SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirliklərin ali məktəb biznesi: - Diplom verir, iş vermir

Nazirliklərin ali məktəb biznesi: - Diplom verir, iş vermir

Tarix:

28-09-2018, 09:34

/ 1 794 dəfə oxundu.
Nazirliklərin ali məktəb biznesi: - Diplom verir, iş vermir

Ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərlə bərabər valideynləri də düşündürən ilk məsələ onların işlə təmin olunmasıdır.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1991-ci ilə qədər cəmi 17 ali təhsil müəssisəsi var idisə, bu gün onların sayı 54-dür. Bu ali məktəblərdə 170 minə yaxın tələbə təhsil alır.

Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərin heç biri məzununa iş təyinatı vermir. Bu universitetlər sadəcə olaraq müxtəlif ixtisaslar üzrə kadr yetişdirir.

Sovet dövründə sistem tam başqa idi və hər bir universitet məzununa aidiyyatı sahə üzrə iş təyinatı verilirdi. İndi isə tam fərqli cəmiyyət və sistem qurulub. Əmək bazarının formalaşmasında belə fərqli sistem mövcuddur. Universitetlər əmək bazarının tələbinə uyğun kadr hazırlığı həyata keçirməli olduqları halda, bunu etmirlər. Bəzən tələb olduğundan çox, bəzən də az kadrlar yetişdirilir ki, onların da əmək bazarında yerləşdirilməsi mümkün olmur. Hətta tam mütəxəssis kimi yetişən birinin təhsil aldığı sahə üzrə işlə təmin olunmasında çətinliklər yaranır.

Məlumat üçün qeyd edək ki, bu günlərdə Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə görə, Turizm və Menecment Universiteti Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Turizm Agentliyinin tabeliyinə verilib. İstənilən halda məzunlar üçün əgər işlə bağlı təminat yoxdursa, universitetin bir qurumdan digərinə transfert edilməsinin fərqi nədir ki?

Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin hər biri xüsusi təyinatlı statusa malikdir. Yəni, hər birinin tabe olduğu dövlət qurumu var. Bu universitetlər fəaliyyətini məhz təyinatı olduqları qurumun tələbləri çərçivəsində qurub. Amma çox təəssüflər olsun ki, bu universitetlər xüsusi təyinatlı ali təhsil müəssisələri olsa da, onlar sonda məzunlarını işlə təmin etmirlər. O zaman belə bir sual ortaya çıxır.

İşə təyinat yoxdursa, niyə o zaman dövlət qurumlarının universitetləri olmalıdır?

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələrindən, xüsusi təyinatlı ali təhsil müəssisələrindən, özəl ali təhsil müəssisələrindən ibarətdir. Bu ali təhsil müəssisələrinin hər biri ayrı-ayrılıqda müxtəlif tabelilik qaydasında fəaliyyət göstərsə də, yalnız xüsusi təyinatlı ali təhsil müəssisələri məzunlarını birbaşa təyinatla işlə təmin edir:

“Belə ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbi tələbələrinə həm təhsil aldıqları müddətdə xüsusi geyim, həm də bitirdikdən sonra müəyyən olunmuş rütbə ilə təyinat da verir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Milli Aviasiya Akademiyası da xüsusi təyinatlı ali təhsil müəssisələri olsa da, onlar sonda məzunlarını işlə təmin etmirlər.

Nəzərə alsaq ki, onlar tələbələri qəbul zamanı bir neçə mərhələli yoxlamalardan keçirirlər, amma məzunlarını tam şəkildə sonda işə təyin etmirlər. Halbuki, bu sahələr üzrə ölkədə kadr hazırlığını həyata keçirən təhsil müəssisələri yalnız onlardır”.

Ekspert qeyd edib ki, dünya təcrübəsində spesifik sahələr üzrə kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı bütün təhsil müəssisələri məzunlarının hamısını işlə təmin edir:

“Bu, ən əsas özlərinə lazım olan səviyyədə kadrların olması üçün vacibdir. Dövlət Universitetlərindən Gənclər və İdman Nazirliynə tabe olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Kənd Təsərrüfatı Nazirliyinə tabe olan Azərbaycan Dövlət Aqrar Universiteti, Səhiyyə Nazirliyinə tabe olan Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tabe olan Bakı Ali Neft Məktəbi, Turizm Agentliyinə tabe olan Azərbaycan Turizm və Menecment Universiteti kimi ali təhsil müəssisələri aid olduqları sahələr üzrə kadr hazırlığını həyata keçirsələr də, onlar məzunlarının birbaşa əmək bazarında işləmələri üçün təyinat vermirlər”.

“O zaman niyə dövlət qurumlarının universitetləri olmalıdır?” sualına cavabında Kamran Əsədov deyib ki, bu, rəqabət üçündür:

“Əmək bazarın ixtisaslı kadrın formalaşması üçündür. Yəni, kim yaxşıdırsa, bilik və bacarıqlar kimdə yüksəkdirsə, müsabiqə və müsahibə ilə geçsin”.

Turizm və Menecment Universitetinin Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi məsələsinə gəlincə, ekspert mahiyyətcə bunun heç bir fərq daşımadığını deyib. O, vurğulayıb ki, problem ondan ibarətdir ki, universitetlər əmək bazarının tələbinə cavab verən kadr hazırlığı həyata keçirmirlər.

Şərhlər

XƏBƏR LENTİ