SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycandan Şarm əl Şeyxə gedənlərin sayı kəskin artıb - səbəb

Azərbaycandan Şarm əl Şeyxə gedənlərin sayı kəskin artıb - səbəb

Tarix:

24-08-2019, 09:59

/ 977 dəfə oxundu.
Azərbaycandan Şarm əl Şeyxə gedənlərin sayı kəskin artıb - səbəb

Binasını yəhudilərin qoyduğu ərəb cənnətinə maraq niyə çoxalıb?
Bu yay Azərbaycandan Misirin Şarm əş Şeyx şəhərinə gedənlərin sayında ciddi artım var. Müşahidələr göstərir ki, bir qayda olaraq qış mövsümündə Azərbaycandan bu şəhərdə dincəlməyə gedənlərin sayı artsa da, bu yay vəziyyət xeyli dəyişib. Ölkə mətbuatında Misirin bu cənnət guşəsinə təklif edilən turların reklamları da artıb, Şarm əş Şeyxdə dincəlib oradan fotolar paylaşanlar da.

Qeyd edək ki, Misir dünyanın ən əsrarəngiz ölkələrindən biridir. Bu ölkə əsrlər boyu dünyanın hər yerindən insanları ehramları, piramidaları, onlarda gizlədildiyi güman edilən sərvət həvəsi ilə cəlb edib. Bu baxımdan turizm Misirdə əsrlər öncədən təşəkkül tapıb desək, yanılmarıq. Ötən əsrin 70-ci illərindən sonra Misir insanları həm də gözəl çimərlikləri, kazinoları, əyləncə mərkəzləri ilə cəlb etməyə başlayıb. Qədim tarixə malik ölkənin bir neçə şəhəri məhz müasir turizm məskəni kimi parladı. Bunlardan biri də Şarm əş-Şeyxdir.

Şarm əş-Şeyx ərəbcədən tərcümədə Şeyxin Buxtası deməkdir. Bir neçə əsr əvvəl kiçik balıqçı kəndi olan bu şəhər 1967-ci ildə bütün Sinay yarımadası ilə birlikdə İsrail tərəfindən işğal edilib. 12 illik işğal dövründə yəhudilər çox əlverişli coğrafi mövqedə yerləşdiyini görüb, şəhərcikdə turizmin inkişafı istiqamətində xeyli işlər həyata keçirirlər: yollar çəkilir, otellər tikilir, infrastruktur yaradılır və sair. 1979-cu ildə ərəb ölkələri ilə əldə olunmuş razılaşma nəticəsində İsrail Sinay yarımadasını Misirə qaytarır.

Xoşbəxtlikdən ərəblər yəhudilərin başlatdığı işin gələcəyini düzgün qiymətləndirərək, Şarm-əş-Şeyxdə turizmin inkişafı istiqamətində tədbirləri genişləndirirlər. Beləliklə, bir neçə onillik bundan əvvəl yalnız bədəvi ərəblərin ayaq basdığı şəhərcik bugünkü dünyanın ən cəlbedici istirahət-əyləncə mərkəzlərindən birinə çevirlir.

1982-ci ildə bu şəhərdə cəmi 3 otel vardısa, indi onların sayı 500-ü keçib. Son illərdə isə xaricilərin əmlak sahibi olmasına icazə verilən xüsusi qəsəbələr salınıb. Dünyaca məşhur “Hyatt Regency”, “Accor”, “Marriot”, “Le Meridien”, “Four Seasons”, “Ritz-Carlton” kimi şəbəkələr Şarm əş-Şeyxdə öz otellərini yaradıblar. Şəhərdə Starbucks, Hard Rock Cafe, McDonalds, Kentucky Fried Chicken kimi qidalanma şəbəkələri də məskunlaşıb. Şəhərin daimi əhalisi əsasən otel və xidmət şəbəkələrinin işçiləridir və onların sayı durmadan artır.

Şəhərin iqlimi çox isti - quru və səhra iqlimidir. Yay aylarında kölgədə havanın temperaturu 43-45 dərəcəyə çatır, qışda isə 10-15 dərəcəyə qədər düşür. Orta illik temperatur 24 dərəcədir. Dənizin suyu daim isti, günəş parlaq olduğuna görə ilin bütün fəsillərində Günəş vannası qəbul edib, dənizdə çimmək istəyən insanların axını olur.

Şəhər Peace Road adlı mərkəzi magistralla bir-birilə əlaqələnmiş bir neçə oazisdən ibarətdir. Onların demək olar ki, hamısı otel və çimərliklərdən ibarətdir. Yalnız “Şarm əş-Şeyxin ürəyi” adlandırılan Naama-Bəy adlı ərazi fərqlidir - bura Şərqin Las Veqası hesab olunur. Burada çoxsalı ticarət və əyləncə mərkəzləri, kazinolar, gecə klubları və restoranlar yerləşir. Şarm əş-Şeyxin əsas xüsusiyyətlərindən biri burada bir dənə də olsun çoxmərtəbəli binanın olmamasıdır - bütün binalar 1-3 mərtəbəlidir.

Az qala bütün şəhər otellərdən ibarətdir. Onların bir qismi dənizin sahili boyunca, digərləri bir qədər uzaqda yerləşir. Lakin burada dəniz sahilindəki çimərliklərə girişə hər hansı məhdudiyyət qoyulmur: bununla bağlı otellər arasında qarşılıqlı razılaşma var.

Bütün bu gözəllikləri ilə dünyanın diqqətini cəlb edən Misir cənnəti bu dəfə soydaşlarımızı 40-45 dərəcə istinin qeydə alındığı yay mövsümündə də cəlb etməyi bacarıb. Turizm şirkətlərindən aldığmız məlumata görə, Azərbaycandan bu yay istirahət üçün Şarm əş Şeyxi seçənlərin sayı 30 faizə qədər artıb. Əvvəllər bütün ilboyu Azərbaycandan bu şəhərə gedənlərin sayı ümumilikdə istirahət məqsədilə ölkəni tərk edənlərin 2-3 faizini təşkil edirdisə, hazırda bu rəqəm 6-7 faizə yaxınlaşır. Turizm şirkətlərindən bildirildiyinə görə, bunun səbəbi Bakıdan birbaşa Şarm əş Şeyxə aviareyslərin açılmasıdır. Belə ki, indiyədək belə reyslər qış mövsümündə təşkil olunurdu. Bu il isə Misirin Turizm Nazirliyinin təşəbbüsü ilə iyuldan eitbarən Şarm əş Şeyxə Bakıdan çarter reysləri açılıb. Bu reyslərə bilet turizm şirkətləri tərəfindən təklif edilən turpaketlər çərçivəsində satılır. 5-7 günlük turpaketlərin qiymətləri isə bir nəfər üçün qalınacaq otelin ulduz səviyyəsindən asılı olaraq 600 dollardan başlayır.

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimovun “Yeni Müsavat”a dediyinə görə, Misir həmişə Şimali Afrikanın aparıcı turizm ölkəsi olub: “Amma son illərdə bu ölkədə baş verənləri, terror aktları və sair üzündən Misirdə turizm kəskin tənəzzülə uğramışdı. Lakin ötən ildən etibarən Misir hökuməti turizmin dirçəldilməsi üçün ciddi tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində bir neçə ay əvvəl Misir Turizm Nazirliyi Azərbaycanın aparıcı turizm şirkətləri və media orqanlarının nümayəndələrinin Şarm əş Şeyxə informasiya turunu təşkil etdi. Eyni zamanda, Şarm əş Şeyx otelləri qiymətlərdə ciddi güzəştlər təklif etdilər. Nəticədə ucuzluq yarandı və bu da Azərbaycan vətəndaşları cəlb edir. Ümid edirəm ki, Misirin digər ərazilərində də turizmin yenidən dirçəlməsi üçün addımlar atılacaq, ən əsası isə bu ölkədə sabitlik tam bərqərar olacaq”.

Mütəxəssis deyir ki, Azərbaycanda həmişə Misirə maraq böyük olub: “Azərbaycan yeni müstəqillik əldə etdiyi illərdə yollar açılanda Türkiyə və Dubayla yanaşı, Şarm əş Şeyxə də gedişlər başlamışdı. Yəqin ki, bundan sonra gedınlərin sayı daha da artacaq”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ