SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Sırada hansı dövlət qurumudur? - Stuktur islahatları davam edir

Sırada hansı dövlət qurumudur? - Stuktur islahatları davam edir

Tarix:

17-01-2019, 11:02

/ 1 240 dəfə oxundu.
Sırada hansı dövlət qurumudur? - Stuktur islahatları davam edir

Prezident İlham Əliyev yanvarın 14-də ölkədə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, 3 dövlət qurumu ləğv edilib: bunlar Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir.

Ölkə başçısının imzaladığı digər fərmanla isə Müdafiə Sənayesi Nazirliyi ləğv olunub və onun əsasında “Azərsilah” ASC yaradılıb.

Struktur islahatları cəmiyyətdə müsbət qarşılanıb. Ekspertlərə görə, ötən gün verilən fərmanı müsbətə doğru addımların başlanğıcı saymaq olar, amma bunun davamı gəlməlidir. Bu gün Azərbaycanda 17 nazirlik, 8 komitə, 7 dövlət xidməti fəaliyyət göstərir. Bundan başqa, palatalar var. Bəzi qurumlarda 11 müavin ştatı mövcuddur. Azərbaycanda bir-birini təkrarlayan qurumların sayı çoxdur. Ekspertlər hesab edirlər ki, bu vəziyyətin dəyişməsi üçün daha bir neçə nazirliyin və komitənin birləşdirilməsinə ehtiyac var.

Məsələn, siyasi ekspert Şahin Cəfərli bildirib ki, çevik, mobil, dinamik hökumətə çoxdan ehtiyac duyulur: “Başlanan ləğvetmə və ixtisarlarda məqsəd budursa, deməli, doğru yoldadırlar və bu prosesin məntiqi sonluğu olaraq Nazirlər Kabineti kimi arabanın 5-ci təkəri rolunu oynayan amorf struktur da ləğv edilməlidir. Prezident üsul-idarəsində belə bir quruma ehtiyac yoxdur”.
Deputatlar isə hesab edir ki, struktur islahatları prosesi davam edəcək. Deputat Fəzail Ağamalı bildirdi ki, struktur islahatlarının davamlı olacağı və sistemli xarakter daşıyacağını düşünür: “Artıq bir neçə qurum, adı olan, lakin fəaliyyəti görünməyən, dövlətçiliyə bu və ya digər şəkildə xidmət göstərə bilməyən strukturlar ləğv edildi. Bir sıra lokal şəkildə fəaliyyət göstərən qurumların daxilindəki strukturlar birləşdirildi. Azərbaycanda əldə edilən uğurların ən başlıca səbəblərindən biri ölkə başçısı tərəfindən idarəçilik sistemində mükəmməlliyin təmin edilməsidir. Bu günə qədər dünyada gedən proseslərin məntiqindən doğan çağırışların mahiyyətinə uyğun olaraq Azərbaycanı davamlı inkişaf ölkəsinə çevirmək kimi böyük layihələrin reallaşmasının ən vacib şərtlərindən biri kimi ölkə başçısının idarəçilik sisteminin əsas xətti olub. Proses davam edir və bundan sonra da edəcək”.

YAP-çı deputat Aydın Mirzəzadə isə modern.az-a açıqlamasında bildirib ki, struktur islahatları çox mühüm əhəmiyyət daşıyır: “Müdafiə Sənayesi Nazirliyinin ”Azərsilah" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi dövlətin birbaşa istehsalda iştirakdan geri çəkildiyini göstərdi. Bir qayda olaraq hüquqi demokratik dövlətlər iqtisadiyyatı tənzimləyir, özləri birbaşa istehsalda iştirak etmirlər. Bu baxımdan Müdafiə Sənayesi Nazirliyinin sahəsinin hökumətdən ayrılaraq ayrıca bir səhmdar cəmiyyətə çevrilməsi çox düzgün addım idi. Şirkət formasında fəaliyyət göstərən bu sahə özünün maliyyələşmə sisteminə keçəcək, eyni zamanda bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq bundan sonra daha sərbəst və çevik fəaliyyət göstərə biləcək. Digər tərəfdən, bu gün hökumət yanında fəaliyyət göstərən bir sıra qurumların ləğv edilməsi günün aktual məsələlərindən biri idi. Müəyyən katibliklərin və ya qurumların ictimai əsaslarla fəaliyyət göstərməsi dövlət büdcəsinə qənaət etməyə və yaxud müəyyən zamandan-zamana fəaliyyət göstərməsinə görə ayrıca bir ştat saxlamasına ehtiyac olmadığını göstərdi. Struktur islahatları ilə bağlı atılan addımlar bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var. Bu siyasət prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da davam etdiriləcək".

YAP-çı deputat Hikmət Məmmədov da bildirib ki, bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzuedilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğvi, birləşdirilməsi, ya da daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxmışdı: “Prezident İlham Əliyevin fərmanı ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsini təmin edəcək. Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı, onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq. Çünki hazırda malik olduğumuz siyasi-iqtisadi sistemin modernist səciyyəsi daim yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabətqabiliyyətliliyini artırır. Gələcəkdə mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ