epoxası bitmək üzrədir. Hakimiyyət artıq öz sıralarındakı feodal təfəkkürü daşıyıcılarından imtina etməkdə qərarlı görünür…

cumhuriyyet

Şərhlər

XƏBƏR LENTİ