SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Keçmiş rəisin evindən 250 min manatı kim və necə oğurlayıb? – Kərim Soltanov oğlu və gəlini tərəfindən oğurlanan pula görə başqalarını həbs etdirib…

Keçmiş rəisin evindən 250 min manatı kim və necə oğurlayıb? – Kərim Soltanov oğlu və gəlini tərəfindən oğurlanan pula görə başqalarını həbs etdirib…

Tarix:

7-01-2019, 01:12

/ 1 516 dəfə oxundu.
Keçmiş rəisin evindən 250 min manatı kim və necə oğurlayıb? – Kərim Soltanov oğlu və gəlini tərəfindən oğurlanan pula görə başqalarını həbs etdirib…

Ağdam rayonundan olan məcburi köçkün Möhlət Əbilov tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə prezidentinə müraciət edən şikayətçi yazır:

“Cənab Prezident!

Sizə müraciətim Bərdə rayon polis idarəsinin maliyyə təsərrüfat şöbəsinin keçmiş rəisi, polis mayoru Soltanov Kərim İsmayıl oğlunun qanunsuz əməlləri və dövlətin vəsaitini oğurluq yolu ilə mənimsəməsi ilə bağlıdır. Belə ki, Kərim Soltanovun oğlu Məhəmməd, gəlini Zümrüd, qohumu Yaşar və Asif əlbir olub, onun evindəki seyfi oğurlayıblar və külli miqdarda vəsaiti mənimsəyiblər.

Hadisənin 2018–ci ilin yanvar ayında baş verməsinə rəğmən, Kərim Soltanov cinayəti törətdikdən sonra Bakıya qaçan oğlu Məhəmmədi həbsdən qurtarmaq və polis oğlu Ramiq Soltanovun (sözügedən cinayətdə əli olan evin gəlini Zümrüd Soltanova Ramiq Soltanovun həyat yoldaşıdır) adına xələl gətirməmək məqsədi ilə hüquq mühafizə orqanlarına şikayət etməyib.

Amma iyun ayında Kərim Soltanov hadisəni törədənlərdən birini – Asif Əzizovu – oğlum Təbrizlə qızım Manyanın üzünə durmağa və onların adıçəkilən hadisəni birlikdə törətdiklərini bildirməyə razı salıb.

Bu azmış kimi, hərbi prokurorluğun müstəntiqi Nihat Şıxəliyev Kərim Sultanova xoş gəlsin deyə, həyat yoldaşım Gültəkin Əbilovanı qanunsuz olaraq həbs etdirib.

Cənab Prezident!

Biz çox yaxşı bilirik ki, Siz dəfələrlə məmur özbaşınalığına qarşı sərt tədbirlər görülməsi üçün göstərişlər vermisiniz. Amma bu gün müstəntiq Nihat Şıxəliyev və onun köməkçisi Şahin bizə sual verir ki, adamınız yoxdur, sizi “yuxarılar”a tapşırsın, qadını, yəni həyat yoldaşım Gültəkin Əbilovanı buraxaq? Deyir ki, onun heç bir günahı yoxdur, amma buraxa bilmərəm. Görünür, belə məmurlar üçün qanunlar yox, kimlərinsə tapşırığı əhəmiyyətlidir.

Cənab Prezident!

Belə məmurların özbaşınalığı nəticəsində xanımım Gültəkin Əbilova yeni ili həbsxanada qarşılamalı oldu. Sizdən xahişim budur ki, üzləşdiyimiz problemi nəzarətə götürəsiniz, Kərim Soltanovun, oğlu Məhəmməd Soltanovun, qardaşı oğlu Fəzail Soltanovun qanunsuz əməlləri araşdırılsın, müstəntiq Nihat Şıxəliyevin yoldaşım Gültəkin Əbilovanı əsassız olaraq həbsə almasına hüquqi qiymət verilsin və həyat yoldaşım Gültəkin həbsdən azad edilsin”.

Zakir Qaralova və Ramil Usubova müraciət

Öz növbəsində, Gültəkin Əbilovanın yaxın qohumu, Qarabag Azadlıq Təşhkilatının (QAT) sədr muavini, Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri İlqar Əli də qəzetimiz vasitəsilə Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb. O, adıçəkilən yüksək rütbəli məmurlara xitabən yazır:

“Biz sizə müraciət etdik ki, rüşvətxor, korrupsiyaya bulaşmış məmur Kərim Soltanovla bağlı ölçü götürəsiniz, əvəzində Azərbaycan Respublikası Baş prokurorunun müavini Xanlar Vəliyev və onun müstəntiqi Nihat Şıxəliyev günahsız ağbirçək qadını, məcburi köçkünü şərləyərək həbs etdirdi.

Deyəsən, bu ölkədə məmurların gücü korrupsionerlərə deyil, qadınlara çatır. Həmin qadın doğma dayımın qızı Gültəkin Əbilovadır. Bu ölkədə qanunsuzluğun acısını dayım qızı çəkməli, yeni ili həbsxanada qarşılamalı oldu. Ən acınacaqlısı isə odur ki, Hərbi Məhkəmənin sədri Həbib Həsənov deyir, gedin Xanlar Vəliyevin razılığını alın, sonra qadını buraxım. Nihat Şıxəliyevin köməkçisi Şahin isə bizə adam tapıb, tapşırıqla dayım qızını həbsdən azad etdirməyi məsləhət görür.

Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri kimi prezidentə müraciət etdim ki, o da bu məsələ ilə tanış olsun. Bilsin ki, məmur ailəsi Bərdədə at oynadır, acısını isə ağbirçək qaçqın qadın çəkir.

Budurmu tolerantlıq dediyiniz, budurmu multikultiral dəyərlər? Korrupsiyaya qarşı beləmi mübarizə aparırsınız?

Kimdir bu Kərim Soltanov? Milyonlar onun evində hardandır? Oğlu Məhəmməd Soltanovla gəlini Zümrüd 2018-ci ilin yanvarında onun evindən 251.000 manat oğurladıqları halda nədən vaxtında polisə şikayət etməyib, 5 aydan sonra oğlu Məhəmmədi tapıb, döyərək ələ aldıqdan sonra şikayətçi düşüb?”

“Kərim Soltanovun evindəki seyfi öz oğlu, gəlini və yaxın qohumları oğurlayaraq qarət ediblər”

İlqar Əli deyir ki, oğurluq məsələsinə heç bir aidiyyatı olmayan Gültəkin Əbilovadan təsir mexanizmi kimi istifadə ediblər: “Onu həbs etməkdə məqsəd oğurlanmış pulların qaytarılmasıdır. Halbuki, nə Gültəkin Əbilovanın, nə də onun övladlarının sözügedən cinayətdə əli yoxdur. Artıq qeyd edildiyi kimi, rüşvət və korrupsiya yolu ilə böyük var-dövlət toplayan, pulunun sayını belə itirmiş keçmiş polis rəisi Kərim Soltanovun evindəki seyfi öz oğlu, gəlini və yaxın qohumları oğurlayaraq qarət ediblər”.

Kərim Soltanovun cinayətin təşəbbüskarı və icraçılarından biri olan oğlu Məhəmməd Soltavun səs yazısı hazırda İlqar Əlidədir. Həmin sıəs yazısında Məhəmməd Soltanov günahını tam etiraf edir. Baş verənləri bütün təfərrüatı ilə danışır, Gültəkin Əbilova ilə övladlarının bu cinayətdə əli olmadığını söyləyir.

“Məhəmmədlə Zümrüd əlbir olub 2011-ci ildən Kərim Sultanovun evindən pul oğurlayırlar”

Onun söhbətindən məlum olur ki, seyfi evə Məhəmmədin qardaşı, polis əməkdaşı Ramiq Soltanovun həyat yoldaşı Zümrüd Soltanova gətirib, açarın surətini də çıxartdırıb özündə saxlayıb ki, istədiyi vaxt ordan pul götürə bilsin. Əslində Məhəmmədlə Zümrüd əlbir olub, 2011-ci ildən Kərim Sultanovun evindən pul oğurlayırlar. Amma pulunun sayını itirən Kərim Sultanov bunun fərqinə belə varmayıb. Sonuncu dəfə Məhəmməd borclarını qaytarmaq üçün seyfdən pul götürmək istəyəndə, Zümrüd bu işdə ondan şübhələnəcəklərini əsas gətirərək, açarı ona verməkdən boyun qaçırıb. Ona deyib ki, sənə şərait yaradacağam ki, seyfi oğurlayasan, sən də əvəzində mənə istədiyim məbləği verəcəksən.

Elə də ediblər. Anlaşmaya əsasən, Məhəmməd Seyfdən oğurlanan pulun 80 min dollarını Zümrüdə verib. Amma Məhəmməd Soltanov seyfi təkbaşına oğurlamayıb. Bu işdə ona qohumları – qumarbaz Asif və Yaşar kömək ediblər. Oğlunu, gəlinini və yaxın qohumlarını cinayət məsuliyyətindən qurtarmaq istəyən Kərim Soltanovsa bütün günahı uzaq qohumlarının – Gültəkin Əbilovanın övladları Təbrizlə Manyanın və Manyanın həyat yoldaşı İsanın üzərinə yıxıb”.

“Gültəkin Əbilovanın həbsi əslində elə müstəntiq Nihat Şıxəliyevin hazırlayıb həyata keçirdiyi plan üzrə baş verib”

Məsələ ondadır ki, İlqar Əlinin dayısı qızı Gültəkin Əbilovanın qızı Manya Kərim Soltanovun qaynının oğlu İsanın həyat yoldaşıdır. Adıçəkilən pul oğurluğundan sonra Gültəkin Əbilovanın adından bank vasitəsilə pul köçürülməsi əməliyyatı həyata keçirilib.

“Pul oğurluğu məsələsində Gültəkin Əbilovanın övladlarının və kürəkəninin adı hallandırıldığına görə müstəntiq Nihat Şıxəliyev adıçəkilən faktdan onların əleyhinə istifadə edib və oğurluq pulların qaytarmaq məqsədi ilə Gültəkin Əbilovanı qanunsuz olaraq həbs etdirib” – deyən İlqar Əlinin sözlərinə görə, müstəntiq ona bildirib ki, “əslində o qadınınn heç bir günahı yoxdur, əgər övladları və kürəkəni günahlarını etiraf edib oğurlanan pulu qaytarsalar, Gültəkin Əbilovanı azad edərəm”.

İlqar Əli iddia edir ki, Gültəkin Əbilovanın həbsi əslində elə müstəntiq Nihat Şıxəliyevin hazırlayıb həyata keçirdiyi plan üzrə baş verib: “Belə ki, müstəntiqin təkidi ilə Məhəmməd Soltanov Gültəkin Əbilovanın üzünə duraraq, onun əvvəlcədən bu oğurluqdan xəbəri olduğunu bildirib. Amma Gültəkin Əbilovanın vəkili müstəntiqin iştirakı ilə onu Məhəmməd Soltanovla üzləşdirəndə saxtakar yalan ifadə verdiyini rəsmi surətdə etiraf edib. Əslində bundan sonra Gültəkin Əbilova azad edilməli idi, amma Nihat Şıxəliyev buna imkan verməyib. Hakimə zəng vurub deyib ki, prokurorun bu məsələdən xəbəri var və o, Gültəkin Əbilovanın azadlığa buraxılmasına razı deyil. Bu səbəbdən Gültəkin Əbilova hələ də həbsdədir”.

İlqar Əli daha bir maraqlı məqama da toxundu. Məlum oldu ki, 5 ay axtarışda olan Məhəmməd Soltanov ötən ilin may ayında tapılanda atası Kərim Soltanov tərəfindən döyülüb və özünü bıçaqlayıb. Bunu həkim rəyi də təsdiqləyir:

“Məhəmməd Soltanov qumar borcları olduğu üçün pul oğurlamağa məcbur olduğunu etiraf edib. Bu işdə evin gəlini Zümrüdün əli olduğunu da deyib. Əslində bu gün həbsdə olan Məhəmmədlə birgə (Gültəkin Əbilovanın oğlu Təbriz, kürəkəni İsa, Kərim Soltanovun yaxın qohumları Yaşar və Asif də hazırda həbsdədir, Manyanı isə azyaşlı övladları olduğu üçün həbsdən azad ediblər) Zümrüd də həbs edilməliydi, amma hansısa səbəbdən məsuliyyətə cəlb olunmayıb. Hətta evdən qovulan gəlini bir müddət həmin evə qaytarıblar.

İlqar Əlinin dediyinə görə, ailə üzvlərinin qeyri-qanuni əməllərindən hali olan gəlin onları şantaj edərək həmin evə qayıda bilib: “Bu cinayətə heç bir aidiyyatı olmayan günahsız yaşlı qadınsa qazamatda əziyyət çəkir. Özü də birbaşa Nihat Şıxaliyevin sifarişi ilə.

Hərbi Məhkəmənin sədri Həbib Həsənov Gültəkin Əbilovanın doğmalarına deyib ki, mən də Gültəkin Əbilovanın günahsız olduğunu anlayıram (Gültəkin Əbilova Yevlaxda yaşayır, oğurluq hadisəsi isə Bərdədə baş verib). Amma Nihat Şıxəliyev mənə zəng vurub deyib ki, biz o qadının azadlığa buraxılmasına razı deyilik. Özünüz bilərsiniz, istəyirsiz, buraxın, istəmirsiz, buraxmayın. Həbib Həsənovsa Xanlar Vəliyevə qarşı çıxmaqdan çəkindiyini bildirib, onun tapşırığını yerinə yetirməyəcəyi təqdirdə işsiz qala biləcəyindən ehtiyat etdiyini söyləyib”.

Gültəkin Əbilovanın övladları ilə kürəkəninin sözügedən məsələyə aidiyyatına gəlincə isə İlqar Əli qeyd etdi ki, əslində onların pul oğurluğu ilə heç bir əlaqəsi yoxdur: “Sadəcə olaraq, 2017-ci ilin yayında Məhəmməd Soltanov hərbi xidmətdə olanda nəşə çəkən yerdə tutulur, atası bilməsi deyə, dayısı oğlu İsadan (Gültəkin Əbilovanın kürəkəni) borc pul istəyir, İsa da maşınını satır, xanımı Manyanın zinət əşyalarını lombarta qoyub pul götürür, amma tələb olunan məbləğ yığılmadığından Manya qardaşı Təbrizin bankdan götürdüyü 6 min manatı da həmin pula əlavə edib Məhəmmədə yollayır(cəmi 24 min manat).

Amma Məhəmməd Soltanov təkcə adıçəkilən qohumlarına borclu deyilmiş və borclarını qaytara bilmədiyi üçün atasından oğurluq etməyə məcbur olur. Evdən oğurluq edən gün Təbrizə zəng vurub deyir ki, gəl bizə, sənin borcunu qaytarım. Heç nədən xəbəri olmayan Təbriz gəlib oğurluğun üstünə çıxır və özü də bilmədən onun cinayət yoldaşı olur.

Əslində Məhəmməd Təbrizgilə borcunu qaytarıb. 5 aydan sonra bundan xəbər tutan Kərim Soltanov pulu qaytarmaq məqsədilə ikinci qrup əlilliyi olan Gültəkin Əbilovanı həbs etdirib. Dekabrın sonunda istintaq bitsə də, Nihat Şıxəliyev təcridxanaya zəng vurub deyib ki, Gültəkin Əbilova ilə görüşə qadağa qoyulub, onun yanına heç kəs buraxılmamalıdır. Doğmaları 3 gün onunla görüşə bilməyiblər”.

İlqar Əli bildirdi ki, dayısı qızını azadlığa buraxmaq üçün Nihat Şıxəliyev ondan 30 min pul istəyib, o isə maşınını satıb yalnız 10 min manat düzəldə biləcəyini söyləyib, amma müstəntiq bu məbləğə razılaşmayıb: “Axır məqamda iş məhkəməyə veriləndə Nihat Şıxəliyevin köməkçisi 10 minə razılaşdıqlarını bildirsə də, bu dəfə İlqar Əli razılaşmayıb, yalnız 5 min verə biləcəyini bildirib. Beləcə Gültəkin Əbilova azadlığa buraxılmayıb”.

Şərhlər

XƏBƏR LENTİ