SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yeni nazir “köhnə qvardiya” ilə vuruşur - GƏLİŞMƏ

Yeni nazir “köhnə qvardiya” ilə vuruşur - GƏLİŞMƏ

Tarix:

4-06-2018, 12:09

/ 2 240 dəfə oxundu.
Yeni nazir “köhnə qvardiya” ilə vuruşur - GƏLİŞMƏ

Sahil Babayevə ƏƏSMN-dəki korrupsiyalaşmış sistemi məhv etmək tapşırığı verilsə də, ona mane olanlar var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təftiş xarkterli tədbirlər davam etdirilir. Belə ki, nazirlikdə əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi, verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış işçi qrupları tərəfindən aparılan işlər müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin təyin olunması sahəsində tam şəffaf mexanizmin yaradılmasının, saxta əlillik təyinatlarının qarşısının alınmasının, eyni zamanda, əlilliyin təyin olunmasında bir sıra hallarda özünü göstərən süründürməçiliklərin aradan qaldırılmasının bu gün nazirlik qarşısında duran əsas hədəflərdən olduğunu vurğulayıb. Bu məqsədlə yaradılmış İşçi Qrupu tərəfindən verilmiş tapşırıqlara uyğun şəkildə müvafiq işlərin aparıldığını qeyd edən S. Babayev əlilliyin qiymətləndirilməsi prosedurlarının təkmil əsaslar üzərində, şəffaf şəkildə qurulmasında, fərdi reabilitasiya proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübədən irəli gələn yanaşmaların tətbiqinin diqqətdə saxlandığını bildirib.

İclasda əlilliyin qiymətləndirilməsi sahəsində mövcud vəziyyətlə bağlı araşdırmaların nəticələri, qabaqcıl dünya praktikasından istifadə olunmaqla fərdi reabilitasiya proqramının, əlillərin bərpa mərkəzlərinin inkişafı üzrə konsepsiya layihəsinin hazırlanması yönündə aparılan işlər müzakirə olunub. Əlilliyi olan şəxslərin sağlamlığının, sosial statuslarının bərpası, onların reabilitasiya səviyyəsinin artırılması yönündə fəaliyyətin gücləndirilməsi üçün fərdi reabilitasiya proqramının tətbiqinin önəmi vurğulanıb.

Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupu da öz fəaliyyəti barədə məlumat verib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsi prosedurlarının, sosial yardımın alınması üçün müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinə qaydasının təkmilləşdirilməsi üçün müvafiq təklifər diqqətə çatdırılıb. Təkliflər nəzərdən keçirilməklə, ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramı ilə əlaqələndirilməsi, sosial yardım alan ailələrin bu proqram vasitəsilə şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə aktiv şəkildə dəstək verilməsi mexanizminin səmərəli təşkili məsələləri ətrafında müzakirələr aparılıb.

S. Babayev tərəfindən hər iki İşçi Qrupuna müvafiq tapşırıqlar verilib.

“Reytinq”ə daxil olan məlumata görə, nazir Sahil Babayev iclasdan sonra növbəti dəfə qeyri-rəsmi toplantı keçirib və ciddi addımlar atıb. O, qeyri-rəsmi toplantıda çıxış edərək, artıq köhnə sistemlə işləyənlərlə yollarını ayıracağını nəzərə çatdırıb və elə ordaca, bir neçə vəzifəli şəxsi işdən çıxarıb.

Qeyd edək ki, Sahil Babayev son iki həftə ərzində kütləvi şəkildə kadr islahatı həyata keçirib. Məlumata görə, DSMF-nin direktor müavini Sərdar Xasay oğlu Xıdırov da vəzifəsindən azad edilib. Onun yerinə İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayev (Qaradağ DSMF-nin müdiri) gətirilib.

Digər vəzifələrindən azad olunan şəxslər isə aşağıdakılardır:

Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyev

Abşeron DSMF-nin müdiri Coşqun Qasımov

Quba DSMF-nin müdiri Sabir Hacıyev

Qaradağ Məşğulluq Mərkəzinin müdiri Tahir Hüseynov

Binəqədi Məşğulluq Mərkəzinin müdiri Güləhməd Bağırov

Laçın Məşğulluq Mərkəzinin müdiri Balay Bəndəliyev

İsmayıllı Məşğulluq Mərkəzinin müdiri Həsən Həsənov

Qax Məşğulluq Mərkəzinin müdiri Laçın Haçıyev

Yasamal Məşğulluq Mərkəzinin müdiri Elxan Rəhimov

Samux Məşğulluq Mərkəzinin müdiri Yaşar Ələkbərov

Dövlət Məşğulluq Xidmətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri Məhəmməd Əliyev

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Emil Allahverdiyev

Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev

Aparatın Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov

Nazirlik Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Cəfərov (dövlət qulluğunda fəaliyyətinə xitam verilib, tutduğu vəzifədən çıxarılıb və nazirliyin jurnalında redaktor müavini vəzifəsinə keçirilib)

Hacıqabul DSMF-nin müdiri Xalis Həsənovun isə Yasamal DSMF-yə müdir gətirildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl yeni nazir ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirlərini də işdən kənarlaşdırıb. Eyni zamanda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin - Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri vəzifəsindən uzaqlaşdırılıb.

“Reytinq”in əldə etdiyi məlumata görə, nazir bununla kifayətlənməyib. Mənbəmiz deyib ki, sabiq nazir Səlim Müslümovdan sonra bu sistemdə 180 dərəcə dəyişiklik tələb olunur. “Ölkə başçısı bu sistemdə olan vəziyyətdən narazıdır. Ona görə də yeni nazir qarşısında tələb qoyulub ki, sistemdə köhnə qaydalar ləğv olunmalıdır. Bu səbəbdən də Sahil Babayev sərt qərarlar verir. Doğrudur, nazir köklü və əhatəli dəyişikliklər edə bilmir, amma yuxarıdan gələn tapşırıq da qətidir. Hələlik Sahil Babayev çıxılmaz durumdadır. Bəzi yüksək çinli məmurların xahişini geri çevirə bilməsə də, yuxarıların tapşırığını da yerinə yetirmək zorundadır. Bu səbəbdən də, yəqin ki, nazirin “təmizləmə əməliyyatı” davamlı olacaq”.

Sistemdəki köklü problemlərin aradan qaldırılmasına gəlincə, mənbəmiz deyib ki, nazirin buna nail olub-olmayacağını demək hələlik çətindir. “Düşünürəm ki, yeni kadrlar bu sahəyə yad olduqlarından qanunsuz fəaliyyətin həcminin azalması şühbəsizdir. Bütün hallarda, hazırkı prosesi müsbət qiymətləndirmək olar”, – deyə mənbə fikrini yekunlaşdırıb.

Şərhlər

XƏBƏR LENTİ