SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Diqlas”ın əsl sahibi: “Böyük sahibkar” niyə hələ də ortada yoxdur? - Aktual

“Diqlas”ın əsl sahibi: “Böyük sahibkar” niyə hələ də ortada yoxdur? - Aktual

Tarix:

30-03-2019, 10:21

/ 1 729 dəfə oxundu.
“Diqlas”ın əsl sahibi: “Böyük sahibkar” niyə hələ də ortada yoxdur? - Aktual

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı sahibkarlara dəyən zərərin hesablanması üçün Komissiya yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı tapşırıq verib və bu gün artıq komissiyanın tərkibi elan olunub. Sahibkarlar dəymiş ziyanı dəqiqliklə hesablayıb komissiyaya təqdim etməlidirlər. Artıq Prezident tərəfindən yanğından zərər çəkmiş sahibkarlara ayrılan vəsaitin maliyyələşməsi də təmin olunub. Belə ki, 29 martda verilmiş tapşırığın icrası olaraq elə bu gün Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin edilib.

Bu arada məlum olub ki, “Diqlas”ın iki sahibi var imiş. Ticarət mərkəzinin - Araz adlı idarəçisi malları yanan icarəçilərin qarşısında mərkəzin sahiblərinin adlarını açıqlamasa da, “Diqlas”ın iki hissəyə bölündüyünü və həmin şəxslərin Bakıda olduğunu bildirib: “Hadisəni eşidəndə mənim ayaqlarım tutuldu. Sizin malınız yanıb, elə hesab edin mənim evim yanıb. Mən “Diqlas” tikiləndən bəri buradayam, hamınız məni tanıyırsınız. İş elə gətirdi ki, “Diqlas” iki yerə bölündü. Rasim də, mən də idarəçilərik. Sahibləri başqalarıdır, özünüz bilirsiniz. Mən bu gün axşam sahibkarla görüşəcəm, görüm fikri nədir. Ancaq ondan sonra sizə nəsə deyə bilərəm”.

O, ticarətçilərə deyib ki, hər deyilənə inanmasınlar. Onlara pul verməyəcəklər, bildirəcəklər ki, kimin sığortası varsa, sığorta şirkətindən pulunu alsın: “Mənim pulum yoxdur sizə kompensasiya, pul verim. Mən heç kiməm, idarəçiyəm, sizlərdən biriyəm. Sahibkarla görüşə gedirəm, görüm nə deyir, nə desə, nə qərar versə, gəlib sizlərə çatdıracam. Görsəm ki, heç bir kömək eləmək fikri yoxdu, onda mən də gəlib sizə qoşulacam. Nə desəniz edərik”. Ticarətçilər də “böyük sahibkar”ın onlarla görüşməsini tələb edib. İdarəçi isə bunun mümkünsüz olduğunu bildirib. Beləliklə, yanğın nəticəsində vətəndaşlara böyük miqdarda maddi ziyanın dəyməsinə baxmayaraq “böyük sahibkar”lar üzə çıxmır. Ticarətçilərə kompensasiyanın dövlət tərəfindən ödənilməsi isə birmənalı qarşılanmır. Bu qərar vətəndaşların ziyanın ödənilməsi baxımından alqışlansa da, eyni zamanda hesab olunur ki, ödənişin dövlət büdcəsi hesabında həyata keçirilməsi doğru deyil.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin rəsmiləri binada yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədiyi barədə açıqlama veriblər. Eləcə də “Diqlas”dakı malların uçotunun aparılmaması, ortada hansısa sənədin olmaması isə, ümumiyyətlə kompensasiya məsələsinin necə reallaşacağı ilə bağlı suallar doğurur. Yanğın təhlükəsizliyini, əmlakın sığortasını təmin etməyən, “kölgə iqtisadiyyatı” prinsipləri ilə çalışan sahibkarlar hadisədə məsuliyyət daşıyırmı?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, sahibkarlarla müqavilədə fors-major situasiyalarda hansı qaydalara uyğun hərəkət edilməsi göstərilməli idi: “Sadəcə çox təəssüf ki, Azərbaycanda müqavilə mədəniyyəti hələ tam formalaşmayıb. Çox zaman müqavilə bağlanarkən məsuliyyət vətəndaşın, xırda sahibkarın üzərinə qoyulur. Böyük sahibkarlar öz üzərlərinə məsuliyyəti götürməkdən yayınırlar. Bunun nəticəsində də müqavilələr kiçik sahibkarlara ziyanlı şəkildə bağlanır. Bu da həm vergi öhdəliklərinin, həm də fors-major situasiyalarda öhdəliklərin doğru-düzgün yerinə yetirilməməsi ilə nəticələnir. Nəticədə də ziyan kiçik sahibkarlara dəyir. Bu çox ciddi bir problemdir. Çünki müqavilə öhdəliklərinə yenidən baxılmalıdır. Əgər bu günə kimi ödənilən icarə haqqında kiçik sahibkarların doğru-düzgün payı yoxdursa, bunun da bir məsuliyyəti var. Yayılan məlumatlardan bəlli olur ki, bu günə kimi sahibkarlara kifayət qədər böyük ödənişlər olub. Amma hələ heç bilinmir ki, binanın əsl sahibləri kimdir və onlar müqavilə öhdəliklərini hansı formada yerinə yetirəcəklər”.

İqtisadçı deyir ki, bu məsələdə dövlətin birbaşa öhdəliyi yoxdur: “Dövlət burada ədalətli hakim rolunu oynaya bilər. Bu günə qədər dəymiş ziyanlarla bağlı dövlətin əlində olan imkanlar çərçivəsində bina sahiblərinin üzərinə öhdəliklər qoya bilər. Bu məhkəmə qərarı vasitəsilə də baş verə bilər və ya müqavilə öhdəlikləri ilə bağlı ilkin danışıqlarda müvafiq icra strukturlarının iştirakı ilə icarədarlarla icarə verən arasında yeni müqavilələr imzalanmalıdır. Bu müqavilə əsasında kompensasiya verilmə meyarları müəyyən olunmalıdır”.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda sığorta mədəniyyətinin formalaşmaması da problemin bir tərəfidir: “Sığorta mədəniyyəti də formalaşmayıb ki, belə hadisələrdə sığorta şirkətləri dövriyyəyə girsin və ödənişləri onlar həyata keçirsinlər. Əslində bu da İcarəyə verənin günahıdır ki, bu günə qədər müqavilələrdə sığorta məsələsinin əks olunmasına şərait yaratmayıb. İndiki şəraitdə məsuliyyət, məhz obyekt sahibinin üzərinə düşür, ona görə də kompensasiyaların ödənilməsi də birbaşa onlara həvalə edilməlidir”.

Ticarət Mərkəzində təhlükəsizlik qaydalarına əməl olunmaması bina sahibinin məsuliyyətini artırırmı? Natiq Cəfərli deyir ki, bu məsələdə Fövqəladə Hallar Nazirliyinin də müəyyən məsuliyyəti yaranır: “Çünki qanunvericiliyə görə müəyyən dövr ərzində - ən azı ildə 1, təhlükə siqnalları olarsa 2 dəfə - yanğın təhlükəsizliyi qaydaları yoxlanılmalıdır. Nazirliyin müvafiq qurumları həmin qaydalara əməl olunub-olunmaması ilə bağlı texniki sənəd hazırlamalı idi. Əgər bunlar baş verməyibsə, deməli Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu da öz işini yaxşı görməyib. Burada sahibkar da yanğından təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsuliyyət daşıyır. Amma əgər o, desə ki, əlində aktlar var və yanğın təhlükəsizliyi ilə bağlı ona irad bildirilməyib, onda dövlət qurumunun üzərinə bu məsuliyyət düşür”.

Şərhlər

XƏBƏR LENTİ