yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Eldar Mahmudovun adamı ölkədən getdi - İLGİNC FAKTLAR

Eldar Mahmudovun adamı ölkədən getdi - İLGİNC FAKTLAR
22-06-2018, 09:12 246 dəfə baxılıb

Azərbaycanda “MTN işi” kimi tanınan istintaq və qalmaqallı məhkəmə prosesindən sonra bu işdə adı hallanlarla yanaşı kölgədə qalanların da olduğu deyilirdi. Kölgədə qalan bu şəxslərin əsasən keçmiş “MTN şefi” Eldar Mahmudovun yaxın ətrafının müxtəlif işlərdə istifadə etdiyi adamlar olduğuna dair informasiyalar yayılırdı. Cebhe.info-ya daxil olan məlumata görə, Eldar Mahmudovun adamı kimi tanınan və müxtəlif işlərdə istifadə edildiyi bildirilən Ramin Rzaquliyev artıq Azərbaycanı tərk edib. O, mühacir statusu almaq üçün Almaniyanın müvafiq qurumlarına müraciət edib.

“MTN şefi”nin “reket mətbuat” uzantısı

Məlumata görə, Ramin Rzaquliyev Azərbaycanda olduğu və “MTN işi” ortaya çıxana qədər dağ-mədən, tikinti işləri ilə məşğul olan şirkətdə fəaliyyət göstərib. Bir müddət ofisi hətta Bakının ən məşhur binalarında yerləşən MMC-nin əməkdaşı olan Ramin Rzaquliyevin əsas işi isə MTN-nin keçmiş rəhbərliyinin maraqlarına xidmət olub. Belə ki, onun çalışdığı şirkət geologi kəşfiyyat sahəsində ixtisaslaşıb və hətta Bakıdakı böyük tikinti şirkətlərilə əməkdaşlıq edib. Bu əməkdaşlıq əsasən tikinti aparılacaq sahələrin geoloji kəşfiyyat işlərinin aparılması sahəsində olub ki, bu zaman da ortaya çıxan nəticələr barədə tikinti şirkəti rəsmiləri məlumatlandırılıb. Lakin sonradan MTN rəhbərliyinin qurduğu biznes şəbəkəsi işə düşüb. Əgər tikinti aparılacaq sahələrdə qazıntı üçün problem yaradacaq hansısa vəziyyət aşkarlanıbsa, bundan ilk əvvəl məhz MTN rəhbərliyi xəbər tutub. Bu informasiya qurum rəhbərliyi ilə həmin tikinti şirkətlərinin sahiblər arasında bazarlıq mövzusu olub. Başqa sözlə desək, informasiyanı pula çevirən qrup məqsədinə nail olmaq üçün hətta “reket mətbuat”ın köməyindən də istifadə edib.

İş adamlarına qurulan tələ

Tələblərlə razılaşmayan iş adamları barədə məlumatlar mətbuata ötürülüb və bu əlaqələri təmin edən şəxslərdən biri kimi Ramin Rzaquluyevin adı çəkilib. Vəziyyəti belə görən iş adamları bəzi hallarda hətta şişirdilmiş informasiyaya görə də tələblərlə razılaşmalı olublar. Razılaşmayanlar barədə isə xüsusilə reket mətbuatda müxtəlif informasiyalar dərc edilib ki, burada da əsəsən binaların zəlzələyə davamsızlığı, tikinti zamanı materiallardan düzgün istifadə edilməməsi kimi insan həyatına birbaşa təhlükə yaradan məqamlar qabardılıb. Daha sonra bunun biznes fəaliyyətinə mənfi təsirini görən şirkət rəhbərləri razılaşmaya əməl etməyə məcbur ediliblər.

19 nəfərlik məşhur siyahı

Xatırladaq ki, 2015-cı il oktyabrın 17-də keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə nəticələnib. Eldar Mahmudov nazir kreslosunu itirib, mərkəz, idarə və şöbələrinin əksər əməkdaşları istintaqa cəlb olunaraq daha sonra məhkəməyə çıxarılıblar. Ardınca MTN-nin yerində Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılıb.

Həmin vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər barədə axtarış elan edilib, 1 şəxs isə ev dustaqlığına verilib. İş üzrə ilk həbs olunan Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə rəsmi məlumatlara görə, Bakı İstintaq Təcridxanasında intihar edib. İş üzrə həmin zaman həbs edilən MTN-çilərin siyahısı belə olub:

1. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov;
2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;
3. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev;
4. MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov; Monitorinq Mərkəzinin əməkdaşları
5. Fərhad Atayev,
6. Anar Şirəliyev,
7. Eşqin Əliyev,
8. Elşad Əzizov;
9. Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev;
10. İstintaq Baş İdarəsinin rəis müavini, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov;
11. MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov;
12. MTN polkovniki Mehman Abdullayev;
13. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Akif Əliyev;
14. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin baş əməliyyat müvəkkili Anar Hüseynov;
15. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsindəki idarələrdən birinin rəisi Səlim Məmmədov;
16. Həmin idarənin işçisi Orxan Osmanov;
17. Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Natiq Alıyev;
18. Əməliyyat-texniki idarənin şöbə rəisi Zaur Məmmədov;
19. MTN-in şöbələrindən birinin sabiq rəis müavini Azər Mehdiyev.
İş üzrə 130 epizod araşdırılıb. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Eldar Mahmudovun nazirliyi dövründə Baş İdarə rəisi olan general-mayor Tarverdi Məmmədov, Baş İdarə rəisi general-mayor Pərviz Səfərov, MTN-in Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev, nazirliyin Kadrlar İdarəsinin rəis müavini polkovnik Tehran Babatov, MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov, milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev, MTN-in Antiterror Mərkəzinin idarə rəisinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin əməkdaşı Aysel Əlizadə nazirliyin ləğvindən əvvəl vəzifələrini itiriblər.

İstintaq və məhkəmə…

2017-ci il oktyabrın 30-da Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, hökmə görə, Səlim Məmmədov 11 il, Orxan Osmanov və Akif Əliyevin hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ilin aprelində isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş idarə və idarə rəisləri olmuş general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natəvan Mirvətova, eləcə də həmin idarələrin digər zabitləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Aprelin 23-də Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.Sübahir Qurbanov və Füzuli Əliyevin hər biri 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov və Natiq Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevin hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Elşad Əzizov və Fərhad Atayevin hər biri 3 il sınaq müddəti təyin edilməklə şərti cəza alıb və onlar məhkəmə zalından azadlığa buraxılıblar. Barəsində həbs qətimkan tədbiri olmayan Natəvan Mirvətovaya da 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ