SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Rabitə işi”nə görə həbs edilən sabiq baş direktor necə “təmizə çıxdı”

“Rabitə işi”nə görə həbs edilən sabiq baş direktor necə “təmizə çıxdı”

Tarix:

20-02-2019, 12:31

/ 1 063 dəfə oxundu.
“Rabitə işi”nə görə həbs edilən sabiq baş direktor necə “təmizə çıxdı”

“Rabitə işi”ndə əsas fiqurlardan biri “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib. Xətai Rayon Məhkəməsi onun müraciətini təmin edib. Halbuki Məhəmməd Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadədə, külli miqdarda mənimsəmədə ittiham olunaraq barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarılmışdı. Məhkəmədə 4 milyon 500 min manat ziyanı ödəmişdi. Apelyasiya instansiyası isə həmin cəzanı şərti cəza ilə əvəzləmişdi.

Barəsində olduqca ciddi korrupsiya ittihamları məhkəmədə təsdiqlənmiş məmurun hətta şərti cəzadan da azad edilməsi nə dərəcədə qanunidir?

Hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a Məhəmməd Məmmədovun şərti cəzadan azad edilməsini şərh edib. Hüquqşünas deyib ki, Azərbaycanda Məhəmməd Məmmədov kimi məmurların qanunla problemlərini bu sayaq həll etmələri ümumilikdə korrupsiya cinayətlərinin qarşısının alınmasına olduqca böyük zərər verir: “Korrupsiya ilə mübarizənin ən optimal variantı Sinqapurdadır. Orada tətbiq edilən model Azərbaycana tam uyğundur. Sinqapurda dövlət məmurlarına yüksək əmək haqqı verilir. Paralel olaraq korrupsiya cinayətlərinə görə olduqca sərt cəzalar tətbiq olunur. Heç bir bağışlanma, şərti cəza, əfv yoxdur. Hesab edirəm ki, Azərbaycan yalnız bu modeli qəbul etdiyi halda korrupsiyaya qarşı effektiv mübarizə apara bilər. Bu gün əsas problem Azərbaycanda məmurların əmək haqqının çox aşağı səviyyədə olmasıdır. 500-600 maaşa qol çəkən məmurun əlindən milyonlar keçir və tək-tək məmurlar var ki, xalqın malına əlini uzatmır. Məhkəmə hakimlərinin, məhkəmə sistemində çalışanların əmək haqları da aşağıdır. Hakimlər ortalama 1200 manat, katiblər və digər işçilər isə 200-300 manat maaş alırlar. Bunun qarşılığında onların olduqca böyük iş yükü var. Hakimlər katiblərə, öz köməkçilərinə aldıqları maaşdan pul vermək məcburiyyətindədirlər. Məhkəmələrdə katiblər proseslərin stenoqramını aparmalıdırlar. Amma aparmırlar. Maaşları çox azdır deyə kimsə bunu tələb edə bilmir. Ümumilikdə bu, məhkəmə sisteminin işinə mənfi təsir göstərir. Bu adamlardan gözləmək ki, elə həmin maaşla qane olacaqlar, bu mümkün deyil.

Bu adamların əllərindən Məhəmməd Məmmədov kimilərin milyonlarla manatlıq işləri keçir. Əslində hakimlər 5 min manat, katiblər, köməkçilər 1500 manat əmək haqqı almalıdır ki, rahat həyatlarını qura bilsinlər. Kimlərinsə əlinə baxmasınlar. Belə müzakirələr olanda adətən fikirlər səslənir ki, onlara yüksək maaş da verilsə, yenə də rüşvət alanları olacaq. Azərbaycanda kifayət qədər savadlı, vicdanlı hakimlər var. Söhbət ondan gedir ki, yüksək maaş veriləndə rüşvət alanlara çox sərt cəzalar olmalıdır. Hətta ömürlük azadlıqdan məhrumetmə cəzasının tərəfdarıyam. O kəslər ki, dövlət vəzifəsində işləyib yüksək maaşla təmin olunub və rüşvət alırsa, belə adamlar dövlətin, cəmiyyətin əsaslarına balta çalırlar, ona görə də ömürlük həbsə göndərilməlidirlər. Biz əgər məmurun, hakimin maaşını qaldırmırıqsa, deyirik ki, korrupsiya ilə mübarizə aparırıq, bu mübarizənin nəticəsi istənilən səviyyədə olmayacaq. Korrupsiyaya bulaşanlar öz işlərində olacaqlar. Deyəcəklər ki, əşi, onsuz da tutulanları da məhkəmə açıb buraxır, işimdə olum”.

Ə.Həsənov deyir ki, əvvəlki illərə nisbətən korrupsiya ilə mübarizə zəif də olsa aparılır: “Məmurlar bir qədər özlərinə yığışıblar, qorxurlar. Dövlət vəzifəsində korrupsiya ilə məşğul olması sənədlərlə, sübutlarla isbat olunan, özünün, ətrafındakıların ifadələri ilə cinayət əməli təsdiqlənən məmurun azadlığa çıxması, barəsindəki şərti cəzanın ləğv olunması korrupsiya ilə mübarizənin nəticələrinə kölgə salır. Əgər şəxs xalqın, dövlətin 1 manatını mənimsədiyini etiraf edibsə, o adamın yeri həbsdir. Azərbaycanda belə məhkəmə hökmlərinin çıxarılması hakimlərin maaşları aşağı olduqca davam edəcək. Vəzifədə olan məmur da fikirləşəcək ki, filankəs 50 milyon mənimsədi, 5 milyonu qaytarıb şərti cəza ilə azadlığa çıxdı. Mən də xalqın, dövlətin pulunu talayım, oğurlayım və şərti cəza alıb gedib həyatımı yaşayım. Bunu da hamı bilir ki, belə korrupsioner məmurların azadlıqdan məhrumetmə yerlərində günləri heç də pis keçmir. Ayrıca kamera, hamam, tualet, televizor, telefon, soyuducu əllərinin altında olur. Yaxınları ilə görüşlərinə problem də olmur. Yəni özlərinə şərait yaradıb həbsdə də istədikləri kimi yaşayırlar. Bu, əlbəttə ki, korrupsiya ilə mübarizənin effektini olduqca azaldır”.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin Məhəmməd Məmmədov barəsində çıxardığı qərardan narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb. M.Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) aparılan yoxlamalar zamanı həbs edilmişdi. Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinirdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məmmədov isə 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum olunub.

Şərhlər

XƏBƏR LENTİ