yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Çovdarov taktikanı dəyişdi: - “Susmaq qızıldır...”

Çovdarov taktikanı dəyişdi: - “Susmaq qızıldır...”
24-02-2017, 09:14 376 dəfə baxılıb

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən MTN əməkdaşları - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə proses davam etdirilir.

Ötən aylar ərzində iş üzrə əsas təqsirləndirilən A.Çovdarov ittiham tərəfi ilə çəkişməsi, şahid və zərərçəkənlərin söylədiklərini yalana çıxarmağa cəhd etməsi ilə yaddaşlarda qalıb, səs-küylü açıqlamalar verməklə günlərlə mətbuatın gündəmindən düşməyib. 2016-cı il sentyabrın 20-də iş üzrə keçirilən məhkəməyə hazırlıq iclasından başlayaraq A.Çovdarov daima danışıb, onu ittiham edənləri ittiham edib. Son 2-3 məhkəmə prosesində isə Akif Çovdarov susqunluq nümayiş etdirir. Ümumiyyətlə, danışmır, səsini belə çıxarmır.
Akif Çovdarovu birdən-birə belə susmağa məcbur edən, görəsən, nədir? Öldürüləcəyindən qorxur, yoxsa bu, müdafiə taktikasıdır?
A.Çovdarov susqunluq nümayiş etdirməyə başladıqdan əvvəlki prosesdə, daha dəqiq desək, fevralın 15-də keçirilən məhkəməsində ölüm növbəsinin ona çatdığını açıqlamışdı. Məhkəmədə elə belə də demişdi: “Növbədə mənəm”. O, prosesdə ləğv edilmiş MTN-in Əks-Kəşfiyyat Şöbəsinin rəisi olmuş polkovnik Mirəziz Əsgərov fevralın 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında insult keçirdiyini açıqlamışdı. Çoxsaylı cinayət əməllərində ittiham edilən M.Əsgərovun dərhal Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparıldığını hakimin diqqətinə çatdırmış, M.Əsgərovun üzləşdiyi hadisəni həm də özünə xəbərdarlıq kimi qiymətləndirdiyini demişdi.

Bildirmişdi ki, insult keçirən polkovnik xəstəliyi ilə bağlı dəfələrlə müraciətlər edib. Amma onun müraciətləri cavabsız qalıb. “Mirəziz Əsgərov dəfələrlə müayinə və müalicə tələb edirdi. Amma ona heç bir ixtisaslı həkim-kardioloq tərəfindən yardım göstərilmədi. Məndə də bu xəstəliklər var. Birinci İlqar getdi, indi də Mirəziz belə oldu. Növbədə mənəm” deyə, Akif Çovdarov bildirmişdi.

Mirəziz Əsgərovun səhhətinin təcridxanada pisləşdiyini, ürək xəstəliyinə tutulduğunu vurğulayan A.Çovdarov özünün də durumunun ağır olduğunu, amma müayinə və müalicəsinə imkan yaradılmadığını, müraciətlərinə isə cavab verilmədiyini deyib: “İnsan nə qədər yazar ki, müayinə edin?! Hər yerə yazmışıq. Hakim deyir mənlik deyil, idarə deyir mənlik deyil. Bəs kimlikdir?”

Yada salaq ki, A.Çovdarov bundan əvvəl də özünün və keçmiş iş yoldaşlarının həyatının təhlükədə olması ilə bağlı müraciətlər yayıb. Belə müraciətlərdən birində MTN-in Antiterror Mərkəzinin rəisi İlqar Əliyevin ölümü haqda fikirlərini vəkili vasitəsilə ictimaiyyətə çatdırıb. 2015-ci ilin dekabrında BİT-dəki kamerasında asılmış vəziyyətdə aşkarlanan İ.Əliyevin ölümü bu günə qədər müəmmalı olaraq qalmaqdadır. A.Çovdarov vəkili Kamandar Nəsibovun vasitəsilə mətbuata çatdırıb ki, i.Əliyev döyülərək öldürülüb və sonradan asılıb.

“Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər” deyə, vəkil bildirmişdi.

A.Çovdarovun polkovnik Mirəziz Əsgərovun insult keçirməsindən sonra susqunluq nümayiş etdirməsini onun susdurulması kimi qiymətləndirənlər də az deyil. Məsələ ilə bağlı A.Çovdarovun vəkilləri də hər hansı bir açıqlama vermək istəmirlər.

Qeyd edək ki, Akif Çovdarov və digər 3 şəxs Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ