SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Deputat Tahir Rzayev: “Arif Rəhimzadə öz kimliyini etiraf edib” - QALMAQAL

Deputat Tahir Rzayev: “Arif Rəhimzadə öz kimliyini etiraf edib” - QALMAQAL

Tarix:

10-03-2017, 17:35

/ 2 013 dəfə oxundu.
Deputat Tahir Rzayev: “Arif Rəhimzadə öz kimliyini etiraf edib” - QALMAQAL

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin bir neçə gün öncə Rusiyanın KM.ru xəbər portalına verdiyi müsahibə hələ də müzakirə olunur. Qalmaqala səbəb olmuş müsahibədə deputatın “azərbaycanlılar türk deyil” fikrini işlətməsi Arif Rəhimzadəni qınaq obyetinə tuş edib.

Məsələyə Milli Məclisin üzvü Tahir Rzayev də münasibət bildirib. O, açıqlamasında bildirib ki, Arif Rəhimzadə Azərbaycan cəmiyyətinə tanış olan bir insandır.


“Mən elə bilirəm ki, onun mənim müdafiəmə ehtiyacı yoxdur, çünki o, ölkənin ağır günlərində ulu öndərimiz Heydər Əliyevə basqılar olanda, Azərbaycanı bölmək istəyən adamlara öz sözünü deyib, mövqeyini ortaya qoyub. Bununla da Arif müəllim öz müdafiəsini təmin edib. Onun ünvanına deyilən sözlər ki, var onların hamısı əsassızdır. Çünki Arif Rəhimzadə öz fikirləri ilə, milli dövlətçilik mövqeyi ilə, azərbaycançılıq mövqeyi ilə çıxış edərək fikrini əsaslandırıb.

Rusiyanın nümayəndə heyəti, eləcə də bir qrup rusiyalı deputat Bakıda tədbir keçiriblər. Həmin tədbirdə çıxış edən Arif Rəhimzadə, rusiyalı nümayəndələr bildirib ki, “Azərbaycanla Rusiya arasında münasibətlər çox yaxşıdır. Biz hər zaman Rusiyanı müdafiə edirik, istəyik ki, bu münasibətlər daha da yaxşılaşsın, amma Rusiya müəyyən məsələlərdə Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyir, ikili standartlarla çıxış edir. Rusiya tarixdə mövcud olmayan qondarma erməni soyqırımını tanıyır, amma nəyə görə Xocalı soyqırımını tanımır? Nəyə görə Rusiya 3 ölkənin vətəndaşı olan Lapşini müdafiə edir, ancaq Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu müdafiə etmir. Halbuki, o ermənilər tərəfindən girov götürülüb və çox ağır işgəncələrə məruz qalıb”.

Tədbir bitəndən sonra Arif Rəhimzadə bir çox fikirlər bildirib. Əlbəttə ki, rusiyalı siyasətçilər belə fikirləri qəbul etməzlər, onlar bu fikirlər qarşısında mat qalıblar.
Tədbirin sonra rus jurnalistlərdən biri Arif Rəhimzadəyə sual verib ki, “azərbaycanlılar türkdü?”, Arif Rəhimzadə də ona cavabında “biz türk köklü azərbaycanlıyıq. Azərbaycanın Konstitusiyası var, Azərbaycanın dili var, Azərbaycanın tarixi, dövlət quruluşu var, ona görə də mən azərbaycanlıyam” deyib.
Arif Rəhimzadənin bu fikrini təhrif edərək yazıblar ki, “Arif Rəhimzədə azərbaycanlıların türk olmadığını deyib”. Əslində Arif Rəhimzadə fikrini düzgün əsaslandırıb. Ona görə ki, Azərbaycan tarixi, dili, milli adət-ənənələri hamıya məlumdur. Bizim böyük tariximiz var. Biz türkdilli xalqlar qrupuna daxilik. Nə özbək, nə türkmən, nə qazax, nə qırğız, nə qaqauz öz dilini, tarixini inkar eləyir. Bunlar deyirlər biz ayrı dövlətik, onda belə çıxır ki, biz deyək Türk Respublikasıyıq?.. Axı biz Azərbaycan Respublikasıyıq. Bu fikri belə əsaslandıranlar, vaxtilə Azərbaycanda hərc-mərclik yaradanlar, özünü qəhrəman elan edənlər, Heydər Əliyevə sui-qəsd etmək istəyənlər yozurlar ki, Arif Rəhimzadə azərbaycanlıların türk olmadığını deyib.
Əslində o sual düzgün qoyulmayıb, “azərbaycanlılar türkdür?” sualı düzgün deyil. Sual “azərbaycanlılar hansı kökdəndir?” ola bilərdi.
İndi özünü siyasətçi, millətçi adlandıran adamlar Arif Rəhimzadəyə qarşı mübarizəyə keçiblər ki, üzr istəməlidir, məhkəməyə verilmədir və s. Arif Rəhimzadə ölkənin ən pis vaxtlarında sözünü deyib, özü də çox ciddi reaksiyalara məruz qalaraq deyib, dözümlülük göstərib. Çox təəssüf edirəm bəzi deputat həmkarlarımız da kimlərinsə səsinə səs verir, onlarla həmfikir olurlar ki, Arif Rəhimzadə səhv edib.
Arif Rəhimzadə heç bir səhv etməyib. Arif Rəhimzadə azərbaycançılıq mövqeyindən çıxış edib. Ulu öndər Heydər Əliyev “Biz bir millət, iki dövlətik” deyərək türk xalqına müraciət edib. Ulu öndər həm də “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” deyib. Bizim ideologiyamız azərbaycanlıçıq ideologiyasıdır, ancaq biz türkdilli xalqları özümüzə qardaş bilirik, bir kökdənik, amma ayrı-ayrı budaqlarıq. Biz dilimizi, tariximizi, inkar etsək, Qərb dövlətləri də Azərbaycanın etnik qrup olduğu düşüncəsinə gələcəklər. Azərbaycanın tarixini inkar etmək qeyri-mümkündür. Ona görə də mən Arif Rəhimzadənin fikirlərini dəstəkləyirəm. Arif Rəhimzadə sonradan verdiyi müsahibələrdə də deyir ki, onun kökü türkdür, Azərbaycan vətəndaşıdır, özümüzün Konstitusiyamız, dövlətimiz, müstəqilliyimiz, dilimiz var, milli adət-ənənələrimiz var. Bu məsələni şişirtməyə ehtiyac yoxdur.
Arif Rəhimzadə rus siyasətçilərinə ikili standartları aradan qaldırmağı təklif edib, Xocalı soyqırımını tanımağa çağırıb, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirliyindən azad olunması üçün çıxış edib. Bütün bunları demək əvəzinə, rus jurnalistin təhrif etdiyi cümlənin əsasında böyük bir şou yaratmağa başlayıblar. Bu nə vətəndaş adına, nə azərbaycanlı adına sığır. Biz dünya azərbaycanlılarını bir araya toplamaq istəyirik. Arif müəllim öz kimliyini etiraf edib, burada heç bir qəbahət yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ